“Hansısa şirkətə təzyiq vasitəsi kimi dinc boykot yaxşı üsuldur, lakin…” – AÇIQLAMAbackend

"Hansısa şirkətə təzyiq vasitəsi kimi dinc boykot yaxşı üsuldur, lakin..." - AÇIQLAMA

“Son günlər Azərbaycanda bəzi şirkətlərin fəaliyyəti ilə bağlı geniş müzakirə müsbət hal olsa da, proseslərin sonrakı gedişatı qaneedici deyil”.

Ermənistan dövlətinə dəstək olan xarici şirkətlərin boykot edilməsi ilə bağlı KONKRET.az-a fikirlərini bölüşən Bəhruz Məhərrəmov bildirib ki, xalqın cəbhəyə kökləndiyi bir vaxtda cəmiyyətin fikirlərini başqa istiqamətdə yayındırmaq, sosial şəbəkədəki ermənilərlə informasiya mübarizəmizin axınını hansısa şirkətə kökləmək bizi informasiya müharibəsində zəif salır, qüvvələrimizi bölür: “Hesab edirəm ki, məsələlərə hiss-həyacanla yox, ayıq başla yanaşmalıyıq. Erməni ordusuna ianə edən, yaxud işğalçıya mənəvi dəstək ifadə edən şirkətlərin Azərbaycan daxilində heç nə olmamış kimi fəaliyyəti əlbəttə arzuolunan deyil.

Lakin bu, vətəndaş yox, dövlət səviyyəsində həll ediləsi məsələlərdir. Dövlətin nəzarət mexanizmləri və təsir imkanları var, bu imkanlardan istifadə edib həmin şirkətlərlə iş aparılmalıdır. Biz hansısa markanı ölkədə qadağa etməklə həmin markanın dünyadakı nüfuzuna zərbə vurmayacağıq, əksinə, bütün dünyada kök salmış şirkətlər sosial şəbəkədəki 2-3 paylaşımı ilə informasiya mühitində bizim əleyhimizə işləyən situasiya yarada bilərlər. İndiki məqamda isə bu, bizə lazım deyil.  Ona görə də hesab edirəm ki, danışıqlar yolu ilə həmin şirkətlərin rəsmən üzrxahlıq etmələrinə,  habelə kompensasiyaedici tədbirlər görmələrinə nail olmaq, habelə onların sosial media imkanları başda olmaqla təbliğat maşınlarından yararlanmaq olar”.

Deputat qeyd edib ki, bu proseslərdə xüsusi ehtiyatlı olmalıyıq, elə etməliyik ki, Azərbaycan gələcək investisiyalar üçün “qorxulu məkan” kimi təqdim edilməsin: “Düşmənin oyununa gəlməməliyik. Bilirsiniz, qovmaq həmişə mümkündür, Azərbaycan suveren dövlətdir, ərazisini kim üçün açıq, kim üçün qapalı etmək dövlətimizin suveren hüququdur. Bu hüququ kimsə bizdən ala bilməz.

Əgər görsək ki, narahatlığımızdan sonra hər hansı şirkət məlumatsızlıqdan, yaxud bilərəkdən ədalətsiz fəaliyyətini davam etdirir, təbii ki, onları da Azərbaycandan ermənini qovduğumuz kimi qovmaq problem deyil.  Burada bir məqamı da fərqləndirməliyik. Əgər bu şirkətlərdən hər hansı biri Azərbaycanın işğal altındakı bölgələrində fəaliyyət göstəribsə, separatçı rejimə vergi ödəyibsə, yaxud orada fəaliyyət göstərməsə də belə, separatçı rejimə ianə veribsə, bu artıq fərqli müstəvidir. Bu, Azərbaycanın iqtisadi məkanına təcavüzdür, qanunsuz iqtisadi fəaliyyət,  terrorçuluğun maliyyələşdirilməsi və s. kimi cinayət qanunvericiliyində nəzərdə tutulan bir neçə əməlin tərkiblərinin yaradılmasıdır.

Azərbaycan dövləti isə, əlbəttə, cinayətkarla danışıq aparmır, cinayətkarlar məhkum olunur. İndiki halda isə həmin şirkətlərlə bağlı beynəlxalq miqyasda tədbirlər görülə bilər, onların fəaliyyəti nəticəsində əldən çıxmış gəlirlər başda olmaqla vurulan zərər tələb edilə bilər. O ki, qaldı vətəndaşlarımızın fəaliyyətinə, əlbəttə, milli birlik ruhu vacibdir, insanımız bu proseslərdə dövlət orqanları ilə həmrəylik nümayiş etdirməli, dövlətin qərarını gözləməlidir. Əlbəttə, hansısa şirkətə təzyiq vasitəsi kimi dinc boykot yaxşı üsuldur, lakin hər hansı məhsulu boykot edən, yaxud etməyənlər arasında nifaq yaradılması, kimisə vətən xaini kimi damğalanması yolverilməzidir. Unutmayaq ki, düşmənin də əsas məqsədi bu gün mövcud olan milli birliyimizə kölgə salmaqdır”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*