Bu, sadəcə bir foto deyil… – Qubadlının yaddaşında iz buraxan siluetdir – FOTObackend

Bu, sadəcə bir foto deyil... – Qubadlının yaddaşında iz buraxan siluetdir - FOTO

Bu şəkli illər öncə çəkmişdim. Şəklin yaşı 15 ilə gedib çıxır. Maşını lentə alanda bilirdim ki, foto sonralar min səhifəlik kitabın deyə bilmədiyini anladacaq bizlər üçün. Qubadlılılar yaxşı tanıyır bu maşını. Pas basmış dəmir, solmuş boya, sınıq-salxaq kuzov, illərin yorğunluğunu üzərinə yığmış təkərlər… Elə bil çoxdan danışmaqdan əl çəkmiş qoca bir adamdır. Onun sahibi Ramiz dayıya da oxşayır. İkisinin də yaşı 80-ə yaxınlaşır. Ramiz dayıdan fərqli olaraq bu maşın susur. Amma mənə elə gəlir ki, ilk baxışdan belədir. Əksinə, o çox şey danışır. Ramiz dayının Qubadlıda sürdüyü QAZ-53… 1990-cı illərin Qubadlısında ona “Ramiz dayının lafkası” da deyirdilər. Maşının səsi eşidiləndə uşaqlar yol kənarına qaçardı. Böyüklər isə bilirdi: çörək gəlir. Dondarlıda, Qubadlıda, bəlkə də xeyli kəndlərdə bu maşından qabaq çörəyin ətri yayılırdı elə-obaya.

Təzə bişmiş buxankanın o isti, özünəməxsus qoxusu hamını məst edərdi. Kimsə çörək almağa qaçardı, kimsə Ramiz dayını səsləyərdi. Kişi isə həvəslə həmin bərəkəti evlərə daşıyardı.

Foto bizə Qubadlının küçələrində mühərrikin səsini eşitdirməyə çalışır sanki. Maşın özünün kuzovunda zamanın izini göstərir bizə. Məncə, onun ən böyük pası dəmirinin üzərində deyil. Ən böyük pas xatirələrin üzərindədir. O xatirələrin ki, neçə-neçə qışdan, yaydan, yağışlardan, palçıqlardan keçib. Toyların, yasların, bayramların, adi iş günlərinin şahidi olub. İnsanların çörəyə sevgisini görüb. Uşaqların isti buxankanı qucaqlayıb evə necə qaçdığının şahidi olub. Bəlkə də neçə-neçə ailənin süfrəsinə ilk tikəni özü aparıb. Sonra bir gün hər şey dəyişib. Qubadlı işğal olunub.

1993-cü il avqustun 31-də Qubadlı erməni silahlı birləşmələrinin hücumu nəticəsində tar-mar oldu. Rayonun əhalisi doğma yurdlarından ölkəmizin hər yerinə səpələndi. Həmin günlərdə insanlar evlərini, həyətlərini, bağlarını, əşyalarını geridə qoyub bizə pənah gətirdilər. Ramiz dayının maşını da o illərdən qopub yad şəhərə gəldi. İndi də elinə bağlı adamlarda, doğmalarımızda lafkanın bir ağırlığı var. Bu ağırlıq çörəklə yaddaş arasındakı münasibətdən doğur. Bilirsiniz, çörək isti olanda insan onu əlinə alır və evinə aparır. Xatirələr də belədir. İnsan onları illərlə özü ilə daşıyır. Birinin qoxusu uşaqlığı qaytarır, bir səs kəndi, bir küçə doğma evi yada salır. Bəzən isə bir maşın bir tarixi danışır. Ramiz dayı özü də bilmədən həyətində, bir rayonun susmuş səsini qoruyub-saxlayırdı. O, bəlkə də heç vaxt bilməyib ki, artıq yükü çörək deyil. Yükü ağırdan-ağır bir xatirədir. Ramiz dayı özü xatirələr adamıdır. O, doğma yurdunu yalnız ürəyində deyil, əşyalarında da yaşadıb həmişə. Köhnəlmiş, bir küncə atılmış QAZ-53-ü ilə. Ramiz dayı öz lafkasına baxanda sadəcə maşın görmürdü.

O 30 ildən çox Qubadlını görürdü sanki. Küçələri, insanları, səhər tezdən oyanan Qubadlını, Dondarlını, yol kənarında dayanan uşaqları, tanış simaları… Maşının hər paslı yerində bir xatirə gizlənirdi.

Con Steynbekin “Qəzəb salxımları” romanında belə bir parça var. Bir ailənin başçısı evindən didərgin düşərək köhnə yük maşını ilə Kaliforniyaya doğru yola çıxır. Əsərdə həmin maşın ailənin bütün həyatının bir avtomobilə sığışdırılmasının simvolu kimi izah olunur. Steynbekin maşını da bir ailəni doğma torpaqlarından çox uzaqlara aparırdı.

Ramiz dayının maşını da əvvəlcə insanlara doğma torpağın çörəyini aparırdı. Amma tale elə gətirdi ki, fələk vurdu, yan keçdi. Dayım bəzən içdən qıyna çəkir. Axı bir vaxtlar Qubadlının küçələrində çörək aparan maşın indi Qubadlının özündən xəbər verən səssiz bir şahidə çevrilmişdi. Öz həyat yoldaşı ilə xatirələrini, qayğılarını və həyatın faniliyini elə lafkanın köhnəliyi canlandırırdı gözümüzün önündə. Bu mənada gördüyünüz mənzərə bir nostalji deyil. O, həm də zamanın təkəridir. Sanki zamanın özü sərgilənib qarşımızda.

Şükür Allaha, artıq Qubadlı haqqında danışanda təkcə dağıdılmış evlərdən, işğaldan, itkilərdən, şəhidlərdən, dağıdılmış abidələrdən danışmırıq. Həm də qələbədən, zəfərdən, qürurdan söz açırıq. Amma bir elin, obanın ruhunu anlamaq üçün bəzən onun böyük tarixindən yox, bir buxankadan danışmaq kifayətdir. Bir uşağın isti buxankanı sinəsinə sıxmasını dilə gətirmək lazımdır, emosiya ilə, yanğı ilə, hərarətlə. Ramiz dayının bu maşını bax həmin hisslərin uzaqdan görünən siluetidir. Hə bir də itirilmiş bir dünyanın fotosudur. Ramiz dayının ruhunun dəmir formasıdır.

İndi bu maşın da yoxdur, amma sən varsan. Çörəkli maşının canlı sahibi, yaşın 100-ə çatsın, əziz dayım.

Fadil Paşayev,
Əməkdar jurnalist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*