İran-ABŞ qarşıdurması fonunda ölkənin enerji tariflərində artım ola bilər – Ancaq BU HALDAbackend

İran-ABŞ qarşıdurması fonunda ölkənin enerji tariflərində artım ola bilər - Ancaq BU HALDA

Qlobal enerji bazarlarında baş verən dalğalanmalar, xüsusilə Yaxın Şərqdə artan hərbi-siyasi gərginlik fonunda qazın qiymətində müşahidə olunan yüksəliş dünya ölkələrinin daxili enerji siyasətini yenidən gündəmə gətirib. İran–İsrail–ABŞ qarşıdurmasının yaratdığı risklər, nəqliyyat marşrutları ətrafında qeyri-müəyyənlik və ixrac bazarlarında formalaşan yüksək qiymətlər enerji ixrac edən ölkələr üçün əlavə gəlir imkanları yaratsa da, daxili bazarda tarif siyasətinin gələcəyi ilə bağlı sualları artırır.

Azərbaycan da həm ixracatçı, həm də sosial həssas enerji siyasəti yürüdən ölkə kimi bu proseslərin mərkəzində dayanır. Xarici bazarda qiymətlərin yüksəlməsi fonunda “alternativ xərc” amili və büdcə yükü məsələsi yenidən aktuallaşır. Mövcud şərait daxili qaz tariflərinə yenidən baxılmasını zəruri edə bilərmi?

Mövzu ilə bağlı iqtisadçı ekspert Famil Niftiyev KONKRET.az-a açıqlamasında bildirib ki, Azərbaycanın daxili qaz tarifləri uzunmüddətli sosial və makroiqtisadi sabitliyi qorumaq məqsədilə dövlət tərəfindən tənzimlənir.

Dəri sənayesində yeni dövr | Kaspi.az

“Xarici bazarda qaz qiymətlərinin yüksəlməsi, xüsusilə İran–İsrail–ABŞ münaqişəsi fonunda Azərbaycanın ixrac imkanlarına və gəlirlərinə birbaşa təsir göstərir.

Bu proses iqtisadiyyatda “alternativ xərc” prinsipi ilə izah olunur. Əgər qaz xaricdə daha yüksək qiymətə satıla bilirsə, onu daxili bazara daha ucuz təqdim etmək iqtisadi baxımdan səmərəsiz görünür. Belə vəziyyətdə dövlət üçün iki seçim yaranır – ya daxili tarifləri mərhələli şəkildə artırmaq, ya da büdcə subsidiyaları hesabına qiymət sabitliyini qorumaq.”

Famil Niftiyevin sözlərinə görə, hazırkı geosiyasi gərginlik enerji bazarında riskləri artırıb, nəqliyyat marşrutlarını təhdid edib və qlobal qiymətlərin yüksəlməsinə səbəb olub.

“Bu isə Azərbaycan üçün bir tərəfdən ixrac gəlirlərinin artması, digər tərəfdən isə daxili bazarda gələcəkdə qiymət təzyiqlərinin formalaşması deməkdir.
Qısamüddətli dövrdə bu təsir dərhal tarif artımı ilə nəticələnməyə bilər. Lakin orta və uzunmüddətli perspektivdə iqtisadi reallıqlar daxili qiymət siyasətinə yenidən baxılmasını şərtləndirir”.

Beləliklə, mövcud geosiyasi vəziyyət Azərbaycanın enerji siyasətinə dolayı təsir göstərir və qərarvericilər üçün daxili qaz tariflərinin tənzimlənməsi məsələsini yenidən gündəmə gətirir. Bu proses isə dövlətin sosial öhdəlikləri ilə fiskal sabitlik arasında balansın qorunmasını tələb edir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*