Tarixdə şəxsiyyətin miqyası yalnız onun əməllərinin miqyası ilə ölçülür.
1799-cu il noyabrın 9-da Parisdə dövlət çevrilişi – tarixə “18 Brümer çevrilişi” adı ilə düşən hadisə baş verdi. Bu, bir insanın Fransanın tarixini, obrazlı desək, yaxasından tutub başıaşağı çevirdiyi gün idi. “Brümer” Fransa inqilab təqviminə görə “dumanlı ay” mənasını verir. Lakin həmin gün Fransa üçün siyasi baxımdan hər şey son dərəcə aydınlaşdı: respublika faktiki olaraq hərbi diktaturaya doğru yol aldı.
Bu çevrilişin müəllifi Napoleon Bonapart idi. O, yalnız döyüş meydanında deyil, siyasi intriqalarda da mahir strateq olduğunu bir daha sübut etdi.
Fransa inqilabdan sonra azadlıq və qardaşlıq cənnətinə çevrilməmişdi. Əksinə, ölkə xaos içində idi. Əslində, qarışıqlıq dövrünü yaşayan dövlətlərin əksəriyyətində vəziyyət bundan fərqlənmir. Ölkəni idarə etməli olan Direktoriyanın hakimiyyəti zəifləmiş, korrupsiya və səriştəsizliklə üzləşmişdi. On il davam edən inqilabi çaxnaşmalardan, terror və iqtisadi qeyri-sabitlikdən yorulan cəmiyyət artıq qayda-qanun və təhlükəsizlik istəyirdi. Müasir siyasi terminlə desək, cəmiyyətdə “güclü əl” tələbi formalaşmışdı. Siyasi elitalar isə öz aralarında ortaq məxrəcə gələ bilmirdilər.
Belə məqamda Leninin məşhur ifadəsini xatırlamamaq mümkün deyil: “Yuxarılar bacarmır, aşağılar isə istəmir”.
Deməli, qətiyyətli addımlar atmaq üçün münasib vaxt yetişmişdi. Bəs bu səhnəyə çıxmağa Napoleondan daha hazır kim ola bilərdi?
O, söz adamı deyil, əməl adamı idi!
1799-cu ilin noyabrında Napoleon artıq hakimiyyəti öz əlinə almağın vaxtı çatdığını düşünürdü. Onun bu işdə müttəfiqləri də vardı. Çevrilişin ideoloqlarından biri Direktoriyanın keçmiş üzvü Emmanuel-Jozef Siyes idi. Siyesə hakimiyyəti ələ keçirmək üçün məşhur və nüfuzlu bir general – öz ifadəsi ilə desək, bir “qılınc” lazım idi. O, Direktoriyanı devirəcək həmin generalın köməyi ilə sonradan ölkəni özü idarə etməyi planlaşdırırdı.
Amma Napoleon Napoleon idi. Onun da öz planı vardı. O, uzun-uzadı müzakirələrə və növbəti inqilaba ehtiyac görmürdü. Hakimiyyəti ələ keçirmək üçün ordunun gücündən və hadisələrin sürətindən istifadə etmək qərarına gəlmişdi.
Çevrilişin əsas mərhələsi Paris yaxınlığındakı Sen-Klu sarayında baş verdi. Napoleon tərəfdarları və sadiq generalları ilə birlikdə əvvəlcə Beş Yüzlər Şurasının iclasına gəldi. Bu qurum o dövrdə Fransanın qanunverici hakimiyyətinin əsas palatalarından biri idi.
Napoleonun gəlişi deputatların heç də xoşuna gəlmədi. Onu alqışlarla deyil, qəzəbli qışqırıqlar və etirazlarla qarşıladılar. Deputatlardan biri hətta gələcək imperatoru xəyanətdə və hakimiyyəti zorla ələ keçirmək cəhdində ittiham etdi.
Vəziyyətin getdikcə gərginləşdiyini görən Napoleon diplomatik davranışın artıq faydasız olduğunu anladı və əsgərlərini köməyə çağırdı. Həmin əsgərlər komandirlərinə böyük sədaqət bəsləyirdilər. Bəzi iddialara görə, çevrilişin maliyyələşdirilməsində bankirlərin də rolu olmuşdu. Belə ki, Napoleonun ölkəyə sabitlik gətirəcəyinə inanan maliyyə dairələri sui-qəsdçilərə böyük məbləğdə borc vermişdilər.
Silahlı əsgərlər iclas zalına daxil olaraq Napoleonun əleyhdarlarını oradan uzaqlaşdırdılar. Beləliklə, siyasi mübahisənin yerini hərbi güc tutdu.
Zabitlərin əhatəsində çıxış edən Bonapart respublikanı qoruyacağına, “həqiqi vətəndaş azadlığına və milli təmsilçiliyə əsaslanan” idarəçilik quracağına söz verdi. Lakin bu vədlərin arxasında tamam başqa siyasi plan dayanırdı.
O, respublikanı xəyali düşmənlərdən xilas etmək bəhanəsi ilə Paris hərbi dairəsinin komandanı təyin edildi, ali hakimiyyət orqanları isə faktiki olaraq fəaliyyət qabiliyyətini itirdi. Nəticədə Direktoriyanın hakimiyyətinə son qoyuldu və üç konsuldan ibarət yeni idarəçilik sistemi yaradıldı. Birinci konsul, təbii ki, Napoleon Bonapart oldu.
Hər şey, demək olar ki, bu qədər sadə görünürdü.
Beləliklə, cəmi bir neçə gün ərzində Napoleon Fransada respublika idarəçiliyinin əvvəlki formasını və Direktoriyanı aradan qaldıraraq ölkəni yeni siyasi mərhələyə çıxardı. Hakimiyyət faktiki olaraq bir nəfərin əlində cəmləşməyə başladı.
Napoleon erası beləcə başlandı. Bu dövr yalnız Fransanın deyil, bütövlükdə Avropanın siyasi xəritəsini və gələcək tarixini dəyişdi.
“18 Brümer” ifadəsi sonradan tarix və siyasi elmdə xüsusi məna qazandı. Bu termin dövlət çevrilişi nəticəsində hakimiyyətin bir şəxsin əlində cəmləşməsini, xüsusilə də hərbi gücə söykənən şəxsi diktaturanın qurulmasını ifadə etmək üçün işlədilməyə başladı.
Karl Marksın “Luis Bonapartın 18 Brümeri” əsərini xatırlamaq kifayətdir. Marks bu əsərində Napoleon Bonapartın çevrilişini deyil, onun qardaşı oğlu III Napoleonun 1851-ci ildə hakimiyyəti ələ keçirməsini təhlil edirdi. O, bu hadisə vasitəsilə tarixdə siyasi çevrilişlərin təkrarlanan xarakterini və hakimiyyət uğrunda mübarizənin mexanizmlərini göstərirdi.
Əslində, bu, dövlət idarəçiliyi tarixinin düşündürücü nümunələrindən biridir. Ölkə səriştəsizlərin, məsuliyyətsizlərin və siyasi iradədən məhrum insanların əlində qaldıqda cəmiyyət xilaskar axtarmağa başlayır. Lakin burada bir mühüm məqam var: hakimiyyətin bir qrup səriştəsizin əlindən çıxıb başqa bir qrupun, daha betər desək, səriştəsizlərin kvadratının əlinə keçməsi də mümkündür.
Ən böyük təhlükə də elə budur. Çünki dövlətin taleyi yalnız kimin hakimiyyətə gəlməsindən deyil, həmin hakimiyyətin hansı məqsədə, hansı prinsiplərə və hansı məsuliyyət hissinə xidmət etməsindən asılıdır.
Tarix göstərir ki, güclü şəxsiyyət ölkəni böhrandan çıxara bilər. Amma güclü şəxsiyyətlə nəzarətsiz hakimiyyət eyni şey deyil. Bunu unutmaq olmaz.
Ağagül Mürsəlov,
KONKRET.az
