İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Birləşmiş Ştatların ünvanına sərt bəyanatlarla çıxış edib. O, Vaşinqtonun strateji əhəmiyyətə malik olan Hörmüz boğazı ətrafında əldə olunan razılaşmaları pozmağa cəhd göstərdiyini və İranın buna əsla imkan verməyəcəyini qətiyyətlə bildirib.
KONKRET.az xəbər verir ki, Qalibafın sözlərinə görə, ABŞ tərəfi boğazın cənub marşrutundan istifadə etməklə mövcud dəqiq razılaşmaları birtərəfli qaydada pozmağa çalışır. Parlament sədri vurğulayıb ki, müharibədən əvvəlki dövrdə Ormuz boğazından hər gün azı 120 gəmi keçirdisə, hazırda bu rəqəmin gündə bir və ya iki gəmiyə enməsi belə keçmiş səviyyədən çox uzaqdır:
“Birləşmiş Ştatlar quldurlar və qaçaqmalçılar kimi boğazdan bir neçə gəmi keçirməyə çalışır, lakin bizim silahlı qüvvələrimiz buna qətiyyətlə müqavimət göstərir. Silahlı qüvvələrimiz Ormuz boğazına tam şəkildə nəzarət edir”.
ABŞ-ın bəyanatlarını tənqid edən Qalibaf bildirib ki, əgər həqiqətən də boğaz Amerika qüvvələrinin tam nəzarəti altındadırsa, onda onlar nə üçün hər gün bu iddianı təkrarlamaq məcburiyyətində qalırlar və İranın nəzarətindəki adalara hücum edirlər? Onun sözlərinə görə, amerikalılar gəmiləri saxta olaraq inandırmağa çalışırlar ki, guya boğazdan təhlükəsiz keçmək mümkündür, lakin sonradan həmin gəmilər hücuma məruz qalırlar.
İranlı rəsmi Qərbi və ABŞ-ı açıq şəkildə hərbi cavabla hədələyərək qeyd edib ki, təzyiqlər və blokada davam edəcəyi təqdirdə Tehran bütün imkanları ilə cavab verəcək:
“Əgər onlar blokadanı gücləndirsələr, biz mütləq hərbi yolla cavab verəcəyik – və bundan hamı əziyyət çəkəcək. Əgər düşmən bizim Fars körfəzindən neft ixrac etməyimizə imkan verməmək niyyətindədirsə, bilin ki, heç kim oradan neft ixrac edə bilməyəcək!”
Natiq Səlim,
KONKRET.az
