“Amerikanın Əfqanıstanla münasibətləri İranla Vaşinqton arasındakı əlaqələrdən təsirlənəcək”.
KONKİRET.az xəbər verir ki, bu fikirləri Əfqanıstan parlamentinin sədrinin keçmiş ali müşaviri Bektaş Siyavuşi “İnternational Policy Digest” saytına yazdığı məqalədə qeyd edib. Onun sözlərinə görə, Amerikanın Əfqanıstana hücumundan sonra İran İslam Cümhuriyyəti ilə Taliban arasındakı münasibətlər köklü olaraq dəyişib və qədim barışmaz düşmənlər yaxın dosta çevriliblər. 1996-cı ildə hakimiyyətə gələn Talibanla Tehran arasında düşmənlik hökm sürürdü.
Bu gərginlik 1998-ci ildə Taliban üzvlərinin İranın Məzari-Şərif şəhərindəki Baş Konsulluğuna hücum edib 11 iranlı diplomatı öldürməsi ilə nəticələndi. Buna cavab olaraq İran anti-Taliban qüvvələrə dəstəyini daha da artırdı. Amerikanın Əfqanıstana hücumu və 2011-ci ildə Taliban rejimini devirməsindən sonra İran anti-Amerika fəaliyyətlərinə görə Talibanla yaxınlaşmağa başladı. Bundan sonra İran Əfqanıstanın mərkəzi hökuməti və Amerikaya qarşı döyüşməsi üçün qruplaşmanı lazım olan bütün maddi və hərbi qaynaqlarla təmin etməyə başladı.
Bektaş Siyavuşu əlavə edir ki, Amerika ilə düşmənlikdən savayı, İranla Talibanı dost edən amillərdən biri də narkotik vasitələrin (uyuşdurucu maddə) qaçaqmalçılığıdır. Siyasətçi bildirir ki, amerikalı rəsmilərin sözlərinə əsasən, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) “Qüds Qüvvələri” dünya miqyasında narkotiklərin qaçaqmalçılığı və satışı sahəsində Talibanla şərikdir. Qeyd edək ki, həm “Qüds Qüvvələri”, həm də İrana bağlı “Hizbullah” təşkilatı terror fəaliyyətlərini davam etdirə bilmək üçün dünyanın əksər ölkələrində narkotik maddələrin satışını həyata keçirirlər. Təsadüfi deyil ki, bu səbəbdən Amerika 2012-ci ildə “Qüds Qüvvələri”nin komandanlarından olan general Qulamrza Bağbaniyə qarşı Talibanla narkotik qaçaqmalçılığında əli olduğu üçün sanksiya (təhrim) tətbiq edib. //”Azad İran”
