Gəncə Ağır Cinayətlər Məhkəməsində öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, quldurluq, hədə-qorxu ilə tələb etmə və pornoqrafik materialları və ya əşyaları qanunsuz yaymada təqsirləndirilən Yusif Babayevin (soyadı şərtidir) cinayət işinin bəzi detalları məlum olub.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə hökm oxunub.
İttihama görə, təqsirləndirilən şəxs əvvəllər nişanlı olduğu, sonradan faktiki olaraq qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı zərərçəkmiş Aliyə Səlimova (adı, soyadı şərtidir) ilə münasibətləri pozulduqdan sonra bir sıra cinayət əməlləri törədib.
Belə ki, Yusif Babayev tamah məqsədilə zərərçəkmiş şəxsin onunla cinsi əlaqədə olduğu zaman gizli çəkdiyi foto və video görüntülərini sosial şəbəkələrdə yaymaq, həmçinin onun haqqında rüsvayedici məlumatlar açıqlamaqla hədələyib. Bu yolla 2022-ci ilin mart ayında ondan 1 000 ABŞ dolları və 7 000 manat, ümumilikdə 1 700 manat dəyərində pul əldə edib.
Bundan başqa, 2023-cü ilin dekabr ayınadək olan müddətdə müxtəlif vaxtlarda eyni hədələrlə Aliyədən 2 000 manat, 3 000 manat, 800 manat, 3 000 manat, 1 700 ABŞ dolları, 6 000 manat və 13 610 manat nağd pul alıb.
Nəticədə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsdən hissə-hissə ümumilikdə 40 000 manat məbləğində pul tələb edərək əldə etdiyi vəsaitin hədə-qorxu ilə tələb etmə cinayətinin predmetini təşkil etdiyi bildirilib.
İttihama əsasən, Yusif 2023-cü ildə gecə saatlarında Aliyənin onunla əlaqəni kəsməsindən sonra yaranmış şəxsi münasibətlər zəminindəki narazılığa görə Şəmkir rayonunda yerləşən evə gedib. O, evin həyətinə hasardan keçməklə daxil olub. Daha sonra mətbəxdəki qaz sobasının həyətə çıxan hava borusuna dəsmal taxaraq qazın axınını dayandırıb, ardınca isə qazı yenidən açaraq evə dolmasına şərait yaradıb.
Həmin vaxt evdə olan ailə üzvlərini qorxudan təqsirləndirilən şəxs onları öldürməklə hədələyib. İttihamda qeyd olunub ki, səsləndirilən hədələrin real şəkildə həyata keçirilə biləcəyinə dair əsaslar mövcud olub.
Bundan əlavə, Yusif zərərçəkmiş şəxsin evində pul və qızıl-zinət əşyalarının olduğunu, həmin vaxt evdə tək olduğunu əvvəlcədən bildiyindən əmlakı quldurluq yolu ilə ələ keçirmək qərarına gəlib.
Bundan başqa, o, 2023-cü ildə saat 18:00 radələrində Şəmkir rayonunda Aliyənin yaşadığı evin həyətinə gəlib. Əvvəlcədən özü ilə götürdüyü bıçağı silah qismində istifadə etmək niyyəti ilə evin mətbəx otağının pəncərəsini sındıraraq qanunsuz şəkildə yaşayış sahəsinə daxil olub və qonaq otağına keçib. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə bıçaqla hücum edərək onun həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edib. Nəticədə Aliyənin sol said nahiyəsində deşilmiş-kəsilmiş yaralar və sol dirsək sinirinin posttravmatik neyropatiyası ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli xəsarətlər yaranıb.
Bununla yanaşı, zərərçəkmiş şəxsin qarınının sağ yan divarında, sağ və sol bud nahiyələrində bir neçə deşilmiş-kəsilmiş yara, eləcə də sol çənə bucağı nahiyəsində sıyrıqlar və boyunun ön səthində qançır qeydə alınıb. Bu xəsarətlərin bir qismi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli, digərləri isə sağlamlığa zərər vurmayan xəsarətlər kimi qiymətləndirilib.
İttihama görə, təqsirləndirilən şəxs basqın zamanı divanın üzərində olan Aliyəyə məxsus mobil telefonu, içərisində 10 200 manat nağd pul və çoxsaylı qızıl-zinət əşyaları olan çantanı götürüb.
Ələ keçirilən əşyalar arasında müxtəlif əyarlı qızıldan hazırlanmış boyunbağılar, bilərziklər, sırğalar, üzüklər, medalyonlar, qızıl dəstlər və qadın saatı olub. Onların sırasında 101 qram çəkidə 585 əyarlı boyunbağı, 100 qram çəkidə 750 əyarlı italyan qızıl dəsti, brilyant qaşlı üzüklər, müxtəlif formalı italyan sırğaları və digər zinət əşyaları yer alıb.
Təqdim olunan ittiham materiallarına əsasən, götürülmüş əmlakın ümumi dəyəri 91 380 manat təşkil edib. Buraya 10 200 manat nağd pul, 60 manat dəyərində “Samsung Galaxy J2 Prime” markalı mobil telefon və ümumi dəyəri 81 120 manat olan qızıl-zinət əşyaları daxil edilib.
Beləliklə, təqsirləndirilən şəxsin yaşayış sahəsinə qanunsuz daxil olmaqla, bıçaqdan silah qismində istifadə edərək təhlükəli zorakılıq tətbiq etməsi və külli miqdarda əmlakı ələ keçirməsi quldurluq cinayəti kimi tövsif olunub.
İttihamda qeyd olunub ki, Yusif Babayev zərərçəkmiş şəxslə cinsi əlaqədə olduqları zaman gizli çəkdiyi pornoqrafik video görüntüləri də sonradan yayıb.
Belə ki, o, video görüntünü “Instagram” və “Facebook” sosial şəbəkələrində paylaşmaqla yanaşı, həmin materialı Şəmkir rayon sakinləri olan bir neçə şəxsə və Aliyənin müəyyən edilmiş qohumlarına da göstərib.
Bununla da təqsirləndirilən şəxsə pornoqrafik materialları yayma cinayətini törətməkdə ittiham irəli sürülüb.
Məhkəmə iclasında Yusif BabayevCinayət Məcəlləsinin 181.3.2, 182.2.2 və 182.2.4-cü maddələri ilə elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyib.
O, ifadəsində əvvəlcə Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə nəzərdə tutulan əməldə özünü təqsirli bilsə də, sonradan bu ittihamı da qəbul etməyib. Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə nəzərdə tutulan əməli isə etiraf edib. Həmçinin mülki iddianı qəbul etmədiyini qeyd edib.
Təqsirləndirilən şəxs ifadəsində zərərçəkmiş şəxslə əvvəllər nişanlı olduğunu, təxminən iki il nişanlı qaldıqlarını və münasibətlərinin sonradan pozulduğunu söyləyib.
