Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Sücahət İslamovun (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, Səbail Rayon Məhkəməsinin hökmü dəyişdirilib, ona 3 il 8 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
İttihama görə, Sücahət İslamov zərərçəkmiş Uğur Pənahovun (adı, soyadı şərtidir) ona qarşı yaranmış etibarından sui-istifadə edərək, əvvəlcə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında nəzarətçi, daha sonra isə Mədəniyyət Nazirliyində auditor vəzifəsinə işə düzəldə biləcəyini vəd edib.
O, bu vədlərlə zərərçəkmiş şəxsi inandıraraq müxtəlif vaxtlarda ondan pul vəsaitləri alıb.
Belə ki, təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayının ilk on günlüyündə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən metronun “Koroğlu” stansiyasında Uğurdan 2 200 manat, həmin ayın son on günlüyündə isə Nəsimi rayonu ərazisindəki metronun “28 May” stansiyasında 496 manat pulu nağd şəkildə qəbul edib.
Bununla yanaşı, zərərçəkmiş şəxs müxtəlif tarixlərdə Sücahət İslamovun istifadəsində olan üç bank kartına da pul köçürüb.
Beləliklə, Uğur Pənahov tərəfindən nağd şəkildə verilən və bank kartları vasitəsilə köçürülən pulların ümumi məbləği 7 000 manat təşkil edib.
İttihama əsasən, təqsirləndirilən şəxs vahid niyyətlə hərəkət edərək verdiyi vədləri yerinə yetirməyib, zərərçəkmiş şəxsi aldatmaqla ona 7 000 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurub.
Səbail Rayon Məhkəməsinin hökmü ilə Sücahət İslamov Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrum edilmişdi. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək cəzanın düzgün hesablanmasını xahiş etmişdi.
