İlham Əliyev: “Azərbaycan xalqı Minsk qrupu üçlüyünün daimi səfərlərindən yorulmuşdu”backend

İlham Əliyev: "Azərbaycan xalqı Minsk qrupu üçlüyünün daimi səfərlərindən yorulmuşdu"

“Minsk qrupu ATƏT-in mandatına əsasən, 1992-ci ildən münaqişəni həll etməyə məcbur idi. Onlar ötən il noyabrın sonunadək, biz 44 gün ərzində əraziləri azad edənə kimi 28 il ərzində fəaliyyət göstərdilər”.

KONKRET.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində bildirib.

Dövlət başçısı bildirib ki, Minsk qrupunun fəaliyyəti ilə bağlı fikrim Azərbaycan xalqının fikrindən fərqlənmir: “Bu, uğursuzluq idi. Biz həqiqəti deməliyik. Məsələnin gün işığı kimi aydın olduğu halda, biz siyasi korrektlik naminə bunun əksini söyləyə bilmərik. Əgər Minsk qrupunun həmsədrləri – dünyanın aparıcı ölkələri, Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü, 3 nüvə dövləti, dünyanın ən güclü ölkələri Ermənistanın işğalına son qoya bilmədilərsə və ya bunu etmək istəmədilərsə, bu, o deməkdir ki, onların fəaliyyəti uğursuz idi. Onlar 28 il fəaliyyət göstərdilər. Təsəvvür edirsiniz?”.

Prezident İlham Əliyev “Sözünüzü kəsdiyimə görə, üzr istəyirəm. Madrid prinsiplərindən başlayaq. Lakin bu, uzun dövrdür” sualına cavabında isə qeyd edib ki, Madrid prinsipləri 10 il əvvəl idi. Onlar isə 1992-ci ildə fəaliyyətə başladılar: “Mənim qeyd etdiyim üç aparıcı ölkə isə bundan bir neçə il sonra həmsədr oldu. Lakin istənilən halda, 20 ildən çox fəaliyyət göstəriblər, nəticə sıfra bərabər olub. Bəs, niyə? Bəlkə də ona görə ki, siz qeyd etdiyiniz kimi, status-kvo onlar üçün qəbuledilən idi. Buna baxmayaraq, sizə deyə bilərəm ki, müəyyən mərhələlərdə, hətta Minsk qrupu həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində müsbət bəyanatlar var idi ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Bu, bizi çox ümidləndirirdi. Lakin əfsuslar olsun ki, heç bir hərəkət yox idi. Bu, çox sadə idi. Mən bu məsələni dəfələrlə qaldırmışam. Ermənistanı Azərbaycan ərazilərini tərk etməyə və BMT Təhlükəsizlik Şurasının bunu tələb edən qətnamələrinə əməl etməyə yola gətirmək və ya məcbur etmək üçün yeganə yol Ermənistana qarşı sanksiyalar tətbiq etmək idi. Biz bilirik ki, müəyyən hallarda bu sanksiyalar digər ölkələrə qarşı tətbiq olunur, lakin Ermənistana qarşı yox. Yenə də ikili standartlar, yenə də ədalətsiz yanaşma. Azərbaycan xalqı Minsk qrupu üçlüyünün bu daimi səfərlərindən yorulmuşdu. Onlar ildə bir neçə dəfə gəlib-gedirdilər və heç bir nəticə yox idi. Onların fəaliyyəti faktiki olaraq 2019-cu ildən sonra, Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” bəyan edəndən sonra tamamilə iflic oldu. Bu, o demək idi ki, danışıqların sonudur. Çünki əgər Ermənistan “Qarabağ Ermənistandır” deyirsə, nə barədə danışmaq olar? Digər məsələ ondan ibarətdir ki, bir qədər sonra Ermənistan rəhbərliyi dedi ki, Qarabağ müstəqil ölkədir. Bu da əvvəlki bəyanatla ziddiyyət təşkil edirdi. Lakin Minsk qrupu reaksiya vermədi. Onlar hətta bu bəyanatı pisləmədilər. Əlbəttə ki, bu cür davranış yalnız Ermənistanı danışıqlar masasında mövqeyini möhkəmləndirməyə və işğalı sonsuz etməyə cəsarətləndirdi. Ermənistanın hədəfi bu idi və təəssüflər olsun ki, Minsk qrupu bu işdə onlara kömək etdi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*