Rusiyada həkimin tibbi sənəddə yazdığı oxunmaz qeyd ciddi məhkəmə işi ilə nəticələnib.
KONKRET.az xəbər verir ki, Yakutsk sakini olan qadın poliklinikanı məhkəməyə verib.
İş materiallarına əsasən, həkimin tibbi qeydi oxunmaz xəttlə yazılıb və orada çoxsaylı ixtisarlardan istifadə edilib. Ekspertiza həmin ixtisarların yolverilməz olduğunu müəyyən edib. Bundan başqa, sənəddə həkimin soyadı, adı və atasının adı, eləcə də imzası olmayıb.
Qadının sözlərinə görə, bu nöqsanlar onun vaxtında müalicə təyin etdirməsinə mane olub.
Müayinənin nəticələri qadının səhhətinin əlavə yoxlanılmasına ehtiyac olduğunu göstərsə də, yekun rəydə o, işləməyə yararlı hesab edilib.
Bir neçə ay sonra qadında güclü ağrılar başlayıb. Vəziyyət o həddə çatıb ki, onun müalicə və əməliyyata ehtiyacı yaranıb. Daha sonra qadına əlillik təyin edilib.
Bundan sonra o, poliklinikadan 1 milyon rubl (təxminən 21 min manat) mənəvi zərər, müalicəyə çəkdiyi 48 min rubl (təxminən 1000 manat) xərc və itirilmiş əməkhaqqına görə 343 min rubl (təxminən 7,2 min manat) tələb edib.
Ali Məhkəmənin qərarı ilə qadına 550 min rubl (təxminən 11,6 min manat) ödənilməsi müəyyənləşdirilib.
