Rusiya hakimiyyəti 2024-cü ildə yenidən yaradılmış Leninqrad Hərbi Dairəsi çərçivəsində NATO ilə sərhəddə hərbi mövcudluğunu genişləndirməyə davam edir. Qərb kəşfiyyatının məlumatına görə, bu dairənin qüvvələrindən alyansa qarşı mübarizədə istifadə oluna bilər.
KONKRET.az axaraz-a istinadən xəbər verir ki, bu barədə “Yle” telekanalı peyk görüntülərinə istinadla məlumat yayıb.
“Rusiyanın Finlandiya ilə sərhəddəki ən böyük hərbi qarnizonunda genişmiqyaslı modernləşdirmə işləri aparılır. Nəticədə burada xidmət edən hərbçilərin sayının 11 min nəfərədək çatdırılması nəzərdə tutulur. Leninqrad vilayətinin Vıborq rayonunun Kamenka kəndində sovet dövründən mövcud olan hərbi şəhərcik bərpa edilir. Burada 69-cu qvardiya motoatıcı diviziyası yerləşir.
Finlandiya sərhədindən 60 kilometr məsafədə yerləşən Kamenka son bir-iki il ərzində Rusiya ordusunun bərpa etdiyi ən azı yeddinci sərhədyanı hərbi obyekt olub”, – məlumatda bildirilib.
Hərbi ekspert Marko Eklund kanala deyib ki, kosmosdan çəkilmiş fotolarda hərbi inşaatçıların köhnəlmiş kazarmaları və hərbi texnika üçün nəzərdə tutulmuş anqarları sökərək onları daha geniş tutumlu yeni tikililərlə əvəz etdiyi görünür:
“Əvvəllər Kamenkada 4 500 əsgər və zabitdən ibarət briqada yerləşirdi. Lakin Ukraynada müharibə başlayandan sonra burada diviziya yerləşdirilib və hərbi qulluqçuların sayının 2,5 dəfə artırılması planlaşdırılır. Fotolardan görünür ki, hərbçilər döyüş hazırlığı mərkəzi və atış poliqonu inşa edirlər”.
Qeyd olunub ki, hərbçilərin və onların ailə üzvlərinin məskunlaşması üçün yeni kazarmalar və yaşayış binaları da tikilir:
“Ümumilikdə, yenidənqurma işləri 22 yaşayış binasını və 1,6 min mənzili əhatə edib. Hazırda Kamenka qarnizonunda təxminən 8 min nəfər yaşayır”.
Xatırladaq ki, Rusiya ordusu Finlandiya ilə sərhəddə yerləşən digər hərbi bazaları da bərpa etməyə başlayıb. Həmin bazaların əksəriyyəti SSRİ-nin dağılmasından sonra fəaliyyət göstərməyib və ya tam gücü ilə istifadə olunmayıb. Bu bazalara Kareliyada yerləşən Petrozavodskdakı “Rıbka” və “Novaya Vilqa” qarnizonları, Murmansk vilayətindəki Alakurtti, Lupçe-Savino və Peçenqa, eləcə də Leninqrad vilayətindəki qonşu Kamenka və Kirillovskoye qarnizonları daxildir.
