İranın Mülki Aviasiya İdarəsi Ukrayna təyyarəsinin qaçırılaraq İslam Respublikasına üz tutmasını təkzib edib.
KONKRET.az ISNA-ya istinadla xəbər verir ki, təkzibdə deyilir:
“Dünən (avqustun 23-də – red.) bir Ukrayna təyyarəsi yanacaq doldurmaq üçün Məşhəd hava limanına gəlib və yanacaq doldurduqdan sonra Ukraynanın Kiyev şəhərinə yola düşüb”, – deyə Mülki Aviasiya İdarəsinin sözçüsü Məhəmməd Həsən Zibəxş qeyd edib.
Ukrayna xarici işlər nazirinin müavini Yevgeni Yenin “Gromadske Radio”ya (İctimai Radio) müsahibəsində ötən həftənin Bazar günü Ukrayna vətəndaşlarını təxliyə etmək üçün Kabilə gələn Ukrayna təyyarəsini naməlum şəxslərin qaçırdığını bildirib.
Onun sözlərinə görə, hava gəmisi İrana üz tutub.
Yevgeni Yenin Ukrayna vətəndaşlarının Əfqanıstandan təxliyəsi üçün daha bir neçə cəhdin olduğunu dilə gətirib.
İranın Mülki Aviasiya İdarəsi qaçırılan təyyarə ilə bağlı müvafiq araşdırmanın aparılacağını bildirib.
Qeyd edək ki, Ukrayna XİN-in mətbuat katibi Oleq Nikolenko Ukrayna təyyarəsinin İrana qaçırılması xəbərini təkzib edib.
