İrana məxsus hərbi təyyarənin fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca uçuş həyata keçirməsi rəsmi Bakını bərk hiddətləndirib. Tehranın bu cür təxribatlarla hansı mesajlar vermək istədiyi maraq doğursa da, atılan addım beynəlxalq ekspertlər tərəfindən siyasi tərbiyəsizlik kimi dəyərləndirilir. Eyni zamanda hərbi təyyarəsinin iki ölkə arasında dövlət sərhədinə bu qədər yaxınlaşmasının Azərbayca və İran arasında münasibətləri daha da gərginləşdirməyə xidmət etdiyi vurğulanır. Bəs görəsən Tehranın məqsədi nədir? Bu kimi təxribatlar iki ölkə arasında müharibəyə gətirib çıxara bilərmi?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Cümşüd Nuriyev bildirib ki, edilən hərəkət həm təxribat, həm də İran tərəfinin siyasi tərbiyəsizliyi kimi qiymətləndirilməlidir: “Beynəlxalq Hava Məkanı Haqqında Konvensiyaların hamısında göstərilib ki, hansısa dövlətin sərhədinə yaxınlaşmaq və ya onu keçmək istəyərkən xəbərdarlıq olunmalıdır. İran başa düşməlidir ki, Azərbaycanın Hava Hücumundan Müdafiə sistemi çox yüksək səviyyədədir. Bizi yoxlamaq istəyirlərsə başa düşməlidirlər ki, Azərbaycan Hava Hücumundan Müdafiə Sistemi tamamilə modernləşib. Ölkə sərhədinə daxil olmaq istəyən bütün təyyarələrin raketlər vasitəsilə anında vurulacağı qaçılmazdır. İran bunu anlamalıdır. İkincisi, atılan addım sensasiya yaratmaqdan başqa bir şey deyil. Yəni Arazboyu uçmaqla Biləsuvara qədər gəlb oradan geri qayıtmaq Ermənistana “sizin yanınızdayıq” mesajıdır. Azərbaycana isə öz aləmlərində “bizim gücümüz var” mesajını göndərirlər. Molla təfəkkürü ilə bundan artığını düşünmək mümkün deyil. Amma bizim Xüsusi Təyinatlılar onların yanında “canavar” kimi görünürlər. Odur ki, hazırlıqsız və ucuz şou yaratmaq yalnız fars-molla rejiminin ağlına gələ bilər”.
Politoloq İranın bu cür təxribartçı hərəkətinin səbəbsiz olmadığını dilə gətirib: “Rəsmi Tehran özünü bölgənin lideri hesab etmək arzusunu gizlətmir. Amma fars-molla rejimi anlamır ki, Yaxın və Orta Şərqin lideri Türkiyədir. Türkiyənin yürütdüyü siyasətə isə İran 50 il də çalışsa, çata bilməz. Bundan başqa İran ermənilər və ruslardan başqa heç bir qonşusu ilə yola gedə bilmir. Hər zaman avantüra ilə məşğul olub. Amma İranı hazırda iki səbəb qızışdırır. Birincisi, onların “bacı” hesab etdikləri Ermənistanın məğlubiyyəti, ikincisi, Azərbaycan-İsrail əlaqələrinin yüksək səviyyədə olması Tehranı özündən çıxarır. Rəsmi Tehran Azərbaycanın öz maraqlarının olduğunu anlamır. Ona görə də, bizi ittiham edir. Amma Azərbaycan tərəfi İrana lazımi cavabı verir. İlk dəfədir ki, iki nazirlik (XİN və MN) bir araya gələrək bəyanat yayıblar. Bəyanatın mətni də çox peşəkarlıqla hazırlanıb. Digər tərəfdən Azərbaycan mediası İranın addımına layiqli münasibət bildirir. Əslində bu cür məsələlərdə müxalifət partiyaları da susqun qalmamalıdır”.
Cümşüd Nuriyevin sözlərinə görə, İranın Azərbaycanda “agent” saydığı adamların hamısı çoxdan DTX-nın nəzarətindədir: “Rəsmi Tehran bu addımları atdıqca yeni “agentlər” ortalığa çıxacaq. 2023-cü il başlayandan İran Azərbaycana qarşı özünü adekvat aparmır və bütün sərhədləri aşır. Bununla Azərbaycanı çökdürəcəyini düşünür. Amma İran başa düşmür ki, “özünə umac ova bilməyən, başqasına əriştə kəsə bilməz”. Rəsmi Tehran öz problemləri ilə məşğul olsa, yaxşıdır. Dövlət problemləri həll edə bilmədiyi üçün öz vətəndaşlarına qan uddurur. Bütün bunlar fars-molla rejiminin insanlıqdan kənar olduğunu sübuta yetirir. Hesab edirəm ki, İranın təxribatları Azərbaycanla müharibə həddinə gətirib çıxara bilməz. Rəsmi Bakı müharibəyə hazırdır. Amma fars-molla rejimi başa düşməlidir ki, İranın Azərbaycanla sərhədində milyonlarla türk yaşayır. Bundan başqa orduda da türklər çoxluq təşkil edir. Odur ki, əgər müharibəyə girişsə, oradakı türklərin böyük əksəriyyəti Azərbaycanın yanında yer alacaq. Bu, İranın bir dövlət kimi tamamilə yer üzündən silinməsinə gətirib çıxara bilər”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
Müharibəni siyasətçilər başladır, varlılar pul xərcləyir, kasıblar övladlarını döyüşməyə yollayır. Müharibə qurtarandan sonra siyasətçilər biri-birini didişdirir, varlılar qiymətləri qaldırır, kasıblar övladlarını dəfn edir. Cümşüd boş-boş qırıldadıb müharibəni qızışdırmaqla gündəmdə qalır. Nə itirir ki? Bilir ki, nə özü, nə övladları gedib vuruşan deyil.