Yay mövsümünün başlaması ilə dənizkənarı ərazilərdə kirayə evlərə tələbat kəskin artır. Xüsusilə komfort və istirahət məqsədilə seçilən bu evlərin qiymətləri bir çox hallarda real dəyəri ilə uyğunluq təşkil etmir və süni şəkildə yüksəldilir. Bu vəziyyət kirayə bazarında həm qiymət balansına, həm də vətəndaşların seçim imkanlarına birbaşa təsir göstərir.
KONKRET.az Məsələ ilə bağlı əmlak eksperti Anar Nəsirov Demokrat.az-a bildirib ki, 2019-cu ildən Bakı şəhərində və ətraf qəsəbələrdə kirayə mənzillərə, o cümlədən həyət evlərinə və bağ evlərinə tələbat artıb:
“Həmin dövrdən etibarən şəhərdə pilot layihələr çərçivəsində söküntü və abadlıq işləri geniş vüsət alıb. Köhnə binalarda və ümumi həyət sistemlərində yaşayan sakinlər həmin ərazilər sökülərək yerində müasir tələblərə cavab verən binalar tikilənədək kirayə mənzillərlə təmin edilir, daha sonra isə yenidən həmin yeni binalara qaytarılır. Bu proses kirayə bazarında əlavə yük yaradaraq tələbatı daha da artırıb.
Bu səbəbdən 2019-cu ildən başlayaraq kirayə mənzillərin qiymətlərində hər il artım müşahidə olunur. Artımın əsas səbəbi tələbatın yüksək olması və eyni zamanda söküntü işləri nəticəsində bir qism evlərin kirayə bazarından çıxmasıdır. Nəticədə bazarda tələb təklifi üstələyir və qiymətlərin yüksəlməsi baş verir. Bəzi hallarda isə bu vəziyyətdən istifadə edilərək mənzillər bazar dəyərindən daha yüksək qiymətə təklif olunur. Vətəndaşlar isə seçim imkanlarının məhdudluğu səbəbindən həmin evləri kirayələməyə məcbur qalırlar”.
Ekspert deyib ki, əmlak bazarı tələb və təklif prinsipi üzərində formalaşır:
“Tələb artdıqda qiymətlər yüksəlir, təklif artdıqda isə qiymətlər enir. Bu baxımdan bazarın qiymət mexanizminə kənar müdaxilə etmək çətindir, çünki bazar özünü bu prinsip üzərində tənzimləyir.
Bakı şəhərinin 2040-cı il baş planına uyğun olaraq şəhərin müxtəlif ərazilərində söküntü və yenidənqurma işlərinin davam etdirilməsi nəzərdə tutulur. Bu isə gələcək dövrdə də kirayə mənzillərə olan tələbatın yüksək qalacağını göstərir. Digər tərəfdən yay mövsümündə Bakı ətrafı qəsəbələrdə, Mərdəkan, Şüvəlan, Novxanı və digər kəndlərdə, dənizə yaxın istirahət zonalarında kirayə evlərə tələbat daha da artır. İnsanlar istirahət məqsədilə bu ərazilərə üz tutduqları üçün mövsümi kirayə bazarında aktivlik yüksəlir. Bu vəziyyətdə bəzi şəxslər mövcud tələbatdan istifadə edərək mənzilləri və bağ evlərini bazar qiymətindən yüksək qiymətə təklif edirlər”.
O bildirib ki, eyni zamanda vətəndaşlar yay mövsümündə qiymətlərin daha da artacağını nəzərə alaraq əvvəlcədən evləri bron edirlər:
“Bu da bazara çıxarılan kirayə evlərin sayını azaldır və qiymət artımını gücləndirir.
Bəzi ev sahibləri isə ilin böyük hissəsində evlərin boş qalmasını əsas gətirərək yay aylarında daha yüksək kirayə qiymətləri tələb edirlər. Onlar bu dövrdə əldə etdikləri gəlirlə ilin qalan aylarındakı boşluğu kompensasiya etməyə çalışırlar.
Nəticə etibarilə həm şəhərdaxili söküntü və yenidənqurma prosesləri, həm də mövsümi istirahət tələbatı kirayə bazarında qiymət artımına səbəb olur. Tələb təklifdən yüksək olduğu üçün vətəndaşlar bir çox hallarda seçim imkanının məhdudluğu səbəbindən bazar qiymətindən baha kirayə evlər götürmək məcburiyyətində qalırlar”,- deyə ekspert qeyd edib.
