Ermənistanın Antikorrupsiya Məhkəməsinin qərarı ilə “Güclü Ermənistan” partiyasının lideri, tanınmış rusiyalı iş adamı Samvel Karapetyan barəsində seçilmiş qətimkan tədbirinin müddəti daha üç ay artırılıb.
KONKRET.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, məhkəmə prokurorluğun Karapetyanın ev dustaqlığı müddətinin uzadılması ilə bağlı vəsatətini təmin edib.
Proses zamanı müdafiə tərəfi ev dustaqlığının şərtlərinin yüngülləşdirilməsi və ya dəyişdirilməsi ilə bağlı qarşılıqlı vəsatət qaldırsa da, hakim prokurorun arqumentlərini daha əsaslı hesab edərək iş adamının həbs müddətinin uzadılmasına qərar verib. Bu qərar İrəvanda Karapetyan tərəfdarları ilə polis qüvvələri arasında baş vermiş kütləvi qarşıdurma və 17 nəfərin saxlanılması ilə müşayiət olunan gərgin atmosfer fonunda qəbul edilib.
Xatırladaq ki, Karapetyan Ermənistanda korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı başladılan genişmiqyaslı cinayət işi çərçivəsində təqsirləndirilir. Analitiklər bu məhkəmə prosesini Ermənistanın daxili siyasi qütbləşməsinin və Rusiya ilə əlaqəli olan nüfuzlu iş adamlarına qarşı yürüdülən hüquqi mübarizənin növbəti mərhələsi kimi qiymətləndirirlər. Hazırda iş adamının vəkilləri məhkəmənin bu qərarından apellyasiya şikayəti verməyə hazırlaşdıqlarını bildiriblər, lakin yaxın üç ay ərzində Karapetyanın istintaq altında qalacağı artıq rəsmiləşib.
Natiq Səlim,
KONKRET.az
