Sabirabad Rayon Mərkəzi Xəstəxanasının külli miqdarda mənimsəmədə ittiham olunan sabiq direktoru Həsən Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
KONKRET.az xəbər verir ki, bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası avqustun 11-nə təyin edilib.
Qeyd edək ki, ittihama görə, Həsən Hüseynov Sabirabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışarkən öz qulluq mövqeyindən istifadə etməklə 186 min manat mənimsəyib. O, istintaq dövründə dəymiş ziyanın təxminən 20 min manatını ödəyib.
Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan olunub. Həsən Hüseynovun barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsi Əlişirin Əliyev, Qabil Quliyev və İntiqam Kərimovun cinayət işi üzrə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi davam edir.
