Qətərdən mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan “GasLog Shanghai” tankeri Hörmüz boğazından keçərkən naməlum mənşəli mərminin hədəfinə çevrilib.
KONKRET.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Məlumata əsasən, zərbə nəticəsində tankerin gövdəsinə ziyan dəyib. Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) hadisəni təsdiqləyərək bildirib ki, insident ətraf mühitə hər hansı çirklənmə yaratmayıb. Hazırda baş verənlə bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu, son günlər Hörmüz boğazında qeydə alınan yeganə hücum deyil. Bundan əvvəl də bölgədə üzən başqa bir gəminin naməlum vasitə ilə vurulduğu barədə məlumatlar yayılmışdı.
Mütəxəssislərin fikrincə, hadisə qlobal enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyan Hörmüz boğazında vəziyyətin daha da gərginləşdiyini göstərir. Dünyada mayeləşdirilmiş təbii qaz ixracının təxminən beşdə biri məhz bu dəniz marşrutu vasitəsilə həyata keçirilir. Bu səbəbdən bölgədə baş verən hər bir insident beynəlxalq enerji bazarlarının diqqətlə izlədiyi hadisələr sırasındadır.
Günay Əli
KONKRET.az
