Barselona məhkəməsi 2024-cü ildə həlak olan İspaniyanın geyim istehsalı və satışı ilə məşğul olan “Mango” şirkətinin təsisçisi İsak Andikin oğlu Conatan Andik barəsində bir milyon avro məbləğində girov müəyyən edilməsi ilə bağlı qərarı qüvvədə saxlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Məlumata görə, məhkəmə Conatan Andikin müdafiə tərəfinin apellyasiya şikayətini rədd edib. O, 2026-cı ilin mayında atasının ölümü ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb. Həmin gün məhkəmənin müəyyən etdiyi girov məbləği ödənildikdən sonra azadlığa buraxılıb.
İspaniyanın ən varlı şəxslərindən biri olan İsak Andik 2024-cü ilin dekabrında 72 yaşında dağlıq ərazidə baş verən bədbəxt hadisə nəticəsində həyatını itirib. O, yamacdan yıxılaraq həlak olub.
Əvvəlcə iş üzrə icraata xitam verilsə də, sonradan Kataloniyadakı istintaq məhkəməsi “Mango”nun təsisçisinin ölüm şəraitinin yenidən araşdırılması barədə qərar qəbul edib. Yerli KİV-in məlumatına görə, Andikin oğlunun ifadələrində uyğunsuzluqlar aşkarlanıb.
