Azərbaycanlı qaçqınların Göyçə, Qafan, Sisian və digər tarixi yaşayış məntəqələrinə qayıdışı məsələsi Azərbaycanla Ermənistan arasında ayrıca siyasi-hüquqi razılaşma əsasında həll oluna bilər.
Bunu politoloq Züriyyə Qarayeva KONKRET.az-a açıqlamasında deyib.

Politoloqun sözlərinə görə, qayıdış prosesinin ilk mərhələsində deportasiya olunmuş şəxslər və onların ailə üzvləri qeydiyyata alınmalı, keçmiş yaşayış və mülkiyyət sənədləri araşdırılmalı, doğma yurdlarına qayıtmaq istəyən şəxslərin könüllü müraciətləri toplanmalıdır.
“İlk mərhələdə deportasiya olunmuş şəxslər və onların ailə üzvləri qeydiyyata alınmalı, keçmiş yaşayış və mülkiyyət sənədləri araşdırılmalı, qayıtmaq istəyənlərin könüllü müraciətləri toplanmalıdır. Ardınca onların Ermənistandakı hüquqi statusu, sərbəst hərəkəti, təhlükəsizliyi və ayrı-seçkilikdən müdafiəsi barədə konkret təminatlar müəyyənləşdirilməlidir. Qayıdışın könüllü, təhlükəsiz və ləyaqətli olması Qayıdış Konsepsiyasının da əsas prinsiplərindəndir”, – deyə o bildirib.
Züriyyə Qarayeva vurğulayıb ki, praktiki mərhələdə prosesə kiçik pilot qruplarla başlanılması, təhlükəsizlik şəraitinin beynəlxalq müşahidəçilərin və mümkün olduğu halda BMT strukturlarının iştirakı ilə yoxlanılması mümkündür.
Onun sözlərinə görə, qayıdışın reallaşdırılması üçün əmlak məsələləri də hüquqi mexanizmlərlə tənzimlənməlidir.
“Dağıdılmış və ya başqasına verilmiş evlərlə bağlı əmlakın geri qaytarılması, mümkün olmadıqda isə kompensasiya ödənilməsi mexanizmi yaradılmalıdır. Məktəb, dini və mədəni hüquqlar, Azərbaycan dilindən istifadə və yerli sosial həyata təhlükəsiz inteqrasiya da razılaşmanın tərkib hissəsi olmalıdır”, – politoloq qeyd edib.
O əlavə edib ki, bu qayıdış Ermənistanın ərazi bütövlüyünün dəyişdirilməsi kimi deyil, insanların öz doğma yaşayış yerlərinə fərdi və kollektiv hüquqlarının təmin olunması prinsipi əsasında həyata keçirilməlidir.
“Bu qayıdış Ermənistanın ərazi bütövlüyünün dəyişdirilməsi deyil, insanların öz doğma yaşayış yerlərinə fərdi və kollektiv hüquqlarının təmin olunması kimi həyata keçirilməlidir; hazırda isə bunun üçün qarşılıqlı razılaşdırılmış operativ yol xəritəsi mövcud deyil”, – deyə Züriyyə Qarayeva bildirib.
Aynurə İsmayıl
KONKRET.az
