İsrailin İranla bağlı elə bir planı ortaya çıxdı ki… – GİZLİ SSENARİ BELƏ İMİŞbackend

İsrailin İranla bağlı elə bir planı ortaya çıxdı ki... - GİZLİ SSENARİ BELƏ İMİŞ

Müharibə artıq 10 gün geridə qalıb və heç nə ABŞ-ın planlaşdırdığı kimi getmir. Halbuki hesablanırdı ki, üç-beş gün ərzində rejim devriləcək və yeni bir İran qurulacaq. Hətta yeni İranın başına gətirilməsi ehtimal olunan bəzi şəxslər də əvvəlcədən hazırlanmışdı. ABŞ-da yaşayan Rza Pəhləvi kimi. Hər nə qədər İran cəmiyyətində demək olar ki, bunların heç biri qəbul edilməsə də, yenə ümid kimi ortada saxlanılırdı. Bununla da kifayətlənmədilər.

Türkiyədə bəzi özlərini böyük şərhçi hesab edən insanlar Qacarlar sülaləsini hakimiyyətə gətirmək fikrini belə televiziya ekranlarında “fikir” kimi səsləndirə bilirdilər.

Bunların yanında isə soyqırımçı dövlətin rəhbərləri var idi.

İran xalqının yaxşılığını düşündüyünü iddia edən Netanyahu bildirirdi ki, bu hücumlar İran xalqını azadlığa qovuşduracaq. Bunun üçün edilməli olan yeganə şey isə xalqın rejimə qarşı üsyan etməsi idi. Lakin gördülər ki, İran xalqı bu tələyə düşmür, dərhal kürdləri işə salmaq qərarı verdilər. Bu coğrafiyada istifadə oluna biləcək çox vasitələr tapılır, amma bu da alınmadı. Kürdlər açıq şəkildə bəyan etdilər ki, biz heç kimin istifadə etdiyi vasitə ola bilmərik.

Güvəndikləri hər şey əllərində əriməyə başlayırdı. Belə olanda onların əlində yalnız PJAK kimi terror təşkilatları qalırdı. Türkiyədə sosial mediada yayılan “Kürd qrupları İraq-İran sərhədindən içəri daxil olub” kimi xəbərlərə inanan çox adam olsa da, bunun da həqiqəti əks etdirmədiyi ortaya çıxdı.

Bəs onlar belə olacağınımı gözləyirdilər?

Körfəz ölkələrindəki ABŞ mövqelərini bombalayan İran hücumlarına ərəb ölkələri dərhal cavab verəcəkdi. Lakin onlar da kürdlər kimi gözlənilən addımı atmadılar. Ən azından bu yazı yazılan ana qədər heç bir Körfəz ölkəsi İrana qarşılıq vermədi.
Bəs geriyə nə qalırdı?

Türklər.

Amma bu da mümkün deyil. Çünki Ərdoğan rəhbərliyindəki Türkiyə bu sahədə qurulan tələlərə qəti şəkildə düşmürdü. Bunu Rusiya məsələsində dəfələrlə sınadılar, amma bacarmadılar. Burada da alınmadı.

Kürdlər, ərəblər və türklər I Dünya Müharibəsi və ondan sonrakı hadisələrdə olduğu kimi bu dəfə bir-birinə asanlıqla qarşı qoyula bilmirdi.

Dərhal səhnəyə nüfuzu xeyli zədələnmiş Lindsey Graham çıxarıldı. O da mikrofon qarşısına keçib həm Səudiyyə Ərəbistanına, həm də BƏƏ-yə açıq şəkildə “Niyə hücum etmirsiniz?” deyə sərt tonda irad bildirdi. Bununla da kifayətlənməyib “O zaman sizinlə ittifaq etməməli və sizi qorumaqdan imtina etməliyik” deyə onları təhdid etdi.

Nə deyək… Demək ki, olmayanda olmur.

Bəs indi nə olacaq?

İndi ABŞ prezidenti Tramp çıxış strategiyası axtarır. Yəqin ki, yaxın zamanda “hədəflərimizə çatdıq, İranda edilməsi lazım olan hər şeyi etdik” deyərək bu işdən çıxmağa çalışacaq. Çıxa bilər, amma bundan sonra heç nə əvvəlki kimi olmayacaq.

Bəs İran?

İran ABŞ və İsrail hücumlarını dəf etsə belə, məsələ bununla bitməyəcək. İran xalqı dövlətinə dəstək versə belə, bu çürümüş sistemin bu şəkildə davam etməsinə daha çox icazə verməyəcək. Onsuz da bunu uzun müddətdir seçkilərə getməməklə göstərirdilər.

O səbəbdən müharibə bitəndə diqqətlər yalnız ABŞ və İsrail üzərində deyil, eyni zamanda İranın öz üzərində də olacaq.

Yusuf Alabarda
Tərcümə etdi: Ağagül Mürsəlov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*