İqlim fəlakətinin ağır mənzərəsi: 30 ildə 916 min insan ölüb, 4,3 trilyon avro zərər dəyibbackend

İqlim fəlakətinin ağır mənzərəsi: 30 ildə 916 min insan ölüb, 4,3 trilyon avro zərər dəyib

“Germanwatch” təşkilatının araşdırmasına görə, 1996–2025-ci illər ərzində dünyada baş verən təbii fəlakətlər 5,5 milyard insana təsir edib, qlobal iqtisadiyyata isə 4,3 trilyon avro ziyan vurub.

Son 30 il ərzində dünyada baş verən ekstremal hava hadisələri nəticəsində 916 mindən çox insan həyatını itirib.

KONKRET.az xəbər verir ki, bu barədə Almaniyanın ətraf mühitin mühafizəsi üzrə təşkilatı “Germanwatch” tərəfindən hazırlanan İqlim Riskləri İndeksinin (Climate Risk Index) məlumatlarında bildirilir.

Araşdırmaya əsasən, 1996–2025-ci illər ərzində dünyada təxminən 10 min güclü fırtına, istilik dalğası, daşqın və digər təbii fəlakət qeydə alınıb. Bu hadisələr ümumilikdə 5,5 milyard insana təsir göstərib. Təbii fəlakətlərin qlobal iqtisadiyyata vurduğu zərər isə təxminən 4,3 trilyon avro təşkil edib.

Tədqiqatda qeyd olunur ki, 1996–2025-ci illərdə ekstremal hava hadisələrindən ən çox zərər çəkən 20 ölkə arasında Avropa İttifaqının dörd dövləti də yer alıb. Bunlar İtaliya, Fransa, Yunanıstan və İspaniyadır.

Almaniyaya gəlincə, təşkilatın hesablamalarına görə, son 30 ildə ekstremal hava hadisələri nəticəsində ölkədə təxminən 33 min insan həlak olub. İnflyasiya nəzərə alınmaqla, Almaniya iqtisadiyyatının itkiləri isə 121 milyard avroya çatıb.

Araşdırmanın müəllifləri xəbərdarlıq edirlər ki, iqlimin qorunması sahəsində fundamental dəyişikliklər həyata keçirilməsə, gələcəkdə həm insan tələfatı, həm də iqtisadi itkilər daha da artacaq.

Təşkilatın eksperti Vera Küntsel bildirib ki, Almaniya hökuməti iqlimin qorunması tədbirləri üçün dövlət büdcəsindən hər il 6 milyard avro vəsait ayırmaqla bağlı verdiyi vədi yerinə yetirməyib.

Ekspert Almaniya kansleri Fridrix Mertsin Türkiyənin Antalya şəhərində keçirilən beynəlxalq COP31 İqlim Konfransında iştirak etməməsini də tənqid edib.

Mütəxəssislər hesab edirlər ki, ekstremal hava hadisələrinin yaratdığı təhlükələrə qarşı mübarizə yalnız ayrı-ayrı ölkələrin deyil, beynəlxalq birliyin də birgə səylərini tələb edir. İqlim siyasətində ciddi dəyişikliklər edilmədiyi təqdirdə, təbii fəlakətlərin vurduğu zərərin daha da ağırlaşacağı gözlənilir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*