İslahatların və parlament seçkilərinin HƏDƏFİ – Proses bizi hara aparır?backend

İslahatların və parlament seçkilərinin HƏDƏFİ - Proses bizi hara aparır?

İdarəetmə özü bir mədəniyyətdir və yüksək idarəçilik qabiliyyəti tələb edir. Bu fitri istedada isə hər kəs sahib olmur. Ümumiyyətlə yüksək idarəçilik qabiliyyəti olan şəxsiyyətlər yüz ildə bir doğulur desək, heç də yanılmarıq.  Müasir Azərbaycanın qurucusu və memarı olan ümummilli lider Heydər Əliyev də, məhz yüksək idarəçilik qabiliyyətinə sahib, intellektual səviyyəsi güclü olan dahi bir şəxsiyyət kimi “odlar yurdu” –nun tarixinə adını qızıl hərflərlə yazdırmağı bacarıb. Bunu görmək üçün 90-ların əvvəlinə, daha dəqiq desək AXC iqtidarı dönəminə nəzər yetirmək kifayət edir. Səriştəsiz hakimiyyətin yürütdüyü yarımçıq siyasətin nəticəsi idi ki, Azərbaycan adlı məmləkət parçalanmaq və məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Yalnız yüksək idarəçilik qabiliyyətinə malik ulu öndər Heydər Əliyevin Azərbaycana geri dönməsi ilə, ölkə parçalanmaq təhlükəsindən xilas oldu və sürətli inkişaf yoluna qədəm qoydu.

Böyük fəxarət hissi ilə deməliyik ki, bu gün ümummilli liderin miras qoyduğu siyasi kursu , prezident İlham Əliyev layiqincə davam etdirir. Azərbaycanın daxili və xarici siyasətinin düzgün tənzimlənməsinin nəticəsidir ki, ölkəmizin beynəlxalq aləmdə nüfuzu hər ötən gün daha da artır.  Demokratik prinsiplərə və dərin tarixi köklərə malik ölkəmiz haqqında həttə avropalılar da yüksək fikirlər səsləndirirlər. Məsələn Fransız deputat Bertran Sor yerli mətbuata açıqlamasında Azərbaycan haqqında yüksək fikirlər səsləndirərək, ölkəmizin Avropada qadınlara səsvermə hüququnun ilk tanındığı ölkə olduğunu dilə gətirib.

Elə prezident İlham Əliyev də, ölkənin demokratik prinsiplər əsasında idarə olunmasının vacibliyi haqda hər dəfə çıxışlar edir, məmurlara ciddi tapşırıqlar verir və ölkə siyasətinin təməlində Azərbaycan vətəndaşının maraqlarının dayandığını vurğulayır.  Əlbəttə ki, əməli fəaliyyətin və böyük uğurların qazanıldığı ölkədə,  inkişafı gözü götürməyənlər də mütləq olur.  Bu cür qara qüvvələr ölkədə aparılan demokratik islahatlara kölgə salmaq, inkişaf tempinə mane olmaq üçün ən çirkin üsullara əl atmaqdan çəkinmirlər.  Ən ağrılı məqam isə ondan ibarətdir ki,  həyata keçirilən islahatlara kölgə salmaq istəyən şəxslər arasında, hazırda müxtəlif vəzifələr tutan, etimad göstərilən insanlar da az deyil.

Dövlətin büdcəsinə göz dikən, vəzifəsi xalqa xidmət etmək olsa da, özünü əsl oliqarx kimi aparan bu şəxslər artıq ölkə başçısının qəzəbinə tuş gəlib desək, yanılmarıq. Son bir neçə ildə həyata keçirilən sosial-siyasi və kadr islahatları bunu deməyə əsas verir. Belə ki, ölkə başçısı  xalqı incidən, büdcəyə göz dikən məmurları, etimadı doğrultmadıqları üçün vəzifədən kənarlaşdırır, əvəzində isə daha potensiallı gənc və perspektivli şəxsləri vəzifəyə təyin edir.  Bununla yanaşı xalqın sosial rifahının yaxşılaşdırılması istiqamətində konkret əməli addımlar atılır. Ölkədə demokratik və şəffaf seçkilərin keçirilməsi üçün ciddi tapşırıqlar verilir.  Atılan hər bir addım isə ölkənin inkişafına və xalqın rifahına hesablanır.

Elxan Şahinoğlu

Ölkədə baş verən prosesləri, həyata keçirilən siyasi-iqtisadi və sosial islahatları KONKRET.az-a şərh edən “Atlas” Araşdırmalar Mərkəzininin rəhbəri, politoloq Elxan Şahinoğlu maraqlı məqamlara toxunub. Politoloqun sözlərinə görə, Prezidentin son iclasında səsləndirdiyi fikirlərə nəzər yetirsək, ölkə iqtisadiyyatında inkişafın olduğunu deyə bilərik. Ötən il bu inkişaf bir az da artıb: “Vergi və Gömrükdə edilən dəyişikliklər hesabına maliyyə gəlirləri çoxalıb. Bu da pensiya və maaşların artımında özünü biruzə verib. Lakin qeyd etmək lazımdır ki, bu artım kifayət etmir. Maaş və pensiyaların artımı davam etməlidir. Kənd təsərrüfatı və digər sahələrdə də, inkişaf tempini görmək mümkündür”.

Elxan Şahinoğlu bildirib ki, hazırda əsas diqqət 9 fevral tarixində keçiriləcək Parlament seçkilərinə yönəlib: “Bu məsələ çox vacibdir. Çünki Prezident Parlamentin buraxılması səbəbini şərh edərkən, yeni millət vəkillərinin iki istiqamətdə fəaliyyət göstərməsinin vacibliyinə diqqət çəkib. Birinci tövsiyə ondan ibarətdir ki, millət vəkilləri qanunvericiliklə ciddi məşğul olmalı, notarius rolunu oynamamalıdır. İkincisi isə millət vəkillərinin öz dairələrinə bağlı olmaları məsələsi diqqətə çatdırılıb. Odur ki, şəffaf və demokratik seçkilər Azərbaycan üçün çox vacibdir. Elə millət vəkilləri seçilməlidir ki, onlar islahatlara töhfə verə bilsinlər. Prezident özü də vurğulayır ki, bütün strukturlarda inkişaf meylləri hiss olunsa da, Parlament bundan kənarda qalır. Milli Məclisdə dəyişikliklər baş verəndən sonra, bütün strukturlar ölkədə aparılan islahatlara tam olaraq dəstək verə biləcəklər. Ümumiyyətlə, köhnə düşüncəli, kommunizm sistemində işləyən məmurların idarəetmədən uzaqlaşdırılması labüddür. Çünki onlar yeni dövrün qaydalarını qəbul etmək iqtidarında deyillər. Bu dəyişikliklər davam etməli, gənc kadrlara meydan verilməli, rüşvətxor və korrupsioner məmurlar dövlət qurumlarının rəhbərliyindən uzaqlaşdırılmalı, islahatlara meyilli şəxslər vəzifəyə təyin olunmalıdır”.

Politoloqun fikrincə, yeganə inkişaf meylləri nəzərə çarpmayan sahə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır: “Bu məsələdə uzun illərdir yerimizdə sayırıq. Müharibənin riskli olduğunu, böyük dövlətlərin təzyiqlərinin mövcudluğunu da nəzərə alırıq. Amma heç kim bizə hərbi qüdrətimizi artırmağı qadağan etmir. Biz hərbi büdcəmizi artırdığımız zaman, düşmən də öz maliyyə potensialını iqtisadiyyatına yox, hərbi sahəsinə ayırır. Bu yolla iqtisadiyyatı daha da zəifləyən düşməni sıxışdırmaq asan olur. Lakin hələlik Qarabağ münaqişəsinin həlli ilə bağlı böyük gözləntilərim yoxdur. Çünki düşmən güclü təzyiq görmədən, özbaşına torpaq qaytarmayacaq”.

Müşfiq Tofiqoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*