Hərəkətsizlik uşaqlarda depressiya yarada bilərbackend

Hərəkətsizlik uşaqlarda depressiya yarada bilər

London Universitetinin (University College London – UCL) mütəxəssisləri aşkar ediblər ki, oturaq həyat tərzi keçirən uşaqlar 18 yaşa çatandan sonra depressiyaya düşə bilirlər.

KONKRET.az BBC-yə istinadən xəbər verir ki, ekspertlər 12-16 yaş aralığında 4257 uşağın hərəkətlilik dərəcəsini araşdırıblar.

Məlum olub ki, gündə bir saata qədər yeriyən və ya hərəkətli bir işlə məşğul olan uşaqlar yetkinlik yaşına keçəndə daha az depressiv olurlar. Araşdırmaçıların gəldiyi nəticələrdən biri də budur ki, hərəkətli həyat tərzi insalara bütün yaşlarda tövsiyə edilməlidir.

12, 14 və 16 yaşlı eksperiment iştirakçılarının fəaliyyətlərini ölçmək üçün hər birinə gündə 10 saat olmaqla, ard-arda üç gün alət taxılıb. Bu alətlər vasitəsilə onların hərəkətsiz oturduğu, gəzdiyi, qaçdığı və ya velosiped sürdüyü saatlar qeydə alınıb. Eyni zamanda, uşaqlar kefsiz olma, gördüyü işdən zövq almama, diqqət toplaya bilməmə kimi depressiya əlamətləriylə bağlı anket suallarını da cavablandırıblar. Araşdırmanın nəticələrindən məlum olub ki, 12-16 yaş aralığında uşaqların hərəkətliliyi azalır, oturaq keçirdikləri saatların sayı artır.

Mütəxəssislər qeyd ediblər ki, bu yaşlarda oturaq saatların sayı 7-dən 8,5-ə qalxır, zəif hərəkətlilik müddəti 5,5 saatdan 4 saata enir, ancaq enerjili hərəkətlilik saatlarının sayı eyni qalır. 12, 14 və 16 yaşlı uşaqlarda oturaq keçən hər bir saat depressiyanı müvafiq olaraq 11,1 faiz, 8 faiz və 10,8 faiz artırır. Hər hərəkətli saat isə bu yaş qruplarında depressiyanı müvafiq olaraq 9,6 faiz, 7,8 faiz və 11,1 faiz azaldır.

Mütəxəssislərin qənaətinə görə, 18 yaşına çatanda qrup üzvləri arasında 747 depressiya faktı qeydə alına bilər.

“İnsanlar daha az oturmalıdırlar”

Araşdırmaçılar qrupunun rəhbəri, London Universitetində psixatriya üzrə doktorluq təhsili alan Aaron Kandola deyir ki, “Ruhi sağlamlığımız üçün sadəcə çox hərəkət etməyin yox, oturaq saatların sayını azaldan hər cür çalışmanın faydalı olduğunu aşkar etdik. İnsanları bütün yaşlarında daha az oturmağa və daha çox hərəkət etməyə təşviq etməliyik. Bu, həm fiziki, həm də ruhi sağlamlığımız üçün vacibdir”.

Kandola həmçinin qeyd edir ki, gənclərin hərəkətsiz keçirdiyi saatların sayı ildən-ilə artmaqdadır və bunun ruhi sağlamlığa təsiri çox az araşdırılıb:

“Statistik məlumatlara görə, depressiya keçirən gənclərin sayı getdikcə artır. Araşdırma göstərir ki, bunun hərəkətsizliklə əlaqəli olması ehtimalı böyükdür”.

Mütəxəssislər bildirirlər ki, yüngülvari hərəkətləri asanlıqla və hər hansı mənbəyə ehtiyac olmadan gənclərin həyatına tətbiq etmək mümkündür və bu məsələdə məktəblər böyük rol oynaya bilər. “King’s College” ve “Maudsley” Beynəlxalq Səhiyyə Fondunun da yardımıyla keçirilmiş araşdırmanın nəticələri “Lancet” psixatriya jurnalında dərc edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*