Kartofdan ətə qədər idxaldan asılıyıq: Azərbaycanın ərzaq təhlükəsizliyi barədə narahatlıqbackend

Kartofdan ətə qədər idxaldan asılıyıq: Azərbaycanın ərzaq təhlükəsizliyi barədə narahatlıq

Dünyada iqlim dəyişiklikləri, ərzaq təhlükəsizliyi, müharibələr və logistika zəncirində yaranan problemlər qlobal iqtisadiyyat üçün yeni risklər formalaşdırır. Xüsusilə ərzaq təminatı ilə bağlı narahatlıqların artması ölkələrin strateji ehtiyatlarını və böhranlara hazırlıq səviyyəsini yenidən gündəmə gətirir.

 Bəs mövcud prosesləri qlobal iqtisadi böhranın ilkin əlamətləri kimi qiymətləndirmək mümkündürmü və Azərbaycan belə bir ssenariyə nə dərəcədə hazırdır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, hazırda dünyada əsas narahatlıq iqlim dəyişikliklərinin ərzaq təminatına yaratdığı risklərlə bağlıdır:

Qeyri-neft sektorunda ixrac azalır-SƏBƏBLƏR

“Bunu qlobal iqtisadi böhran kimi qiymətləndirmək düzgün deyil. Qlobal iqtisadi böhrandan danışmaq üçün bütün dünyanı əhatə edən və qlobal xarakter daşıyan səbəb olmalıdır. Məsələn, genişmiqyaslı müharibə və ya bütün dünya iqtisadiyyatına ciddi təsir göstərə biləcək digər proses qlobal böhrana səbəb ola bilər.

Hazırda qlobal iqtisadi böhranın yaxınlaşdığını və bunun əlamətlərinin artıq göründüyünü söyləmək qeyri-peşəkar yanaşmadır. Bununla belə, ərzaq təminatı və aqrar sektor üzrə bir sıra göstəricilərin pisləşməsi ciddi narahatlıq doğurur. Burada iqlim dəyişikliklərinin təsirlərini də nəzərə almaq lazımdır.

Planetin ərzaq təminatını normal səviyyədə saxlamaq üçün konkret addımlar atılmalıdır. Bir sıra ölkələr artıq bu istiqamətdə müxtəlif proqramlar və strateji planlar hazırlayır, mümkün risklərin qarşısının alınması üçün təşəbbüslər irəli sürürlər”.

İqtisadçının sözlərinə görə, müxtəlif regionlarda baş verən münaqişələr də logistika zəncirinə əlavə təzyiq yaradır:

“Körfəz ölkələrində, Rusiya-Ukrayna və Qara dəniz istiqamətində baş verən müharibələr, eləcə də Afrikanın müxtəlif bölgələrindəki qarşıdurmalar logistika problemlərinin yaranmasına səbəb olur. Bu proseslər iqlim böhranı ilə birlikdə müəyyən dövrlərdə ərzaq təminatına və bütövlükdə ticarət zəncirinə mənfi təsir göstərə bilər.

Bunu birbaşa qlobal iqtisadi böhran adlandırmasaq da, müəyyən risklərin və narahatlıqların mövcud olduğunu söyləmək mümkündür”.

Razi Abbasbəyli Azərbaycanın belə risklərə hazırlıq səviyyəsinə də toxunub. Onun sözlərinə görə, ölkənin mümkün böhran ssenarilərinə hazırlığı ilə bağlı ciddi suallar var:

“Azərbaycan hökumətinin hansısa böhrana hazır olduğunu demək çətindir. Ölkədə böhran planı yoxdur. Dəfələrlə qeyd etmişik ki, Azərbaycanda aqrar sektor sürətlə geriləyir və bununla bağlı təcili addımlar atılmalıdır.

Aqrar sahədə bir sıra islahatlar həyata keçirilməli, subsidiyalar təyinatı üzrə verilməli, müəyyən vergi güzəştləri tətbiq olunmalı və stimullaşdırıcı tədbirlər görülməlidir. Həm iri, həm də xırda buynuzlu heyvandarlıq təsərrüfatlarının gücləndirilməsi üçün xüsusi proqramlar hazırlanmalıdır. Orta ölçülü təsərrüfatlara dəstək mexanizmlərinin yaradılmasına da ehtiyac var”.

Ekspert qeyd edib ki, Azərbaycanın ərzaq təminatında idxaldan asılılığının artması əlavə risk yaradır:

“Azərbaycan hər il kənd təsərrüfatı məhsulları üzrə daha çox idxaldan asılı vəziyyətə düşür. Kartof və soğandan tutmuş mal və qoyun ətinə qədər mühüm ərzaq məhsullarının idxalında artım müşahidə olunur. İdxaldan asılılıq sürətlə artır, daxili tədarük isə azalır.

Bu məsələdə iqlim dəyişikliklərinin təsirlərini də nəzərə almalıyıq. Hökumət mümkün riskləri nəzərə alaraq böhran masası formalaşdırmalı, ciddi strateji planlar hazırlamalı və onları operativ şəkildə həyata keçirməlidir.

Bu baxımdan, “Azərbaycan hökuməti yarana biləcək böhrana hazırdırmı?”sualına mənim cavabım hazır deyil şəklindədir”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*