İranlı nazir Bakıda: Zəngəzur da müzakirə edilirbackend

İranlı nazir Bakıda: Zəngəzur da müzakirə edilir

Son dövrdə qonşu dövlətlərdən ölkəmizə edilən mütəmadi səfərlər Qarabağda iş götürmək, müəyyən layihələrdə iştirak və iş adamlarının regiona cəlb edilməsi ilə əlaqədardır.

KONKRET.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, cənab Prezidentin də qeyd etdiyi kimi, Qarabağın yenidən qurulması işində 44 günlük müharibə ərzində Azərbaycana dəstək olan ölkələrin şirkətlərinə üstünlük verilir:

“Bu sahədə hazırda konkret addımlar atan dövlət strateji müttəfiqimiz Türkiyədir. Onlar artıq Qarabağda müəyyən işlər də görürlər. Bizə yaxın olan İtaliya da bu prosesdə iştirak etmək arzusundadır. İsrail Zəngilanda süd emalı zavodu açmaq istəyir. İran dövləti də həm ölkəmizdəki səfir səviyyəsində, həm nazirlər səviyyəsində Qarabağda gedən işlərdə iştirak etmək istədiklərini bildirib”.

Millət vəkili İranın yol və şəhərsalma naziri Məhəmməd İslaminin səfəri zamanı Qarabağdakı işlərlə bərabər, Zəngəzur dəhlizi ilə bağlı qarşılıqlı maraq doğuran məsələlərin müzakirə ediləcəyini də qeyd edib:

“Zəngəzur dəhlizinin açılmasında həm Azərbaycan, həm Türkiyə, həm Rusiya, müəyyən mənada İran və Avropa maraqlıdır. Ermənistanın özü də dəhlizin açılmasından xeyli divident əldə edəcək. İranın nəqliyyat nazirinin ölkəmizə səfəri çərçivəsində yəqin ki, həm Xarici İşlər Nazirliyi, həm dövlət başçısı səviyyəsində görüşlər keçiriləcək. Görüşlər zamanı da Qarabağla və Zəngəzur dəhlizi ilə bağlı məsələlər müzakirə ediləcək”.

Vahid Əhmədov Zəngəzur dəhlizinin açılması məsələsində Azərbaycan dövlətinin mövqeyinin qəti olduğunu vurğulayıb:

“Bəzən Zəngəzur dəhlizinin açılması məsələsinin 10 noyabr üçtərəfli bəyanatında qeyd olunmadığını deyirlər, ancaq bu məsələ bəyanatda öz əksini tapıb. Ölkə başçısının da qeyd etdiyi kimi, Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi mütləq açılacaq. Bununla bağlı geriyə heç bir addım atılmayacaq”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*