İmişlinin deputatı rayondakı etirazdan danışdı: “Onların bəziləri ev, bəziləri iş istəyirdi”backend

İmişlinin deputatı rayondakı etirazdan danışdı: "Onların bəziləri ev, bəziləri iş istəyirdi"

Xəbər verdiyimiz kimi, İmişli rayonunda bir qrup müharibə iştirakçısı yerli icra hakimiyyəti qarşısında etiraz aksiyası keçirib. Onlar sosial problemlərindən danışıb, süründürməçilikdən, biganəlikdən şikayətləniblər.

İmişli Rayon İcra Hakimiyyətində qəbul edilmədiyini deyən etirazçılar Bakıya doğru yürüşə cəhd ediblər.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin 79 saylı İmişli Seçki Dairəsindən seçilmiş deputatı Razi Nurullayev demokrat.az-a açıqlamasında müharibə iştirakçılarının etiraz və tələblərindən məlumatı olduğunu bildirib:

“100-ə yaxın müharibə iştirakçıları və qazilər icra hakimiyyətinin qarşısında toplaşmışdı. Onlar əvvəllər icra hakimiyyəti ilə görüş keçirmişdilər və yeni görüş tələb edirdilər. Bu məsələylə bağlı iki gün İmişlidə oldum və onlarla görüşlər keçirdim”.

Vətəndaşların problemləri ilə maraqlandığını deyən deputat etiraz edən şəxslərlə görüş keçirdiyini söyləyib:

“Məsələ ilə bağlı rayonun icra başçısı ilə danışdım və həmin şəxslərlə görüş təşkil edildi. Onların bütün tələbləri dinlənildi. Şikayəti, etirazı olan, tələblər irəli sürən hər bir şəxs görüşə dəvət edildi və onlar ayrı-ayrılıqda dinlənildi. Deyilən məsələlərlə bağlı qeydlər götürüldü və elə iclas zamanı icra başçısı müvafiq qurumlara tapşırıq verdi. Bəzi şəxslərin problemləri elə yerindəcə həllini tapdı. Onların bəziləri ev, bəziləri iş istəyirdi, bəzilərinin sağlamlıqla bağlı problemləri vardı. Sağlamlıq problemi olan şəxslərin məsələsini mən öz üzərimə götürdüm, onları Bakıya dəvət etdim”.

Razi Nurullayev bildirib ki, etiraz edən müharibə iştirakçıları arasında bununla bağlı status ala bilməyənlər də var:

“Bəzi şəxslər əlillik dərəcəsi ala bilmədiklərini qeyd etdilər, amma bu, bizim səlahiyyətimizdə olan məsələ deyil. Əlilliklə bağlı Nazirlər Kabineti müəyyən standartlar qəbul edib və bu status ona uyğun verilir. Bu baxımdan, bizim edə biləcəyimiz nəsə yoxdur.

Digər məsələ isə müharibə iştirakçılarının statusu ilə bağlı idi. Bəzi şəxslərə həmin status hələ verilmədiyi üçün onlar nəzərdə tutulan müavinəti ala bilmirlər. Bu məsələylə bağlı araşdırma aparılır və müəyyən işlər görüləcək”.

Deputat müharibə iştirakçısı olan şəxslərdən bəzilərinin ev tələb etdiklərini, lakin bunun hələ ki, mümkün olmadığını da vurğulayıb:

“Etiraz edən şəxslərin tələblərindən biri də evlə bağlı idi. 18-19 yaşlı şəxslər ən qısa zaman evlə təmin edilmək istəyirlər. Mən bunu əvvəllər bildirmişəm, görüşdə də vurğuladım ki, hələ də Birinci Qarabağ müharibəsi iştirakçıları arasında ev növbəsində olanlar var. Həmin şəxslərdən biri şəhidlərimizdən birinin 87 yaşlı atası idi, tez-tez mənə müraciət edirdi, lakin onun istəyi reallaşmadan dünyasını dəyişdi. Düşünürəm ki, onlar bu kimi məsələlərdə həssas olmalıdırlar. Vətən müharibəsində iştirak edən hər bir şəxs ev istəsə, necə olar? Onların hamısının bu istəyini təmin etmək mümkün deyil. Təbii ki, ev ehtiyacı olan şəxslər var və onların bu ehtiyacı qarşılanmalıdır. Qaçqın və məcburi köçkünlər üçün tikilən evlər artıq bu qəbildən olan insanlara veriləcək, sadəcə səbr etmək lazımdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*