Dövlət Departamenti Perunun keçmiş prezidenti, korrupsiya ittihamı ilə ABŞ-da həbsdə olan Alexandro Toledonun ölkəsinə ekstradisiya edilməsi barədə qərarı təsdiqləyib.
KONKRET.az xəbər verir ki, bu barədə Perunun baş prokuroru məlumat yayıb.

“ABŞ Dövlət Departamenti korrupsiya və çirkli pulların yuyulması cinayətlərinə görə Alexandro Toledonun ekstradisiyasına icazə verib”, – mesajda deyilir.
Məlumata görə, 2021-ci ilin sentyabrında ABŞ-ın Kaliforniya ştatının Şimal Dairə Məhkəməsi Toledonun ölkəsinə təhvil verilməsinə dair qərar verib.
Qeyd edək ki, 2017-ci ilin fevralında Peru məhkəməsi 2001-2006-cı illərdə ölkə prezidenti olmuş Toledonun Braziliyanın “Odebrecht” tikinti korporasiyası ilə qeyri-qanuni müqavilələri ilə bağlı həbsinə order verib. İstintaqın məlumatına görə, eks-prezident və onun administrasiyası Braziliya şirkətindən 34 milyon dollar rüşvət alıb. Bunun müqabilində “Odebrecht”ə böyük magistral yolun tikintisi üçün icazə verilib.
“El Comercio” qəzetinin yazdığına görə, 2013-cü ildə siyasətçi ABŞ vətəndaşlığı alıb.
İqbal Rzayev,
KONKRET.az
