“Yeni il hazırlıqları və süfrə xərclərinin artması bayram sevgisini öldürən əsas iqtisadi amil deyil”.
KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı Günay Hüseynova bildirib.
Onun sözlərinə görə, qiymətlərdə hər il müəyyən artımlar müşahidə olunur və bu tendensiya keçmiş illərdə də mövcud olub:
“Son illərdə qiymət artımından ziyadə, əhalinin istehlakçı davranışlarının dəyişməsi insanları ənənəvi ev süfrələrindən uzaqlaşdırıb. Kafe və restoranların yeni il ərəfəsində fərqli abu-hava formalaşdırması və qiymətlərin münasibliyi vətəndaşları daha çox həmin məkanlara yönləndirir.
Noyabr ayından başlayan endirim kampaniyaları və kommersiya təzyiqi əhalinin yalnız müəyyən bir qismi üçün cəlbedici olur. Əhalinin orta aylıq gəlirləri nəzərə alındıqda, bu cür kampaniyalar hər kəsə iki ay əvvəldən hazırlıq görməyə imkan vermir”.
Ekspert qeyd dib ki, artan yaşayış xərcləri fonunda bayram xərcləmə strategiyaları insanların gəlir və xərclərinə uyğun olaraq fərqlənir:
“Bəzi vətəndaşlar xərclərdən yayınmaq üçün rayonlara və ya evlərinə üz tuturlar, bəziləri isə büdcələrinə uyğun olaraq qeydlər edirlər. Ümumi olaraq son illərdə əvvəlki illərlə müqayisədə xərclərdə müəyyən qədər azalma müşahidə olunur”.
