backend

İRƏVANDA QALMAQAL: Bələdiyyəyə 20 KamAZ hədiyyəsi

Bu günlərdə İrəvan meriyasına maraqlı hədiyyə daxil olub – şəhərin kommunal təsərrüfatının balansına 20 KamAZ markalı zibilyığan maşın hədiyyə edilib. Məsələnin maraqlı tərəfi isə ondan ibarətdir ki, hədiyyələri ölkənin keçmiş maliyyə naziri və sabiq Dövlət Gəlirlər Komitəsinin keçmiş rəhbəri Qaqik Xaçatryan göndərib. Daha maraqlı məqam isə “super nazir” ləqəbli Xaçatryanın hazırda həbsxanada olmasıdır.

Hədiyyələr barədə yazan “Jamanak” qəzeti qeyd edib ki, “məhz bununla əlaqədar olaraq xeyriyyəçinin adı gizli saxlanılır, çünki bələdiyyə başçısı Hayk Marutyan izah edə bilmir ki, keçmiş DGK-nın sədri belə bir səxavətli hədiyyəni niyə və ya nəyin qarşılığında göndərib…”

KONKRET.az xatırladır ki, iki gün əvvəl İrəvan Ağsaqqallar Şurasının “Luys” fraksiyasının üzvü David Xajakyan tanınmış iş adamı Samvel Aleksanyanın bələdiyyəyə 20 KamAZ avtomobili hədiyyə etdiyini və bələdiyyənin susqunluğunun “müəyyən səbəblər” üzündən olduğunu söyləmişdi. Bələdiyyənin mətbuat katibi Hakob Karapetyan “Luys” fraksiyasının iddialarını rədd etsə də, xeyriyyəçinin kimliyini açıqlamaq istəməmişdi.

Qaqik Xaçatryana gəlincə, o və qardaşı oğlu (keçmiş DGK rəsmisi Karen Xaçatryan) avqustun 27-də Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən həbs olunublar. Qaqik Xaçatryan Cinayət Məcəlləsinin 308-ci maddəsnin 2-ci hissəsinə (“Ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmaqla rəsmi vəzifə səlahiyyətlərindən sui-istifadə”) və 179-cu maddənin 3-cü hissəsinin 1-ci bəndinə (“Xüsusilə külli miqdarda dövlət vəsaitlərinin mənimsənilməsi və ya israf edilməsi”) əsasən müqəssir hesab olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*