İnsan cildində “iblislər”: Oskar gecələrindən Facebook cəhənnəminəbackend

İnsan cildində “iblislər”: Oskar gecələrindən Facebook cəhənnəminə

Hələ yeniyetməlik illərimdə “Oskar” mükafatlarının təqdimetmə mərasimlərini televiziyada böyük həvəslə izləyirdim. Əslində məqsədim təkcə Hollivudda çəkilən filmlər, onların yaradıcı heyəti və kino dünyasındakı yeniliklər barədə məlumat almaq deyildi. Məni daha çox başqa bir şey təsirləndirirdi: Hollivud ulduzlarının bir-birinin uğuruna necə sevindiklərini görmək.

Fadil Paşayev, Əməkdar jurnalist

Əlində “Oskar” tutan aktyor səhnədə danışarkən kamera zalda əyləşən həmkarlarına yönəlirdi. O kadrlar bu gün də gözümün qarşısındadır. İlahi, o insanların üz ifadələri, baxışları, təbəssümləri… Mükafat alan aktyorun hər cümləsinə, hər jestinə, hər həyəcanına sanki öz uğurlarıymış kimi reaksiya verirdilər. Orada paxıllıqdan çox sevinc, rəqabətdən çox həmrəylik, şöhrətdən çox insanlıq görünürdü.

Bunları niyə xatırladım? Səbirli olun, izah edəcəyəm. Sosial şəbəkələr, xüsusən də Facebook, artıq hər birimizin virtual həyatının mühüm hissəsinə çevrilib. Bu, sadəcə status yazılan, şəkil paylaşılan, “like” qoyulan bir platforma deyil. Bəzən real həyatdan heç də az təsir göstərməyən ayrıca bir dünyadır. Və real həyatda olduğu kimi, bu dünyanın da işıqlı insanları var, qaranlıq tərəfləri də…

Elə insanlar var ki, qarşılaşanda mələk simasında gəzir, danışığında saflıq, davranışında təmkin nümayiş etdirir. Özünü az qala ideal insan kimi təqdim edir. Amma bir status yazır, bir şərh edir, yaxud sadəcə hansısa paylaşımınıza verdiyi reaksiya ilə iç üzünü bir anda ortaya qoyur.

Ən qəribəsi də budur ki, bəzən insanın illərlə formalaşdırdığı “mələk obrazını” bircə cümləsi ilə dağıdır. Belə məqamlar məni həqiqətən sarsıdır. Əvvəllər bu cür profilləri bloklamaq heç ağlımdan keçmirdi. Düşünürdüm ki, sosial şəbəkə də həyatın bir parçasıdır. Bağ necədirsə, buranın da gülü var, bülbülü var, bir də adamı dalayan tikanı…

Amma sonralar gördüm ki, məsələ heç də o qədər sadə deyil. Bəzən bu “bağ” cənnətdən çox cəhənnəmi xatırladır. Burada iblislər də var, şeytanlar da, “vedma”lar da… Üstəlik, hamısı insan cildində. İndi deyə bilərsiniz: “Sənə əziyyət verirsə, nə məcburdur orada qalasan? Dünyaya boylanmaq üçün başqa yer tapmadın?” Haqlısınız. Amma peşəm buna imkan vermir. Jurnalistika məni bu virtual dünyanın içində olmağa, informasiya məkanında məhsullarımızı paylaşmağa, buradakı prosesləri izləməyə, insanların reaksiyalarını görməyə məcbur edir. Əks halda, inanın, mənə sosial şəbəkə heç min il bundan sonra da lazım olmazdı. Seçdiyim insanlarla, dostlarımla, həmkarlarımla real həyatda canlı ünsiyyət quraraq ömrümü daha yaxşı başa vurardım. Bəli, bunun bir adı var: məcburiyyət. Amma bu, o demək deyil ki, sosial şəbəkələrdə kiminsə yaratdığı zəhərli atmosferin içində məhbus kimi qalmalıyıq.

Xeyr. İradəmiz hələ də öz əlimizdədir. İnsan müəyyən qədər də olsa, virtual mühitini özü seçə bilər. Həyatda olduğu kimi, burada da uzaqlaşmaq var, münasibəti kəsmək var, “səssizcə” çıxıb getmək var. Və ən əsası, bloklamaq var.

Bəzən bloklamaq düşmənçilik deyil. Özünü qorumaqdır. Çünki elə insanlar var ki, ibtidai icma təfəkkürü ilə yaşayır, sürü psixologiyası ilə hökm verir, kütlə küyü ilə ətrafındakıları da öz düşüncəsinə çəkməyə çalışır.

Ona görə, əzizlərim, virtual dünyada qarşınıza çıxan hər gülümsəyən üzə, hər “dost” yazısına, hər nəzakətli cümləyə aldanmayın. İnsanları bir az müşahidə edin. Kiminsə başqasının uğuruna necə reaksiya verdiyinə baxın. Kiminsə sevincinə necə yanaşdığını görün. Hər addımda hadisəyə və insana münasibətini izləyin. Bir də görün, siz olmayanda sizin haqqınızda necə danışır. Çünki insanın əsl siması çox vaxt özünü təqdim etdiyi yerdə yox, başqasının uğuru qarşısında göstərdiyi reaksiyada görünür.

Aradakı fərqi mütləq müəyyən edin. Və ən vacibi, bunu vaxtında görün. Ki, sonradan məyus olmayasınız. Çünki bəzən qarşınızdakı ikiayaqlı olsa da, onun içində insan axtarmaq ən böyük səhviniz ola bilər.

P.S. Bu arada məni axtaran dostlara salam olsun. Ucqar dağ kəndindəyəm. Çəkilişlərimiz başa çatan kimi, hər birinizlə ayrıca əlaqə saxlayacam.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*