İran Səudiyyə Ərəbistanı ilə Küveyt arasında Fars körfəzindəki Durra qaz yatağının işlənməsi ilə bağlı əldə olunan razılaşmanı “qanunsuz” hesab edib.
KONKRET.az Anadolu-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə verdiyi yazılı açıqlamada bildirib.
Xətibzadə Fars körfəzindəki qaz yatağının bir hissəsinin İran və Küveyt arasındakı ərazi sularının sərhədində yerləşdiyini bildirib:
“Beynəlxalq qaydalara və prosedurlara görə, bu sahənin fəaliyyəti və inkişafı ilə bağlı hər hansı təşəbbüs üç ölkənin koordinasiyası və əməkdaşlığı ilə həyata keçirilməlidir. Ona görə də Küveyt və Səudiyyə Ərəbistanının əməkdaşlıq sənədi mövcud qanunlara ziddir”.
İki ölkə arasında əldə olunan razılaşmanın İran tərəfindən bəyənilmədiyini və bunun sözügedən qaz yatağının statusuna heç bir təsirinin olmayacağını bildirən Xətibzadə, İranın problemin həlli üçün hər iki ölkə ilə danışıqlara hazır olduğunu açıqlayıb.
Qeyd edək ki, Fars körfəzində yerləşən və 1967-ci ildə kəşf edilən Ərəş/Durra qaz yatağı illərdir İran və Küveyt arasında problemlər yaradır. Qaz yatağının İran tərəfdəki hissəsi Ərəş, Küveyt tərəfi isə Durra adlanır. Səudiyyə Ərəbistanı və Küveyt martın 21-də birgə neft yataqlarının yaxınlığındakı Durra qaz yatağının işlənməsinə dair saziş imzalayıb .
İqbal Rzayev,
KONKRET.az
