İran Kanada baş nazirinin Ukrayna təyyarəsinin səhvən vurulduğu iddiasını “əsassız” sayıb.
KONKRET.az xəbər verir ki, İran hökümətinin sözçüsü Əli Rabiey bildirib ki, “ABŞ və müttəfiqlərinin əsassız iddiaları hadisədə həyatlarını itirənlərin ailələrinin və yaxınlarının yarasına duz basır”. İran Mülki Aviasiya İdarəsi də təyyarənin raket zərbəsi nəticəsində partladığı iddiasını rədd edir və bildirir ki, “araşdırmalar bir və ya iki il sürə bilər”.
Qeyd edək ki, Kanada Baş naziri Justin Trudeau deyib ki, əldə edilən dəlillər Tehranda düşən təyyarənin İran tərəfindən səhvən vurulduğunu göstərir. Paytaxt Ottavada keçirilən mətbuat konfransında danışan Trudeau bildirib: “Əlimizdə müttəfiqlərimiz və öz qaynaqlarımız da daxil olmaqla bir neçə mənbədən olan kəşfiyyat məlumatı var. Dəlillər təyyarənin İrana aid bir raket tərəfindən vurulduğunu göstərir. Bu, səhvən ola bilər. Eldə etdiyimiz bu yeni məlumat məsələ ilə əlaqəli çox dəqiq araşdırma aparılmasının vacibliyini diqqətə çatdırır”.
Trudeau 176 nəfərin öldüyü təyyarə qəzasıyla əlaqədar olaraq geniş araşdırma aparılmasına çağırış edib. O bu məsələ ilə bağlı suallarının olduğunu və onlara cavab tapılmayana qədər sakit olmayacağını bildirib. İngiltərə də “təyyarənin raketlə vurulması ehtimalı” səbəbiylə İrana səyahət edəcək vətəndaşlarına xəbərdarlıq edib.
Britaniya baş naziri Boris Conson da oxşar açıqlama verib. “Əldə olunan məlumatlara görə, təyyarə İran tərəfindən “yer-hava” tipli raketlə vurulub. Bu, böyük ehtimalla qəsdən olmayıb”, – deyə Boris Conson bildirib.
ABŞ prezidenti Donald Tramp da məsələ ilə bağlı şübhələrin olduğunu və təyyarənin səhvən vurula biləcəyini söyləyib.