Yaxın Şərq və ətraf regionda artan hərbi gərginlik qlobal enerji bazarlarında ciddi dalğalanma riski yaradır. Müharibə ehtimalı neft və qaz qiymətlərinə birbaşa təsir göstərə, tədarük zəncirində fasilələrə səbəb ola bilər. Bu fonda Azərbaycanın enerji ixrac strategiyasının dəyişib-dəyişməyəcəyi, alternativ nəqliyyat marşrutlarının təhlükəsizlik baxımından risk altına düşüb-düşmədiyi məsələsi aktuallaşır.
Regionda müharibə enerji qiymətlərinə necə təsir edə bilər?
Azərbaycanın ixrac strategiyası dəyişə bilərmi?
Alternativ marşrutlar risk altındadırmı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov suallarımızı cavablayıb.

“Ümumiyyətlə, Azərbaycanın bəlli bir ixrac strategiyası var”.
Eldəniz Əmirovun sözlərinə görə, strategiyanın tez-tez dəyişilməsi mümkün deyil. Çünki plan tez-tez dəyişilirsə, bu artıq strategiya olmaq hədəfindən çıxır. Bu isə ölkənin etibarı ilə bağlı suallar yaradır. Buna görə də ölkənin ixrac strategiyasının dəyişəcəyi gözlənilmir.
“Azərbaycanın həm neft, həm də qaz ixracında bəlli istiqamətləri var. Düzdür, müəyyən istiqamətlər əlavə edilə və yaxud da kiçik korrektələr oluna bilir. Amma böyük ölçüdə hansısa dəyişik olmayacaq” — deyə iqtisadçı vurğulayıb.
Azərbaycanın neft və qaz ixracı ilə bağlı probleminin olmadığını qeyd edən Eldəniz Əmirov deyib:
“Çünki həm neft, həm də qaz ixracının böyük hissəsi təhlükəsizlik marşrutlar üzərindən icra olunur”.
Dəniz Pənahova
KONKRET.az
