Hər il dəyişən məktəbli geyimləri ilə bağlı ŞOK FAKTLAR — Nazirlik forma üzərindən biznes qurur?backend

Hər il dəyişən məktəbli geyimləri ilə bağlı ŞOK FAKTLAR — Nazirlik forma üzərindən biznes qurur?

Son günlər cəmiyyətdə geniş müzakirə olunan məktəbli formalarının tez-tez dəyişdirilməsi və bu prosesin arxasında iqtisadi maraqların dayandığına dair iddialar səsləndirilir.

Təhsil müəssisələrində vahid məktəbli formasının tətbiqi, şagirdlər arasında sosial bərabərliyin təmin olunması və məktəb intizamının qorunması məqsədi daşıyır. Lakin formaların dizayn və rəng standartlarının tez-tez dəyişdirilməsi valideynlər üçün əlavə maddi yük yaradır.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən tarixçi və təhsil üzrə ekspert Şəmsi Qoca bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş nümunələrin icrası zamanı “çeviklik” adı altında edilən dəyişikliklər, əslində təhsilin məzmununa deyil, valideynlərin büdcəsinə birbaşa təsir edən amildir.

“Məktəbli formalarının istehsalı və satışı prosesində rəqabət mühitinin zəif olması və valideynlərin konkret satış məntəqələrinə yönləndirilməsi haqlı suallar doğurur. Əgər Elm və Təhsil Nazirliyi sadəcə standartları müəyyən edən qurumdursa, bu standartlara cavab verən hər bir sahibkarın bazarda sərbəst iştirakı təmin olunmalıdır. Forma üzərindən “biznes qurulması” şübhələrini aradan qaldırmaq üçün bu proses şəffaf tenderlər və azad bazar rəqabəti əsasında qurulmalıdır.

Təhsil Nazirliyinin əsas funksiyası şagirdin geyim estetikası ilə yanaşı, onun təhsil keyfiyyətini yüksəltməkdir. Bu sahədə aşağıdakı addımların atılması zəruridir:

  1. Keçid dövrünün təyin olunması: Yeni formalar tətbiq edilərkən köhnə formaların ən azı 3-4 il istifadəsinə icazə verilməlidir.
  2. Qiymət tənzimlənməsi: Sosial həssas qruplardan olan ailələr üçün formaların dövlət və ya fondlar tərəfindən qarşılanması mexanizmi işlənməlidir.
  3. Dizayn sabitliyi: Məktəbli forması bir “dəb” elementi deyil, ən azı 10 illik sabit standart olmalıdır.

Qeyd edim ki, məktəbli forması məsələsi təhsilin idarə olunmasında ikinci dərəcəli texniki məsələ kimi görünsə də, milyonlarla vətəndaşın maraqlarına toxunur. Nazirliyin bu məsələdə “istehlakçı” yox, “təhsil hamisi” kimi çıxış etməsi daha məqsədəuyğun olardı”, — deyə Şəmsi, qoca vurğulayıb.

“Bizim Elm və Təhsil Nazirliyində elə bilirlər ki, təhsilin keyfiyyəti şagirdin beynindəkilərlə deyil, çiynindəki pencəyin rəngi ilə ölçülür. Hər iki ildən bir nazirliyin rəhbərliyində kiminsə estetik zövqü dəyişir və nəticədə minlərlə valideyn köhnə formaları sandığa qoyub, təzə “nazirlik trendi”nin dalınca qaçır.

Bu biznesdirmi? Vallah, buna biznes demək biznesmenlərə təhqir olar. Bu, daha çox “məcburi xidmət” növüdür. Nazirlik rəsmi açıqlamasında deyir ki, “forma sabitliyi şagirdlər arasında bərabərlik yaradır”. Amma reallıqda bu bərabərlik sadəcə valideynlərin cibinin eyni dərəcədə boşalmasında özünü göstərir.

Çünki sabitlik olsa, tikiş fabrikləri “fasiləsiz iş rejimində” necə çalışar? Təsəvvür edin, bir forma 11 il eyni qalsa, qardaşın köhnəsini qardaş geyinsə, qonşunun uşağına pay verilsə, iqtisadiyyatın çarxları necə fırlanar? ETN-in məntiqinə görə, təhsil islahatı həm də “tekstil islahatı”dır. Bir il göy rəng “elmin rəngi” olur, o biri il birdən-birə kəşf edirlər ki, dama-dama parça şagirdin intellektini daha yaxşı açır.

Nazirlik forma üzərindən biznes qururmu? Onlar deyəcək ki, “yox, biz sadəcə standartları müəyyən edirik”. Amma elə bir standart müəyyən edirlər ki, o parça ancaq bəlli ünvanlarda tapılır.

Valideynlər üçün məktəbli forması almaq artıq övladını elm yoluna hazırlamaq deyil, bir növ “tekstil vergisini” ödəmək ayininə çevrilib. Əgər nazirlik bu sürətlə forma dəyişməyə davam etsə, yaxın gələcəkdə hər məktəbin öz “kutyuresi” olacaq və direktorlar səhər yoxlamasında şagirdin gündəliyinə yox, pencəyinin tikiş payına baxacaqlar.

Təhsil Nazirliyinin forma siyasəti təhsilə yox, daha çox dövriyyəyə xidmət edir. Şagirdin dərsə gəlməsi üçün gərək o, nazirliyin təyin etdiyi “estetik qəfəsin” içinə girsin. Formanın sabit qalmaması isə sadəcə “təsadüf” deyil, hər il yenilənən bir iqtisadi layihədir.

Məsələ ilə bağlı KONKRET.az-ın sorğusuna Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi açıqlama verib:

Məktəbli formaları hansı səbəblərə görə sabit qalmır? Bununla bağlı normativ müddət varmı?

“Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 mart 2022 ci il tarixli “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında qərarına əsasən ümumi təhsil müəssisələrində 4 növ geyim formasından biri tətbiq edilir.  Müvafiq qərarda qeyd edilir ki, geyim forması dəsti məktəbin Pedaqoji Şurasının qərarı ilə müəyyən olunur və ən azı 3 tədris ili ərzində dəyişilməz olaraq tətbiq edilir. Bildiririk ki, məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir. Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir. Məktəbli formaları ilə bağlı hər hansı sual və ya problem olduğu halda valideynlər Agentliyin və yerli bölmələrinin “Çağrı Mərkəzi” ilə əlaqə yarada bilərlər”.

Dəniz Pənahova

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*