Kamçatkada aralarında Azərbaycan vətəndaşının olduğu turist qrupu barədə SON MƏLUMAT – FOTO / VİDEObackend

Kamçatkada aralarında Azərbaycan vətəndaşının olduğu turist qrupu barədə SON MƏLUMAT - FOTO / VİDEO

“Təbii parkı tərk edə bilməyən turistlər qida məhsulları ilə təmin ediliblər və təhlükəsizlikdədirlər”.

“Kamçatski kray” “Telegram” kanalının xəbərinə görə, bunu Kamçatka Turizm Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Yelena Lassal deyib.

Onun sözlərinə görə, “Kamçatka vulkanları” təbii parkında, zərurət olarsa, hazırda orada olan bütün turistləri təmin etmək üçün kifayət qədər qida məhsulları mövcuddur.

Xüsusilə “Kamçatkanın vizyonu” şirkətindən iki qrup haqqında məlumat təsdiqlənib.

“Turistlər soba ilə qızdırılan çadırlarda yerləşdirilib, qida ilə təmin ediliblər, onlar üçün duş da daxil olmaqla, zəruri yaşayış şəraiti təşkil olunub. İnsanlar isti, rahat şəraitdədirlər”, – deyə Yelena Lassal qeyd edib.

Hazırda alternativ keçidin təşkili imkanı araşdırılır. Günün qaranlıq vaxtında zəruri işlərin aparılması və insanların aviasiya ilə təxliyəsi məhduddur, ona görə də keçidin bərpası üzrə əsas işlərin səhər saatlarında başlaması planlaşdırılır.

***

Kamçatkada Tolbaçik vulkanının ərazisində çarəsiz vəziyyətdə qalan turistlərlə bağlı tədbir görülüb.

Bu barədə turistlər arasında olan Azərbaycan vətəndaşı Tatyana Dolivets öz “Instagram” hesabında paylaşım edib.

“Hər kəsə dəstək üçün təşəkkür edirəm. Biz isti şəraitdəyik, bizim isinə biləcəyimiz evimiz, isti yataqlar və çadırlarımız var.

Axşam üçün bizə digər düşərgədən yemək verdilər”, – deyə o paylaşımda yazıb.

Kamçatkada aralarında Azərbaycan vətəndaşının olduğu turist qrupu barədə SON MƏLUMAT AÇIQLANDI - FOTO - VİDEO

***

“Rusiya Federasiyasının Kamçatka vilayətində ötən gün yağan güclü yağışlar nəticəsində Milkovo-Klyuçi-Ust-Kamçatsk regional yolunun bir hissəsi tam yararsız vəziyyətə düşüb. Nəticədə turist qrupunun Tolbaçik vulkanının ərazisində, “Kleşnya” turist dayanacağının yaxınlığında mövqe tutması və çıxılmaz vəziyyətdə qalması barədə məlumat daxil olub”.

Bu barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

“Turist qrupunda bir neçə ölkənin vətəndaşları ilə yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Tatyana Dolivets adlı şəxsin olduğu da bildirilir. Bu bərədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olduqdan dərhal sonra Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi ilə əlaqə saxlanılıb. Rusiya FHN vəziyyətlə bağlı zəruri tədbirlərin həyata keçirildiyini bildirib. Hazırda Rusiya tərəfi ilə mütəmadi olaraq əlaqə saxlanılır. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”, – deyə məlumatda bildirilir.

***

Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə Baş İdarəsinin əməliyyat qrupu hazırda yolun yuyulmuş hissəsindədir və vəziyyəti qiymətləndirmək üçün pilotsuz aviasiya sistemlərindən də istifadə edir.

Rusiya KİV-in verdiyi məlumata görə, vəziyyət Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə Baş İdarəsinin nəzarətindədir. Yolun bu hissəsinin açılması ilə bağlı əlavə olaraq məlumat veriləcək.

***

Avqustun 22-də turistlər Rusiyanın şərqində, Kamçatkanın Ploski Tolbaçik vulkanında avtomobillərində çarəsiz qalıblar.

Bu barədə “Kamçatka-İnform” agentliyi məlumat verir.

Məlumata görə, turistlərin bir neçə saat ərzində vulkana doğru getdikləri yol güclü yağış nəticəsində tamamilə yuyulub.

 

Azərbaycan vətəndaşı, aparıcı və animator Tatyana Dolivets də çarəsiz qalan turistlər arasındadır. O, bu barədə öz “Instagram” səhifəsində paylaşım edib.

Tatyana Dolivetsin sözlərinə görə, 16 nəfərlik qrup Tolbaçik vulkanının ərazisində, “Kleşnya” turist dayanacağının yaxınlığındadır. O iddia edir ki, yolun təxminən 30 kilometri yuyulub və hazırda geri qayıtmaq imkanı yoxdur.

“Turist qrupu ilə birlikdə Kamçatkada, Tolbaçikdə ilişib qalmışıq. “Kleşnya” dayanacağındayıq. Yol yuyulub. 30 km-dir. Geri dönüş yolu yuyulub, çay öz məcrasından çıxıb və geri qayıtmaq mümkün deyil. Biz “Ural” maşınındayıq. Bizdən əlavə, burada böyük torpaqdan təcrid olunmuş təxminən 100 nəfər var. Ərzaqlar yalnız bir günlük qalıb”, – deyə o bildirib.

Kamçatkada aralarında Azərbaycan vətəndaşının olduğu turist qrupu barədə SON MƏLUMAT AÇIQLANDI - FOTO - VİDEO

Dolivetsin sözlərinə görə, turistlər arasında Çin, Belarus, İsrail və Rusiya vətəndaşları da var.

Mobil internetin olmaması səbəbindən turist qadın əlaqə yarada biləcəyi və paylaşım edəcəyi yerə çıxıb. O, Rusiyanın fövqəladə xidmətlərinin və Azərbaycandakı müvafiq dövlət strukturlarının məsələyə cəlb edilməsi üçün kömək istəyib.

Xatırladaq ki, son günlər Kamçatkada yollarda nəqliyyatla bağlı problemlər yaşanır. Ötən gün güclü yağışlar Milkovo-Klyuçi-Ust-Kamçatsk regional yolunu yuyub aparıb. Anavqay və Esso kəndlərinə aparan qovşaqdan Kozırevsk çıxışına qədər olan 153-cü kilometrdən 191-ci kilometrə qədər olan hissə müvəqqəti olaraq bütün nəqliyyat vasitələri üçün bağlanıb. Yol işçiləri hazırda yolun bərpası üzərində işləyirlər.

Mənbə: Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*