Ermənistanda Qərb və Rusiyayönlü siyasi qüvvələr arasında rəqabətin dərinləşməsi ölkənin gələcək kursu ilə bağlı müzakirələri artırıb. Ekspertlər hesab edir ki, Ermənistan tədricən Qərblə Rusiyanın qarşıdurma meydanına çevrilir və “ikinci Ukrayna” ssenarisi riski ilə üz-üzə qalır. Bu fonda “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanın xarici dairələr tərəfindən dəstəklənməsi xüsusi diqqət çəkir.
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan deputat Aydın Mirzəzadə deyib ki, erməni siyasi qüvvələri Rusiya və Qərbyönümlü olmaqla iki qarşı əks qütbə bölünüblər:
“Hər biri Ermənistanın inkişafını özünün yönəldiyi istiqamətdə görür. Bu isə Ermənistan cəmiyyətini faktiki olaraq parçalayır. Bütün bu hal ondan irəli gəlir ki, Ermənistanın müstəqil siyasəti yoxdur. Ermənistan 1991-ci ildə müstəqilliyi əldə etdikdən sonra özünün bütün məsələlərini bu və ya digər dövlətin, yaxud da güc mərkəzlərinin dəstəyi ilə həll edib. İndiyə qədər onun müstəqil dövlətçilik platforması yoxdur. Bütün problemlərini hakimiyyətdə olan komandalar hansısa bir güc mərkəzinin hesabına və yaxud da onun dəstəyi ilə həll etməyə çalışır. Bu qarşıdurma seçkilər öncəsi daha da güclənir. Bunun nəyə gətirib çıxaracağını demək çətindir. Nəticəni seçkidən sonra görəcəyik. Amma Ermənistandakı vəziyyət vaxtilə Ukraynada olan hadisələri xatırladır. Ukraynada da cəmiyyətin iki kəskin qütbə bölünməsi indiki vəziyyətinə gətirib çıxartdı. Azərbaycan Silahlı Qüvvələrinin qətiyyəti Ermənistanın işğal edilmiş torpaqlardan qovulmasına gətirib çıxartdı və indiki şəraitdə İrəvan artıq yeni siyasətini formalaşdırmalıdır. Bunu bu və ya digər güc mərkəzlərinin hesabına etmək yenə də ona müəyyən problemlər yaradacaq”.
Deputat qeyd edib ki, Ermənistanda seçkiqabağı müxtəlif qütblərə bağlı şəxslərin siyasi partiya yaradaraq seçiciləri öz tərəfinə çəkmək istəməsi də daxili siyasətin ştrixlərindən hesab edilə bilər:
“Hətta bu azmış kimi onlar vaxtilə Azərbaycan ərazisində cinayətlər törətmiş və məhkəmənin qərarı ilə həbs edilmiş şəxsləri də siyasi gündəmin mövzularına çevirməyə çalışırlar. Amma Azərbaycan suveren hüquqlarını heç vaxt kiminsə öz siyasətində istifadə etməsinə imkan verməyəcək. Ermənistan öz yolunu özü seçməlidir”.
Politoloq Züriyə Qarayeva isə bildirib ki, Ermənistanın “növbəti Ukrayna”ya çevrilməsi fikri ölkənin daxili siyasətinin getdikcə daha çox xarici güclərin rəqabəti üzərindən formalaşması ilə izah olunur:
“Bu gün Ermənistan siyasi səhnəsində əsas xətt müstəqil milli platforma deyil, Qərbyönlü və Rusiyayönlü düşərgələrin qarşıdurmasıdır. Paşinyan hakimiyyəti özünü Avropa İttifaqı və ABŞ-la yaxınlaşma xəttinin daşıyıcısı kimi təqdim edir, ona qarşı çıxan qüvvələr isə daha çox Rusiya ilə münasibətlərin qorunmasını müdafiə edir. Bu isə Ermənistan cəmiyyətini daxili sosial-iqtisadi gündəmdən uzaqlaşdırır və ölkəni böyük güclərin geosiyasi hesablaşma məkanına çevirir. Nəticədə Ermənistanın siyasi qərarları daha çox daxili ehtiyacların deyil, xarici mərkəzlərin maraqlarının təsiri altında formalaşır”.
Politoloqun sözlərinə görə, proseslərin fonunda Karapetyan fiqurunun önə çıxarılması təsadüfi görünmür:
“O, Ermənistan daxilində Rusiya kapitalı, diaspor təsiri və alternativ siyasi mərkəzlər mövzusu ilə əlaqələndirilir. Paşinyan hakimiyyəti onu gündəmdə saxlamaqla Rusiyayönlü şəbəkələrin Ermənistanda siyasi revanş cəhdi göstərdiyi mesajını verməyə çalışır. Digər tərəfdən, bu proses Qərbə də “Ermənistanda Rusiya təsiri hələ də təhlükədir” siqnalı kimi təqdim olunur. Beləliklə, Ermənistan daxildə sabit dövlətçilik platforması qura bilmədiyi üçün xarici təsirlərin toqquşduğu poliqona çevrilir və bu vəziyyət ölkənin siyasi suverenliyini daha da zəiflədir”.
