“Məktəb tətili sadəcə dərslərə verilən fasilə deyil, uşaqların fiziki və psixoloji baxımdan dincəlməsi, zehni yorğunluğunu aradan qaldırması və yeni tədris mərhələsinə daha həvəslə başlaması üçün vacib dövrdür. Unutmamalıyıq ki, uşağın inkişafı yalnız sinif otağında və ya dərs masası arxasında baş vermir. İstirahət, oyun, mütaliə və sosial ünsiyyət də onun inkişafında mühüm rol oynayır”.
Bu fikirləri ksperti, Politecnico di Torino Universitetinin doktorantı Etibar Vəzirov KONKRET.az-a açıqlamasın da səsləndirib.

“Təəssüf ki, bəzən valideynlər övladlarının gələcək uğurlarını düşünərək tətil günlərini də əlavə dərslərlə doldurmağa çalışırlar. Halbuki daha çox dərs heç də həmişə daha yaxşı nəticə demək deyil. Davamlı akademik yüklənmə uşağın öyrənməyə marağını azalda, yorğunluq və motivasiya itkisi yarada bilər.
Digər tərəfdən, tətil müddətində repetitor məşğələlərini tamamilə yanlış hesab etmək də düzgün olmazdı. Xüsusilə qəbul imtahanlarına hazırlaşan və ya müəyyən fənlər üzrə bilik boşluqları olan şagirdlər üçün əlavə məşğələlər faydalı ola bilər. Əsas məsələ bu dərslərin uşağın istirahətini əlindən almaması və real ehtiyaclara əsaslanmasıdır”.
Ekspert vurğulayır ki, bu baxımdan, tətil zamanı repetitor məşğələlərinin qadağan edilməsini doğru yanaşma hesab etmirəm.
“Çünki hər uşağın öyrənmə sürəti, hazırlıq səviyyəsi və təhsil ehtiyacları fərqlidir. Təhsildə ümumi qadağalardan daha çox sağlam balansın qorunmasına və fərdi yanaşmaya ehtiyac var.
Cəmiyyət olaraq bir həqiqəti qəbul etməliyik: uşağın hər boş saatını dərslə doldurmaq onun gələcəyinə investisiya qoymaq demək deyil. Bəzən yaxşı istirahət etmiş, motivasiyalı və öyrənməyə marağı olan şagird saatlarla əlavə dərs keçən, lakin yorğun və həvəssiz olan şagirddən daha yüksək nəticə göstərə bilər. Təhsilin əsas məqsədi daha çox dərs oxuyan deyil, müstəqil düşünən, sağlam və öyrənməyi sevən şəxsiyyət yetişdirmək olmalıdır”.
Aynurə İsmayıl
KONKRET.az
