İqtisadiyyatın hansı hissəsinə “kölgə” düşür – Faktlar, rəylər…backend

İqtisadiyyatın hansı hissəsinə “kölgə” düşür - Faktlar, rəylər...

Ekspert “kölgəlik” məmurlarla mübarizə ilə yanaşı, xüsusi strategiyanın hazırlanmasını da zəruri sayır

İqtisadiyyat naziri Mikayıl Cabbarovun bir neçə gün əvvəl twitter səhifəsində yazdığı fikir cəmiyyətdə müzakirələrə yol açıb. Nazir qeyd edib ki, ölkə iqtisadiyyatının strateji hədəflərinə yönələn vergi siyasəti biznes üçün təşviqedici xarakter daşımalı, “kölgə iqtisadiyyatı” ilə mübarizə, ədalətli rəqabət mühitinin dəstəklənməsini davam etdirməliyik.

M.Cabbarov bildirib ki, 2020-ci ilin fiskal nəticələri bu tədbirlərin uğurlu olduğunu göstərir. Ondan əvvəl isə nazir Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılacağını bildirib:

“Kiçik və orta biznes (KOB) subyektlərinin Ümumi Daxili Məhsulun (ÜDM) formalaşmasında əhəmiyyətli mövqeyə malik olması, dövlət satınalmalarında iştirakının təşviqi və biznesə münasibətdə şəffaflıq üçün tədbirlər həyata keçiriləcək. Qarşımızda bir sıra milli prioritet müəyyən edilib və mən onları sadalamq istərdim. Birincisi dayanıqlı, artan rəqabət qabiliyyətli iqtisadiyyatın qurulması, ikincisi dinamik inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin formalaşdırılması, üçüncüsü işğaldan azad olunmuş ərazilərdə böyük qayıdışa nail olmaq, dördüncüsü Azərbaycanın rəqabətli və insan kapitallı innovasiyalar məkanına çevrilməsi, beşincisi təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməkdir. Həmin prioritetlərin reallaşdırılması, ölkənin iqtisadi gücünün artırılması, davamlı və yüksək iqtisadi artımın, milli iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığının təmin edilməsi, rəqabətli insan kapitalının, vətəndaş institutlarının mövcud olması Azərbaycanın təkcə regionun deyil, inkişafda olan ölkələrin daha yuxarı sıralarında olması kimi hədəflərə nail olunmasına xidmət edəcək”.

Onun sözlərinə görə, tarixi qələbəmiz iqtisadi inkişaf planlarına yenidən baxmaq və bu inkişafı Qarabağda da tətbiq etmək imkanı yaradıb:

“İlk növbədə dayanıqlı iqtisadi inkişafı hədəfləyirik. Çalışacağıq ki, postpandemiya dövründə, qısa müddət ərzində sahibkarlıq subyektlərinin gəlirlərinin ilkin səviyəsi və istehlak fəallığı bərpa edilsin. Bu addımlar həmçinin yeni iş yerlərinin yaradılmasına təkan verməlidir. İkinci mühüm məqam biznesin və investisiyaların canlandırılmasına, qeyri-neft-qaz sektorunun sürətli artımına nail olmaqdır. Bu sahədə qeyri-neft məhsullarının daha da stimullaşdırılması özəl investisiya qoyuluşunun təşviq edilməsi əsas prioritetlərdən olacaq.

Üçüncü biznes mühiti daha da yaxşılaşdırılmalı, xüsusilə orta sahibkarların imkanları daha da genişlənməlidir. Belə demək olarsa, əl-qolu tam açılmalıdır. Kiçik və orta biznesin ÜDM-in formalaşmasında dominant mövqeyinə nail olunması nəzərdə tutulur. KOB-ların dövlət satınalmalarında iştirakı təşviq edilməli, onlar dövlət sifarişlərinə daha çox cəlb edilməlidir. Haqsız rəqabətə yol açan hallara son qoyulmalıdır. Bunun üçün institutsional islahatlar və yeni qanunvericilik təşəbbüsləri həyata keçiriləcək. Sahibkarların maliyyələşməyə çıxış imkanları genişləndirilməlidir. Biznesin təşviqi alətlərinə biz yenidən baxmağa hazırlaşırıq. Dövlətin yanaşması belədir ki, təşviq mexanizmlərinin iqtisadi səmərəsi artırılmalıdır və priroritet sahələr üzrə təşviqedici vergi siyasətinə üstünlük veriləcək. Yeni özəlləşmə proqramının həyata keçirilməsi nəzərdə tutulub. Birbaşa xarici investisiyaların təşviqi mexanizmi təkmilləşdirilməli, eyni zamanda hesab edirik ki, dövlət investisiya proqramları dövlət-özəl tərəfdaşlığı çərçivəsində genişlənməlidir”.

Qeyd edək ki, Azərbaycanda kölgə iqtisadiyyatının səviyyəsi barədə müstəqil ekspertlər, xarici təşkilatlar və rəsmi statistikanın hesablamaları arasında həmişə kəskin fərq olub. Belə ki, Dövlət Statistika Komitəsi qeyri-şəffaf iqtisadiyyatın ümumi iqtisadiyyatda payını 8-9 faiz, yerli ekspertlər 70 faizdən yuxarı, beynəlxalq təşkilatlar isə bir qayda olaraq 50-60 faiz civarında hesablayırlar. Uzun illər boyu rəsmi qurumlar, ümumiyyətlə, kölgə iqtisadiyyatının Azərbaycanda problem yaradacaq səviyyədə olmadığını iddia ediblər. Lakin 2017-ci ildən etibarən ölkə rəhbərliyinin birbaşa göstərişi əsasında kölgə iqtisadiyyatının əsas fəsadlarından biri olan qeyri-rəsmi məşğulluğun azaldılması istiqamətində bir sıra addımlar atılıb. Bu zaman açıqlanan məlumatlardan aydın olur ki, Azərbaycanda qeyri-rəsmi məşğulluq rəsmi uçotda olan məşğulluqdan az qala iki dəfə yüksəkdir. Bu isə qeyri-rəsmi məşğulluğu yaradan amilin – kölgə iqtisadiyyatının da yüksək səviyyədə olmasından xəbər verir.

M.Cabbarov 2019-cu ildə Azərbaycanda kölgə iqtisadiyyatının ən geniş təşəkkül tapdığı sahələri açıqlayıb:

“Pərakəndə ticarət və ictimai iaşə sahələrində çox böyük qeyri-formallıq müşahidə edilir. 2018-ci ilin nəticələrinə görə, Dövlət Statistika Komitəsi ilə Vergilər Nazirliyinin rəqəmləri arasında çox böyük fərq olub. Bu fərq təxminən 7 dəfəyə qədər olub. Bu da bir daha kölgə iqtisadiyyatının həcmini göstərir”.

Nazir o zaman konkret rəqəmlər də səsləndirib:

“2018-ci ildə aparılan vergi nəzarəti tədbirləri nəticəsində iri topdansatış obyektlərində 930 milyon manat, market şəbəkələrində 122 milyon manat, özəl tibb müəssisələrində isə 230 milyon manat vəsaitin vergidən gizlədilməsi aşkar edilib”.

Beləliklə, nazirin dediklərindən aydın olur ki, 2018-ci ildə ticarət və tibb sahəsində vergidənyayınmanın həcmi 1,3 milyard manata yaxın olub!!! Bu qədər yayınmanı elə həmin sahələrdəki kölgə iqtisadiyyatının həcmi kimi də qiymətləndirmək mümkündür.

Səfər Mehdiyev

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin verdiyi məlumata görə isə 2018-ci ildə, sadəcə, malların və nəqliyyat vasitələrinin düzgün qiymətləndirilməsi və bəyan edilməsi, “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması ilə bağlı köklü islahatların həyata keçirilməsi nəticəsində 1 milyard manatdan artıq vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin olunub.

Vergi və gömrük sahəsində bir ildə uçotdan yayındırılan vəsaitin həcmi 2,3 milyard manat təşkil edibsə, demək, Azərbaycanda kölgə iqtisadiyyatının payı kifayət qədər yüksəkdir.

Ötən iki il ərzində uçotdanyayınmaların qarşısının alınması istiqamətində xeyli işlər görülsə də, 2020-ci ilin mart-aprelində pandemiya səbəbindən evə qapanma tədbirləri zamanı tətbiq edilən icazə sistemi məşğulluq sahəsində qeydiyyatdan yayınmanın yenə yüksək olaraq qaldığını göstərdi. Həmin vaxt hərəkət üçün icazə alınması məcburiyyətinə görə sahibkarlar 1-2 həftə ərzində əmək müqaviləsi ilə çalışdırmadıqları on minlərlə işçini qeydiyyata salmağa məcbur oldular. Bu isə ölkədə kölgə iqtisadiyyatının səviyyəsinin yetərincə azalmadığı deməkdir..

Məlumdur ki, kölgə iqtisadiyyatının əsas iştirakçıları məmur oliqarxlara məxsus biznes subyektləridir. Məhz yüksək vəzifəli məmurlara arxalanmaqla onlar fəaliyyətlərinin mühüm bir hissəsini qeydiyyatdan yayındırmağa müvəffəq olurlar. Bunu Prezident İlham Əliyev də öz çıxışlarında dəfələrlə vurğulayıb:

“Əfsuslar olsun ki, hələ kölgə iqtisadiyyatı bizim iqtisadiyyatımızın bir hissəsini ehtiva edir. Düzdür, bütün postsovet ölkələrində bu problem var və ölkələr çalışırlar ki, bu problemlə mübarizə aparsınlar. Azərbaycanda kölgə iqtisadiyyatına qarşı mübarizə daha mütəşəkkil formada aparılır. Bəzi hallarda dövlət məmurları, hansılar ki, eyni zamanda, müxtəlif biznes dairələrinə də kömək göstərirlər, onlar haqsız rəqabət aparırlar. Azərbaycanda inhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalıdır. Əgər biz buna nail olsaq, əlbəttə, biznes dairələri üçün daha yaxşı şərait yaradılacaq”.

Ölkə rəhbəri sahibkarlığın inkişafına mane olan problemlərdən də danışıb: “Biz çox yaxşı bilirik ki, inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulda əsas rolu kiçik və orta sahibkarlar oynayır. Bizdə isə hələ ki belə deyil. Biz də çalışmalıyıq elə bir şərait yaradaq ki, hər bir istedadlı insan, biznesə meyli, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun. Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir. Hüquq-mühafizə orqanları artıq məndən çox ciddi tapşırıq alıblar və siz nazir kimi çalışmalısınız ki, belə hallara yol verilməsin, əgər yol verilərsə, dərhal məni məlumatlandırın. Belə yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcəkdir. Ona görə biz sahibkarlara nəfəs verməliyik ki, onlar rahat işləsinlər. Vergidən başqa heç bir ödəniş ola bilməz.

Eyni zamanda haqsız rəqabət, bu da bizim üçün böyük yaradır. Buna təkan verən dövlət məmurlarıdır, hansıların ki, biznes maraqları var. Onlar öz imkanlarından istifadə edərək rəqibləri sıradan çıxarırlar, bəzi hallarda şərləyirlər. Elə şərait yaradırlar ki, onlar məcbur olub ya bizneslərini satsınlar, ya da ki, çıxıb getsinlər. Buna da yol vermək olmaz, heç kimdən çəkinmədən”.

Son illərdə oliqarx məmurların vəzifədən alınması, bir çoxlarının həbs olunması kölgə iqtisadiyyatının azalmasına səbəb olub. Lakin aydın görünür ki, ölkə rəhbərliyi əldə olunan nəticələrlə kifayətlənmək niyyətində deyil. İqtisadiyyata dərin nüfuz etmiş məmur-oliqarxların biznes fəaliyyətlərinə son qoyulması üçün addımlar davam etdirilməkdədir. Lakin ekspertlər hesab edirlər ki, kölgə iqtisadiyyatına qarşı effektiv mübarizə üçün bir sıra başqa addımlar da atılmalıdır. İqtisadçı-ekspert Rövşən Ağayevin fikrincə, ilk növbədə indiyədək atılmış addımlar təhlil olunmalı, nəticələri qiymətləndirilməlidir: “Kölgə iqtisadiyyatına qarşı mübarizə, əlbəttə, davam etdirilməlidir, mümkün olan ən aşağı həddə qədər məhdudlaşdırılmalıdır. Amma burada bir ”əmma” var: nədən “kölgə iqtisadiyyatı”nın real miqyasının nə qədər olduğunu açıqlanmır cəmiyyətə? Eləcə də ayrı-ayrı sahələr üzrə qara iqtisadiyyatın payının nə qədər olduğu niyə açıqlanmamalıdır?

Kölgədə gizlənən, müqaviləsiz işləyən faktiki muzdlu işçilərin mümkün sayı nə qədərdir? Onların hesabına rəsmiləşdirilməyən real əmək haqqı fondu nə qədərdir? Biznesin gizlətdiyi real dövriyyə nə qədərdir, bu dövriyyədə real olaraq nə qədər mənfəət və vergi gizlənir?

Niyə bu suallara cavab verən bir rəsmi araşdırma, bu araşdırmaya əsaslanan “kölgə iqtisadiyyatı ilə mübarizə strategiyası” olmamalıdır?” /musavat.com/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*