İmamverdi İsmayılovun rəqibi danışdı – “Seçkidə total saxtakarlıqlara yol verildiyi halda hansısa namizəd “mən qalib gəldim” deyə bilməz”backend

İmamverdi İsmayılovun rəqibi danışdı - "Seçkidə total saxtakarlıqlara yol verildiyi halda hansısa namizəd “mən qalib gəldim” deyə bilməz"

Anar Əsədli

Məlum olduğu kimi, fevralın 9-da ölkədə keçirilən növbədənkənar parlament seçkilərində saxtakarlıqlara yol verilən dairələrdən daxil olan şikayətlərə Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən baxılmaqdadır. Belə dairələrdən biri də 125 saylı Zəngilan-Qubadlı seçki dairəsidir.

Qeyd edək ki, sözügedən dairədə əsas mübarizə YAP-ın namizədi İmamverdi İsmayılovla Anar Əsədli arasında gedib. Hazırda bu dairədən daxil olmuş müraciətlərə baxılması üçün aidiyyatı üzrə dairə seçki komissiyasına (DSK) geri göndərilib. Ola bilsin ki, bu dairədə təkrar seçkilər keçirilsin. Və əldə etdiyimiz məlumata görə, İmamverdi İsmayılov yenidən namizədliyini irəli sürmək fikrində deyil.

KONKRET.az-a açıqlamasında Anar Əsədli isə nəticələrin ləğv olunacağı təqdirdə yenidən seçkiyə qatılacağını bildirib. Namizədliyini irəli sürdüyü 125 saylı dairədə seçkilərin rəqibi İmamverdi İsmayılovun kobud müdaxilələri ilə keçdiyini deyən A.Əsədli MSK-ya tərəflərindən göndərilən şikayətlərlə bağlı ədalətli qərar veriləcəyinə əminliyini ifadə edib:

“Bizim dairədə çox ciddi total saxtakarlıqlar, faktiki olaraq dövləti cinayət baş verib. Yəni səsvermə açıq-aşkar YAP-ın namizədi tərəfindən kobud şəkildə müdaxilələrlə keçirilib. Bununla bağlı əlimizdə 102 videofakt, 106 hüquqi akt var. Biz bunları MSK-ya təqdim etmişik, eyni zamanda müvafiq dövlət strukturlarına – Prezident Administrasiyasına, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə göndərmişik.

Artıq MSK-da məsələyə baxılıb və ilkin olaraq dairə seçki komissiyasına göndərilib. Çünki DSK-nın məsələ ilə bağlı cavabı yox idi. Hesab edirəm ki, bütün faktlar və bizim hüquqşünasların bu məsələ ilə bağlı hazırlayıb təqdim etdikləri şikayətlərə MSK-da ədalətli şəkildə baxılacaq. Çünki hətta hələ ilk gün, yəni fevralın 9-da seçki prosesi getdiyi zaman günorta saatlarında MSK sədri M.Pənahov açıqlama verdi ki, 125 saylı dairədə çox ciddi qanun pozuntuları var. İlk gün və ilk verilən açıqlama bizim dairə ilə bağlı olub. Ona görə də hesab edirəm ki, MSK çox ədalətli və müsbət bir qərar ortaya qoyacaq. Çünki orada insanların səsləri faktiki olaraq oğurlanıb, xalqın iradəsi ortada deyil”.

“Seçkini şəffaf keçirməyə imkan versəydilər, mən udmaq şansı olan namizədlərdən biri idim”, – deyən A.Əsədli sonda qeyd edib ki, “seçkidə total saxtakarlıqlara yol verildiyi halda hansısa namizəd “mən qalib gəldim” deyə bilməz, bu, qeyri-etikdir və doğru yanaşma deyil. Biz istəyirik ki, ədalətli seçki keçirilsin, kim xalqdan səs alacaqsa, o da qalib olsun və biz də şəffaf seçkilərin sonunda onun əlini sıxaq!”.

Hazırladı: Sevinc Paşayeva

 

 

  • Qabil Camalov
    Fevral 16, 2020 - 18:01

    Men inaniram ki, MSK_nin sedri M.Penahov 125 sayli dairenin fealiyyetini edaletli sekilde arasdiracaq, secicilerin huwuqlarinin pozulmasina yol vermeyecek ve saxtakarlari qanunla cezalandiracawdir. Gosterdiyiniz faktlar cavabsiz qalmayacaqdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*