Dərslik bəs etmir? – Məktəblərdə əlavə kitab və iş dəftərləri ilə bağlı narazılıq artırbackend

Dərslik bəs etmir? - Məktəblərdə əlavə kitab və iş dəftərləri ilə bağlı narazılıq artır

“Dövlət ümumtəhsil məktəblərini müvafiq dərsliklərlə təmin edir. Bu dərsliklər öz sahələri üzrə mütəxəssislər tərəfindən hazırlanır və şagirdlərin yaş xüsusiyyətləri, tədris proqramları, ayrılmış dərs saatları və təlim yükü nəzərə alınır. Yəni dövlət tərəfindən müəyyən edilmiş əsas tədris resursu mövcuddur və tədris prosesinin əsasını məhz bu resurslar təşkil etməlidir.

Əlbəttə, müəyyən hallarda sinfin səviyyəsini, şagirdlərin hazırlıq vəziyyətini və konkret təlim ehtiyaclarını nəzərə alaraq əlavə vəsaitlərdən istifadə metodiki baxımdan faydalı ola bilər. Amma burada əsas prinsip “əlavə” sözünün öz mənasını qorumasıdır. Əlavə vəsait əsas dərsliyə alternativ və ya onun əvəzedicisi olmamalı, daha da vacibi, valideyn üçün faktiki məcburi alışa çevrilməməlidir”.

Bu sözləri təhsil eksperti Turan Hüseynov KONKRET.az-a açıqlamasında bildirib.

“Digər tərəfdən, dövlət məktəblərində istifadə olunan dərsliklərin mütəxəssislər tərəfindən hazırlanmasına baxmayaraq, həmin dərsliklərlə bağlı da cəmiyyətdə müəyyən iradlar səsləndirilir. Müəllim və valideynlər arasında dərsliklərdəki bəzi materialların uşaqlar üçün çətin və ağır olması ilə bağlı fikirlərə rast gəlinir. Belə iddiaların mövcud olduğu bir şəraitdə şagirdlərin üzərinə əlavə dərsliklər, iş dəftərləri və müxtəlif vəsaitlər vasitəsilə daha böyük tədris yükünün qoyulması uşaqlar üçün vəziyyəti daha da yorucu edə bilər. Ona görə də əlavə vəsaitlərin tətbiqinə ehtiyatlı və ölçülü yanaşmaq lazımdır.

Son dövrlərdə valideynlərdən bu istiqamətdə şikayətlərin artması göstərir ki, müəyyən hallarda şagirdlərin tədris yükü artıq həddə çatır. Bir şagirdin eyni fənn üzrə dərslikdən əlavə bir neçə iş dəftəri və müxtəlif vəsaitlərlə təmin olunması həm ailənin maliyyə yükünü artırır, həm də uşağın fiziki və psixoloji rahatlığına təsir göstərə bilər. Xüsusilə ibtidai və orta məktəb yaşında uşaqların çantalarının həddindən artıq ağırlaşması da ayrıca diqqət tələb edən məsələdir.

Digər mühüm problem isə bəzi hallarda bir fənnin digər fənnin hesabına keçirilməsi ilə bağlı valideyn şikayətləridir. Məsələn, rəsm, musiqi, fiziki tərbiyə kimi fənlərin əvəzinə riyaziyyat, Azərbaycan dili və ya digər fənlərin tədrisinə üstünlük verilməsi yolverilməz yanaşmadır. Ümumtəhsil yalnız yüksək bal toplamaq üçün müəyyən fənlərin mənimsədilməsi demək deyil”.

Ekspert qeyd edir ki, uşağın yaradıcılıq, fiziki, estetik və sosial inkişafı da təhsilin ayrılmaz hissəsidir.

“Burada valideynlərin də məsuliyyəti var. Valideyn məktəbdən ona təqdim edilən hər əlavə vəsaiti almağı avtomatik olaraq qəbul etməməlidir. Əgər “məcburi deyil” deyilən bir vəsait faktiki olaraq məcburi tələb kimi təqdim olunursa, valideyn bununla bağlı ilk növbədə məktəb rəhbərliyinə müraciət etməli və məsələ ilə bağlı aydın izahat tələb etməlidir. Əgər valideyn məktəb rəhbərliyindən nəticə əldə edə bilmirsə, öz şikayətini Elm və Təhsil Nazirliyinə yönləndirməlidir.

Hətta bəzi hallarda valideynlərin özlərinin “rəsm və ya musiqinin əvəzinə riyaziyyat keçirilsin” kimi tələblərlə çıxış etməsi də düzgün deyil. Digər valideynlər belə hallarda ümumi təhsil proqramının balansının qorunmasını tələb etməlidirlər. Müəllimlər isə hər bir fənnin uşağın inkişafında hansı rolu oynadığını həm valideynlərə, həm də şagirdlərə izah etməlidirlər.

Mən hesab edirəm ki, əlavə vəsaitlərin istifadəsində rəqəmsal resurslardan daha geniş yararlanmaq da mühüm çıxış yollarından biridir. Müəllimlər əlavə tapşırıqları, oxu materiallarını, testləri, videoları və digər faydalı resursları rəqəmsal formada şagirdlərlə paylaşa bilərlər. Bunun üçün e-mail, məktəbin və ya müəllimin istifadə etdiyi onlayn platformalar və digər rəqəmsal vasitələrdən yararlanmaq mümkündür. Belə yanaşma həm valideynlərin əlavə vəsaitlərə çəkdiyi xərcləri əhəmiyyətli dərəcədə azalda, həm də uşaqların çantalarının əlavə yükdən qorunmasına kömək edə bilər.

Üstəlik, rəqəmsal resursların üstünlüyü yalnız maliyyə qənaəti ilə məhdudlaşmır. Şagirdlər belə resurslar vasitəsilə dünya üzrə mövcud olan müxtəlif təhsil materiallarına çıxış əldə edə bilərlər. Bu da onların gələcəkdə beynəlxalq olimpiadalara, müxtəlif beynəlxalq imtahanlara və digər akademik imkanlara daha yaxşı hazırlaşmasına zəmin yarada bilər. Yəni əlavə resursdan istifadə etmək istəyiriksə, bunu mütləq əlavə kitab və iş dəftərinin alınması formasında təsəvvür etməməliyik”.

T.Hüseynovun sözlərinə görə, nəzarət mexanizminə gəldikdə isə, ilk növbədə bu məsuliyyət məktəb rəhbərliyinin üzərinə düşür.

“ Direktor və direktor müavinləri məktəbdə hansı əlavə vəsaitlərdən istifadə olunduğunu, onların hansı əsasla tövsiyə edildiyini və valideynlərə faktiki məcburiyyət yaradılıb-yaradılmadığını nəzarətdə saxlamalıdırlar. Məktəb psixoloqları da bu prosesdə aktiv fəaliyyətə cəlb edilməli, valideyn, müəllim və şagirdlərlə maarifləndirici iş apararaq həddindən artıq tədris yükünün mümkün nəticələri barədə məlumat verməlidir.

Eyni zamanda, bu məsələdə kommersiya maraqlarının tədris prosesinə təsir etməsinə yol verilməməlidir. Əlavə iş dəftərlərinin və digər vəsaitlərin hazırlanması və satışında müəyyən nəşriyyatların kommersiya marağının olması mümkündür. Lakin hər hansı kommersiya marağı ailələrin üzərinə əlavə maliyyə yükünün qoyulmasına və şagirdlərin ehtiyacdan artıq vəsaitlərlə yüklənməsinə səbəb olmamalıdır. Tədris vəsaitinin seçilməsində əsas meyar onun kommersiya dəyəri deyil, uşağın təhsil ehtiyacına real faydası olmalıdır.

Uşağın yaş xüsusiyyətlərinə uyğun olmayan həcmdə materialla yüklənməsi nə təhsilin keyfiyyətinə, nə də uşağın hərtərəfli inkişafına xidmət edir. Əlavə vəsaitlərin istifadəsi uşağın əsas dərsliklə mənimsəməli olduğu materialı daha da mürəkkəbləşdirən və onun vaxtını tamamilə dərsə yönəldən vasitəyə çevrilməməlidir.

Nəticə etibarilə, məqsəd əlavə vəsaitlərin hamısını qadağan etmək deyil. Məqsəd onların həqiqətən ehtiyac olduqda, ölçülü şəkildə və metodiki əsaslarla istifadəsini təmin etməkdir. “Tövsiyə olunur” ilə “alınması tələb olunur” arasındakı fərq həm müəllim, həm məktəb rəhbərliyi, həm də valideyn üçün tam aydın olmalıdır. Əlavə vəsaitlər heç bir halda ailənin maddi imkanından asılı olaraq uşağın təhsil imkanlarını müəyyən edən faktora çevrilməməlidir”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*