Biləsuvar Rayon Məhkəməsində qəbir üzərində təhqiredici hərəkət etməkdə təqsirləndirilən Malik Qayıbovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
KONKRET.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nüsrət Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Şirvan Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. İttihama görə, Cəlilabad sakini, 1982-ci il təvəllüdlü Malik Qayıbov əvvəllər oğurluq əməli törətdiyi üçün 2013-2016-cü illərdə həbsxana həyatı yaşayıb. Həmin dövrlərdə qətl törətdiyinə görə məhkum olmuş Elburus Soltanov da onunla birgə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı cəzaçəkmə müəssisəsində də cəza çəkib. Onların arasında münaqişəli vəziyyət yaranmış, dava ediblər. Elburus Soltanov 26 avqust 2014-cü il tarixdə 3 saylı cəzaçəkmə müəssisəsində öldükdən sonra Biləsuvar rayonunun Əsgərabad kənd qəbiristanlığında dəfn olunub. Malik Qayıbov 30 noyabr 2016-cı il tarixdə cəzasını çəkib azadlığa çıxıb. O, Elburus Soltanovla aralarında olan həmin münaqişəni əsas gətirib ondan qisas almaq niyyəti ilə 2022-ci ilin oktyabr ayının əvvəllərində Əsgərabad kənd qəbiristanlığına gəlib. Qəbiristanlıqda kənar şəxslər olduğundan cinayətkar niyyətini tam həyata keçirə bilməyərək qəbir abidəsini dağıdıb. Malik Qayıbov zərərçəkmiş şəxsə ümumilikdə 1200 manat məbləğində maddi ziyan vuraraq qəsdən qəbir üzərində təhqiredici hərəkətlər edib.
