Günəş və külək enerjisini saxlamaq mümkün olacaq: Çin qeyri-adi texnologiya ilə diqqət çəkdibackend

Günəş və külək enerjisini saxlamaq mümkün olacaq: Çin qeyri-adi texnologiya ilə diqqət çəkdi

Külək və günəş enerjisinin mövcud olduğu, lakin istehlakçıların ehtiyac duyduğu anda elektrik enerjisinin çatışmadığı vəziyyətlə üzləşənlər üçün bu, kifayət qədər ciddi problemdir. Üstəlik, onun hələ də ideal həlli tapılmayıb.

Külək və günəş elektrik stansiyaları enerjini insanların ehtiyac duyduğu vaxtda deyil, təbiətin imkan verdiyi zaman istehsal edir. Məsələn, günorta saatlarında günəş enerjisi bol olur, lakin axşam istehlakın kəskin artdığı vaxtda günəş artıq enerji istehsal etmir. Küləyin də nə vaxt əsəcəyini əvvəlcədən dəqiq müəyyənləşdirmək mümkün deyil.

Deməli, istehsal olunan artıq enerjini saxlamaq və ehtiyac yarandıqda yenidən elektrik enerjisinə çevirmək lazımdır.

Litium-ion batareyalar bir neçə saatlıq enerji ehtiyatının yaradılması üçün əlverişlidir. Lakin enerjinin günlərlə, hətta həftələrlə saxlanması məsələsində onların qiyməti və miqyaslandırma imkanları ciddi məhdudiyyətlər yaradır. Bu, kiçik texniki problem deyil. Əksinə, bərpa olunan enerji mənbələrinin geniş tətbiqi ilə etibarlı enerji sisteminin qurulması arasında dayanan əsas maneələrdən biridir.

**Bəs həll yolu nədir?**

Əsas problem böyük həcmdə elektrik enerjisini uzun müddət və sərfəli şəkildə saxlamaqdır. Batareyalar bu məsələdə hər zaman effektiv deyil, təbii yeraltı anbarlar isə bütün ərazilərdə mövcud deyil.

Çində isə fərqli texnologiyaya üstünlük verilib: süxurların daxilində süni mağaralar yaradılıb, həmin boşluqlara yüksək təzyiqlə hava vurulub. Ehtiyac yarandıqda sıxılmış hava buraxılır və onun enerjisi yenidən elektrik enerjisinə çevrilir.

Noyabrın 16-da Çinin Qansu əyalətində «Yuanchu No. 1» enerji saxlama kompleksi elektrik şəbəkəsinə qoşulub. Layihə süni yeraltı boşluqlarda sıxılmış havadan istifadə etməklə elektrik enerjisinin saxlanmasını nəzərdə tutur.

Məlumatlara görə, stansiyanın gücü 300 meqavat, enerji saxlama tutumu isə 1800 meqavat-saatdır. Yer səthindən 110 metr dərinlikdə, möhkəm süxurların daxilində ümumi həcmi təxminən 200 min kubmetr olan dörd əlaqəli mağara yaradılıb. Bu boşluqlar 18 meqapaskal təzyiqə hesablanıb və daxildən polad təbəqələrlə möhkəmləndirilib.

Sistemin enerji ilə doldurulması təxminən 8 saat, elektrik enerjisinin yenidən şəbəkəyə ötürülməsi isə 6 saat çəkir. Layihəyə yatırılan investisiyanın təxminən 2,5 milyard yuan (368 milyon dollar) olduğu bildirilir. Tam enerji dövrü üzrə faydalı iş əmsalının isə 72 faiz təşkil etdiyi açıqlanıb.

Bu texnologiyanın əsas üstünlüyü ondan ibarətdir ki, elektrik enerjisi artıq istehsal olunduğu vaxtda sıxılmış hava şəklində saxlanılır, istehlakın artdığı və enerji çatışmazlığının yarandığı saatlarda isə yenidən elektrik enerjisinə çevrilir.

Beləliklə, külək və günəş enerjisinin istehsalındakı fasilələr müəyyən qədər kompensasiya olunur. Bu yanaşma bərpa olunan enerji mənbələrinin enerji sistemindəki payını artırmaq üçün yeni imkanlar yarada bilər.

Layihənin texniki göstəriciləri və iqtisadi səmərəliliyi isə onun geniş miqyasda tətbiqinin nə dərəcədə perspektivli olduğunu müəyyənləşdirəcək.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*