“İran faktoru olmasaydı, Azərbaycan bu məsələyə cəhd edərdi” – Tehranın Xənkəndi RİYAKARLIĞIbackend

“İran faktoru olmasaydı, Azərbaycan bu məsələyə cəhd edərdi” - Tehranın Xənkəndi RİYAKARLIĞI

Rusiyanın Xankəndində sülhməramlıların dəstəyi ilə keçirdiyi mitinqlər separatçı rejimin özünü aldatdığını bir daha sübuta yetirdi. Belə ki, İrəvanda Koçaryanın etiraz təşəbbüsləri fiaskoya uğradı və müxalifətin Paşinyan hakimiyyətini devirəcəyinə dair fikirləri alt-üst etdi. Azərbaycan üçün yeganə təhlükə isə Rusiya, İran və Qərbin Xankəndidəki separatçılara dəstək verməsi və onları təxribatlara qızışdırmasıdır. Bu faktor Azərbaycanın Xankəndidəki “şər yuvası”nı dağıtmaq üçün antiterror əməliyyatları həyata keçirəcəyi məsələsini gündəmə gətirir. Bəs görəsən indiki şəraitdə sözügedən planın reallaşması nə dərəcədə mümkündür?

Mövzunu KONKRET.az şərh edən politoloq Əlimusa İbrahimov bildirib ki, Xankəndidə gedən mitinqlər separatçıların təqdim etdiyi kimi deyil: “Orada Vardanyanın pulu ilə müəyyən qədər görüntü yaratmağa çalışırlar. Amma əsas diqqət İrəvanda keçirilən mitinqlərə yönəlməlidir. Hansı ki, bu mitinqlər Ermənistan müxalifətinin fiaskoya uğraması ilə nəticələndi. Hərtərəfli hazırlaşmalarına və bütün müxalif qüvvələrin cəm olmasına baxmayaraq mitinq istədikləri kimi baş tutmadı. Bu onu göstərir ki, Ermənistanda yaşayan insanlar müxalifətin əsas məqsədinin ölkənin gələcəyini və Qarabağ məsələsini düşünmək olmadığını anlayırlar. Yalnız hadisələr fonunda yenidən hakimiyyətə gəlmək istədiklərini bilirlər. Odur ki, ermənilər yenidən Koçaryan-Sarkisyan klanının nəzarəti altına düşmək istəmirlər. Ona görə də, ermənilər Paşinyan və onun siyasi kursu ilə razıdırlar və Ermənistanı bir an öncə Qarabağ klanının məngənəsindən xilas etməyə çalışırlar. Bunun fonunda isə Avropaya meyl etmək və sivil dövlətlər kimi inkişafa qədəm qoymaq istəyirlər. Buna isə həm Ermənistan müxalifəti, həm də Rusiya qarşı çıxır. Rusiya Cənubi Qafqazdan əl çəkmək istəmədiyindən əlində olan bütün mexanizmlərdən yararlanmağa çalışır. Bu işdə Xankəndi və onun ətrafında yaşayan kiçik erməni qrupları Rusiyayay dəstək göstərir. Rusiya isə onlara silah paylamaqla gələcəkdə təxribatlar yaradacağına və öz varlığının Qarabağda labüdlüyünə hər kəsi inandıracağına ümid bəsləyir”.

Əlimusa İbrahimov: Aprel döyüşləri 44 günlük Vətən müharibəsinə aparan yolda ən uğurlu əməliyyat idi - AZƏRTAC

Politoloq əlavə edib ki, xankəndidəki şeytan yuvasını dağıtmaq üçün ora hücum etmək planı Azərbaycanda məqbul hesab olunmur: “Hesab edirəm ki, yaxın günlərdə bu məsələnin reallaşacağı mümkün deyil. Çünki Rusiya və Qərb bunun əleyhinədir. Azərbaycan isə eyni anda iki cəbhəyə qarşı mübarizə apara bilməz. Sadəcə olaraq Azərbaycan Rusiyaya sülhməramlıların təxribatçı işlərlə məşğul olduğunu bəyan etməlidir. Bu səbəbdən də 5 illik müddətin bitməsini gözləmədən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı vəsadət qaldıracağını diqqətə çatdırmalıdır. Üstəlik ilkin mərhələdə sülhməramlılarla birlikdə Qarabağa giriş-çıxışa nəzarət etməyə çalışmalıdır. Əks halda indi nə sülhməramlıların Qarabağdan çıxarılmasına, nə də Xankəndinə hücuma nail ola bilməz. Çünki burada müharibənin qarşısında Rusiya, ABŞ, İran və Avropa dayanıb. Bəlkə də İran faktoru olmasa idi, Azərbaycan bu məsələyə cəhd edərdi”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*