Qlobal iqtisadiyyatın iflic vəziyyətinə düşdüyü bu dövrdə işsizlik dünyanın ən böyük probleminə çevrilib. Təəssüf ki, son dövrlərdə insanların işsizliyindən istifadə edən “işbazlar” əhalini aldatmağa başlayıb. Elə ölkəmizdə də bəzi vətəndaşlara iş tapacağını vəd edən şirkətlərin sayı az deyil. Müəyyən məbləğ qarşılığında vəd verən bu şəxslər insanların olan-qalan pulunu da mənimsəyib aradan çıxır. Bəzən isə onlar işsiz vətəndaşları insan alverinin qurbanına çevirir.
Bəs görəsən, bu istiqamətdə hansı işlər aparılmalıdır? Həmin fırıldaqçılarla necə mübarizə apara bilərik?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını hüquqşünas Sahib Məmmədov cavablandırıb. O bildirib ki, ölkədə işədüzəltmə bürolarının olması normal haldır. Lakin həmin şirkətlər insanları aldatmaqla məşğul olmamalıdır: “Bəziləri işə düzəldəcəyini söz verib, insanlardan müəyyən məbləğdə pul alır. Sonradan məlum olur ki, bu şəxslər saxtakar imiş. Aldanan insanlar tora düşdüyünü anlayana qədər gec olur. Bunun qarşısını hansısa inzibati yolla almaq olmaz. Əsas məsələ vətəndaş aktivliyidir. Vətəndaş başına gələn hadisə ilə bağlı müvafiq qurumlara şikayət etməlidir. Şikayətlərin sayı artarsa, bu barədə təhqiqat işi başlaya bilər. Yalnız belə olan halda cavabdehlər tapılıb məsuliyyətə cəlb olunar. Təəssüf ki, belə bürolarda aldanan şəxslər heç yerə şikayət etmir ki, başı ağrımasın. Belə saxtakarlığın qarşısını almaq üçün maarifləndirmə işlərini genişləndirmək lazımdır. Başqa alternativimiz yoxdur”.

Ekpertin fikrincə, vətəndaşlar kor-koranə şəkildə addım atmamalıdır: “Bəzən işə düzəltmə adı altında işsiz vətəndaşlar insan alverinin və məcburi əməyin qurbanına çevrilirlər. Azərbaycanda əvvəllər belə hallar var idi. Son dövrlərdə bu tendensiyaya rast gəlinmir. Lakin risk həmişə mövcuddur. İnsanlar yerli əmək bazarında aldadılırsa, deməli, daha ciddi risklər də mövcuddur. İnsanlar bilməlidir ki, ixtisası və bacarığı olmayan şəxsləri Avropada işə götürmürlər. Avropa ölkələrində kiməsə iş təklif olunursa və yüksək maaş vəd edilirsə, böyük ehtimalla burada şübhəli məqamlar var. İşədüzəltmə şirkətlərinə cahilcə inanmaq olmaz. Əvvəlcə araşdırılma aparılmalıdır. Kor-koranə müraciət etməzdən əvvəl o şirkətin Azərbaycandan işçi qəbul edib-etmədiyini araşdırmaq lazımdır. Azərbayanda Dövlət Miqrasiya xidməti fəaliyyət göstərir. Bu sahədə ixtisaslaşmış QHT-lər mövcuddur. Avropada iş təklifi alan adam aidiyyəti qurumlara və şəxslərə müraciət edə bilər. 100 faiz əmin olmadığınız halda bu insanlara aldanıb onların toruna düşmək olmaz”.
Şəbnəm Mehdizadə,
KONKRET.az
