Hyuston hava limanının rəhbərliyi sərnişinlərdən baqajın gecikməsi ilə bağlı çoxsaylı şikayətlər alırdı. Sərnişinlər təyyarədən düşdükdən sonra baqajlarını almaq üçün uzun müddət gözləməli olurdular. Problemə çarə tapmaq məqsədilə hava limanı əlavə yükdaşıyan işçilər işə götürdü. Lakin şikayətlərin sayı azalmadı.
Bundan sonra rəhbərlik fərqli bir üsula əl atdı: sərnişinlərin təyyarədən baqaj lentlərinə qədər qət etdikləri məsafə altı dəfə artırıldı. Beləliklə, insanlar baqaj gözləməyə sərf etdikləri vaxtı yolda keçirməyə başladılar. Nəticədə şikayətlər dayandı.
Lift gözləyənlər üçün güzgü həlli
Göydələnlərin kütləvi tikintisinə başlananda sakinlər liftlərin qarşısında uzun müddət gözləməkdən narazılıq edirdilər. Liftlərin sayını artırmaq əvəzinə, maraqlı bir həll tapıldı: liftlərin yanına güzgülər yerləşdirildi.
İnsanlar gözlədikləri müddətdə xarici görünüşlərinə nəzər salmağa, saçlarını düzəltməyə, yaxud güzgüdə digər sakinləri müşahidə etməyə başladılar. Beləcə, gözləmə müddəti daha az hiss olunmağa başladı və şikayətlər kəsildi.
Supermarketlərdə növbə psixologiyası
Supermarketlər yarananda alıcıların əsas narazılıqlarından biri kassalarda uzun növbələr idi. İnsanlar alış-veriş arabaları ilə kassaya yaxınlaşdıqdan sonra ödəniş etmək üçün xeyli gözləməli olurdular.
Supermarketlər bu problemi başqa üsulla həll etdilər. Kassaların yaxınlığında saqqız, şokolad, prezervativ və digər xırda məhsulların satıldığı rəflər yerləşdirildi. Nəticədə alıcılar növbədə gözlədikləri vaxtı bu məhsullara baxmaqla keçirir, bəzən planlaşdırmadıqları əlavə alışlar da edirdilər.
Bu üsul supermarketlərə əlavə gəlir gətirməklə yanaşı, müştərilərin növbə ilə bağlı narazılıqlarını da azaltdı. Məlumatda bu satış strategiyasının supermarketlərə 5 milyard dollardan çox əlavə gəlir qazandırdığı bildirilir.
Disneylenddə gözləmə müddətinin psixoloji hiyləsi
Disneylendin ilk ziyarətçiləri müxtəlif attraksionların qarşısında uzun növbələrdə dayanmaqdan şikayət edirdilər. Şirkətin rəhbərliyi bu narazılığı aradan qaldırmaq üçün əyləncə məkanlarında gözləmə müddətini göstərən xüsusi elektron tablolar quraşdırdı.
Lakin burada maraqlı bir detal var idi: tablolarda göstərilən gözləmə müddəti əslində növbədə keçirilən vaxtdan daha uzun olurdu.
Beləliklə, ziyarətçilər növbədən gözlədiklərindən daha tez çıxanda özlərini məmnun hiss edir, gözləmə müddətinin düşündüklərindən az olduğunu görüb sevinirdilər. Nəticədə şikayətlər azaldı.
Bəzən problemi həll etmək üçün gözləmə müddətini azaltmaq yox, insanların həmin müddəti necə qəbul etdiyini dəyişmək kifayət edir.
Rəsmiyyə Şərifova,
KONKRET.az
