İran açıqladı: “ABŞ bazalarına hücumda bu sistemdən istifadə etməmişik”backend

İran açıqladı: "ABŞ bazalarına hücumda bu sistemdən istifadə etməmişik"

İran Hərbi Hava Qüvvələrinin ABŞ-ın Qətər və Küveytdəki hərbi bazalarına həyata keçirdiyi hücumlar zamanı iranlı pilotların GPS, inertial naviqasiya sistemləri (INS) və radio rabitəsindən istifadə etmədiyi açıqlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə İran Hərbi Hava Qüvvələrinin koordinator müavini, briqada generalı Məsud Cəfəri bildirib. Məlumatı Mehr yayıb.

Generalın sözlərinə görə, İran pilotları uzun illərdir sanksiyalar şəraitində fəaliyyət göstərməyə öyrəşiblər, GPS və INS olmadan döyüş tapşırıqlarını yerinə yetirmək bacarığına malikdirlər. Onlar uçuşlar zamanı xəritələrdən və naviqasiyanın əsas üsullarından istifadə ediblər.

Cəfəri əməliyyatın əsas üstünlüklərindən birinin təyyarələrdən heç bir elektron siqnalın yayılmaması olduğunu bildirib.

“Biz heç bir siqnal yaymadıq – hətta radio rabitəsi və ya təyyarələrdən digər elektron siqnallar belə ötürülmədi”, – deyə iranlı general qeyd edib.

Onun sözlərinə görə, martın 2-də İran qüvvələri Qətərdə yerləşən Əl-Udeyd aviabazasına hücum edib. Adətən bu bazada təxminən 10 min ABŞ hərbçisi yerləşdirilir. Həmin gün İran Hərbi Hava Qüvvələrinin F-5 qırıcılarının Küveytdə yerləşən və ABŞ hərbçilərinin istifadə etdiyi Əl-Ədiri bazasına da zərbə endirdiyi bildirilib.

Cəfəri iddia edib ki, ABŞ və İsrailin İrana qarşı əməliyyatlarının ilk günlərində qarşı tərəf İran Hərbi Hava Qüvvələrinin belə bir hücuma cəsarət edəcəyini gözləməyib.

Generalın sözlərinə görə, Küveytdəki ABŞ bazasına hücumdan sonra Amerika hava hücumundan müdafiə sistemi yüksək hazırlıq vəziyyətinə gətirilib. O, həmçinin müttəfiqlərin açdığı atəş nəticəsində üç ABŞ F-15E “Strike Eagle” qırıcısının vurulduğunu iddia edib.

Cəfəri bildirib ki, Əl-Udeyd aviabazasına zərbə endirmək üçün “Su-24” qırıcı-bombardmançı təyyarələrində dörd pilot Şirazdakı Şəhid Dovran aviabazasından havaya qalxıb.

Onun sözlərinə görə, pilotlardan biri – briqada generalı Məcid Kazeminin cəsədi yaxın zamanda İrana gətirilib. Digər üç pilotun taleyi isə hələ də məlum deyil.

Qeyd edək ki, İran tərəfinin açıqladığı bu məlumatların bütün detalları müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*