“Kişilər o müğənniləri toya öz kefləri üçün gətizdirir, kabinetdə oxudurlar” – Ofeliya Şabanovabackend

“Kişilər o müğənniləri toya öz kefləri üçün gətizdirir, kabinetdə oxudurlar” - Ofeliya Şabanova

İllərdir sənətdə olmasına baxmayaraq, tamaşaçı onu son bir ildə tanıdı. Ulduzu birdən – birə parlayan müğənni az zaman içində səmimiyyəti, qeyri-adi açıqlamaları ilə tanındı və rəğbət qazandı.

KONKRET.az xəbər verir ki, Lent.az-ın müsahibi şou-biznesin dəli qızı Ofeliya Şabanovadır. Niyə dəli qız deyirik? Oxusanız, anlayacaqsınız.

–  Ofeliya xanım,  şou-biznesin içinə birdən-birə bomba kimi düşdünüz. İndiyə qədər harada idiniz? 

–  Əslində 12 yaşımdan toylara gedirdim. 23 ildir sənətdəyəm. 12 yaşımdan oxumağa başlamağımın, ana-ata qulluğunda durmağımın  səbəbi var idi. Kasıb bir ailədə dünyaya göz açdım. Balakənin Bedağar kəndində doğulmuşdum. 4 uşaq idik. Anamız xərçəngə tutuldu, 47 yaşında dünyasını dəyişdi. 13 yaşımdan bacı-qardaşlarıma analıq elədim. Uşaq anadan yetim qalır atadan yox. Anamız rəhmətə gedəndən sonra çox çətin oldu.  Atam gəncliyində pəhləvan olub, kəndir üstündə gəzirdi. Kənd yerində iş yox, dolanışıq çətin. Mən də Allahın verdiyi bu nemətdən, səsimdən istifadə eləməyə başladım. Bəzi ifaçılar deyirlər ki, səhnəyə əziyyətlə gəlmişəm. Amma heç kim mənim qədər əziyyət çəkə bilməz.

 – Nə olub çətinliyiniz?

– Müğənnilərin 90 faizi sponsorla gəlib, onların hesabına ortalıqda bərq vururlar. Mən tək başına oldum. Bir ərim, bir də şairə Sahilə Pənahın sayəsində səhnədəyəm. Sahilə Pənah indi məndən inciyib, amma nə eləsə haqqı var. 16 yaşımda ərimlə tanış olub evləndim, həyatımın yükünü çiynimdən aldı, məni quyudan çıxartdı. İndi çox xoşbəxtəm, 2 oğlum var. Ceyhun 14, Yusif 8 yaşındadır.

– Oğlunuza ərinizin adını qoymusunuz?

– Bəli. Həyat yoldaşım mənim üçün yerdəki Allahdır, Allahdan sonra həyat yoldaşım. Allahdan sonra ona baş əyirəm. Ona görə hər kəsi silib ata, hamının üstündən xətt çəkə bilərəm. Ətrafımızda olan hər kəs bilir, mən ərimə mama, ana deyirəm. Birdən yadımdan çıxır, adam arasında da deyirəm, deyir camaat eşidir nə edirsən?

– Ərinizə niyə ana deyirsiniz ki?

– Çünki anamı çox istəmişəm. O da mənə evlənəndən sonra ana qayğısını hiss etdirib, hər şeyim olub. Yoldaşım kömək etdi, Bülbül adına orta ixtisas məktəbini bitirdim, amma sonra Pedaqoji Universitetə daxil oldum. İlk ustadım da həyat yoldaşım olub. Oxumasa da musiqini məndən yaxşı bilir.

– Oxuma desə, sənəti atacaqdınız?

– 2 il oxumağıma icazə vermədi, oxumadım. Amma elə bərk xəstələndim ki, həkimə aparmalı oldu. Depressiyaya düşmüşdüm. Dedi bu qızın səsini əlindən almısan, qoy oxusun düzələcək. Başladım yenidən oxumağa və hər şey keçdi getdi. Anamdan sonra həyatımda ən çox rol oynayan insan o olub. Bu yaxınlarda bir ağır xəstəlikdən keçdim. Düzdür, media yazdı ki, məndə xərçəng tapılıb, Allaha şükür xoş xassəli şiş oldu, bəd deyilmiş. Düşmənlərim elə bildi, öləcəm, amma ölmədim, əfsanə geri döndü. Xəstələnəndə gördüm ki, bu həyatda dost, yoldaş, bacı, qardaş hamısı özünədir. Elə bildilər öləcəm, maraqlanan olmadı, sağalandan sonra yazanlar mənə lazım deyil.

 – Kimdir ki, sizin düşmənləriniz?

– Adamın düşməni yaddan olmur, doğmalarından olur. Amma indi onların adlarını çəkib reklam eləmək istəmirəm. Canımdan, qanımdan olan adamlar idilər. Arxadan zərbə vurdular mənə. Yoldaşıma böhtan atdılar, bir nəfəsdə sildim. Nə zaman gəlib ondan üzr istəyərlər, bəlkə onda bağışlayaram. Mən bağışlamağı bacarmıram. Mən Allahdan sonra həyat yoldaşımdır deyirəm, ona görə bütün dünyanı qarşıma alaram.

– Yoldaşımın ayağını yuyuram deməklə dilə-dişə düşdünüz.

– Yoldaşımın ayağının, ayaqqabısının tozuna qurban olaram. Bu söz niyə trend oldu anlamıram. A balam, qadın yoldaşının ayağını yuyar da. Hər gün corablarını özüm geyindirib işə yola salıram. Onurğasında problem yaranmışdı. Onu əzizləyə-əzizləyə özüm yuyundururdum, kim eləməlidir ki, bəyəm? O evə gəlmədən biz evdə süfrəyə əl uzatmırıq. Süfrə açılmır. Mənim ailəm mənim dünyamdır və həyatda mənə hər şeydən əzizdir. Deyirlər bəlkə əri imkanlı kişidir, ona görə onu belə sevir. Yox, adi dövlət məmurudur. Əsəbiləşəndə üzünü görmə. Mən onun dilini bilirəm. Amma onun üstümdə haqqı var və ona belə sevgi göstərirəmsə, bu  sevgini o özü qazanıb. Ondan sevgi gözləməmişəm, qadın özü-özünü sevdirməlidir. Öz əməlləri ilə. Qadın kişinin güzgüsüdür. Qadına baxıb onun ərinin necə biri olmasını anlamaq olar.

Onun səhvi də mənim üçün düzdür. Əsəbi olanda cavab vermirəm. Hirsi soyuyandan sonra deyirəm bəlkə filan məsələni elə yox belə eləsək yaxşı olardı. O da etiraz eləməyib.

-Yoldaşınızdan ötrü bu qədər dəli-divanəsiniz. Bəs onun hansı səhvini bağışlamazsınız? Nə hadisə olsa, ondan üz döndərərsiniz?

– Xəyanət etsə, bağışlamaram. Yenə deyirəm bağışlaya bilmirəm. Mən hamının gözü önündə “ayağının tozuna qurban olum” dediyim kişi bunu mənə edərsə, ölərəm.

–  Qısqancsınız?

–  Çox qısqancam. Evə gələn kimi telefonunu qurcalayıram.

– Danışdıqca dilinizdən Allah kəlməsi düşmür. Yoldaşınız desə ki, dini qaydalarla bir xanımla da evlənmək istəyirəm. İslamda halal sayılır da bu.

– Dünyanı dağıdaram. Kəbinimi kəsiləndə molla o sualı verdi, soruşdu ki, müsəlman adətincə siz halal edərsiniz əriniz ikinci xanım alsın? Necə qışqırdımsa, molla özü də qorxdu. Əsla razı olmaram. Onu özümə də qısqanıram. Kişinin qısqanclığı qeyrətdən, qadının qısqanclığı şeytandan gəlir.

– O sizi qısqanır?

– Hər yerə birlikdə gedirik, amma məclislərə daxil olmur. Deyirəm “gəl, sən olanda yaxşı oxuyuram. Deyir arvadım oxusun mən də əl çalım?”

– Ofeliya, bu qədər dəlisov açıqlamalar verirsiniz, doğru deyəni 9 köydən qovarlar deyiblər. Dostunuz qalıb?

– Real insanam bəzəyim düzəyim yoxdur nə görünüşümdə nə həyatımda. Müğənnilərə deyirəm özünüzlə məni qarışdırmayın, mən siz ola bilmərəm, siz də mən. Bəzən belə dəli dolu danışdığıma görə deyirlər Elnarə Abdullayevaya bənzədirsən özünü. Əsla. Bizim heç bir oxşarlığımız yoxdur və özümü heç bir müğənnidən kiçik hesab eləmirəm. Guya bu sənət aləmində Elnarə xanımdan başqa ədəbli xanım yoxdur, ola bilməz? Heç kimin dünyasına qarışmıram. Şou-biznes deyirlər, şor biznesdir o. Bilirsiniz onlar nə qurdlardılar? Məclislərinə çağıranda da 15 dəqiqə oturub gəlirəm. Deyirlər reklam  üçün belə danışdım. Gəl əyri oturaq düz danışa, yox e, əyri niyə otururuq, elə lap düz oturub düz də danışaq. Danışıramsa dilim var, dilçəyim də var ki danışıram. Lap düz edib danışıram. Keçmişimdə üzümü qara edəcək heç nəyim yoxdur, namusum, qeyrətim yerində. Nə demişəmsə əcəb eləyib demişəm. Hərdən zarafat edirəm ki, bəzi müğənnilər sözləri ilə guya “vilkalayırlar, mən bir başa baltalayıram”. Dost insanın ailəsidir.

– Sənətin dəli qızı adını alacaqsınız bu gedişlə…

–  Hə düz dediniz. Sosial şəbəkədə adım Ofeliya Dəlisoy gedir. Reklam üçün  çalışsaydım, özümə yumruq boyda dodaq, yanaq düzəltdirərdim. Bədənimi şəkilləndirib armudu stəkana oxşadardım. Yarım metr dırnaq, kirpik düzdürərdim. Bunlar mənilik deyil. İnsanlar bu qara-qura, çəlimsiz qızı sevdilər. Süni gözəllik sünidir də. Mən nəyim var onu deyirəm, yalan danışmıram. İntellektual insanlar süni şeyləri sevmir.

Mən bəzi müğənnilərin kütləsinə, dinləyicisinə hörmətsizlik etməkdən qorxuram, özlərindən yox. Şou biznesdəki bir çox müğənnilər mənim gözümdə dovşan kimi bir şeydir.

– Vasif Məhərrəmli bir dəfə dedi ki,  indi müğənni xanımların hamısı ərim – ərim sözünü işlədir  ərləri olması ilə öyünürlər.

– Bunu da məndən götürdülər. Gördülər mən ailəmlə  öyünürəm, bunu bizim insanlarımız sevdilər, onlar da başladılar “ərim” deməyə. Amma onlar hansı ərləri ilə öyünürlər?  Başqalarından borc aldıqları kişilərlə?

Görürəm, çoxları toylara yarıçılpaq gedir. Bəzi toy sahiblərini də anlamıram ha. Toya gətirir çılpaq müğənnini, əlinə verir mikrofonu,  deyir uşağıma xeyri-dua ver. Onun  özü nədir, sənin gəlininə oğluna verdiyi xeyir-dua nə olsun? Heç verəsi də deyil. Çünki xoşbəxt deyil özü. Kişilər o müğənniləri toylarına öz kefləri üçün gətizdirirlər. Toydan sonra gedirlər başqa yerlərə. Bilirik də. Müğənni var sənətkardır, müğənni də var kabinet müğənnisidir.

– Müğənni Qumral efirdə dedi ki, mən kabinetlərdə oxuyuram və orada yaxşı pullar verirlər. Bir çox sayılıb, seçilən sənətkarlar da olur elə məclislərdə.

– Düz deyir də. Nəyi var, onu deyir. Kabinet müğənniləri N qədərdir. Nə yaxşı cəsarətli qızdır. Düzünü deyib.

 – Toyda çətin vəziyyətlərdən necə çıxmısız?

–  Hamıya şəxsiyyətinə görə qiymət verirlər də. Mənə hörmətsiz yanaşan olmayıb. Kişi məclislərinə getmirəm. İki dəfə prodüserimin səhvi üzündən kişi məclisinə getməli olmuşam, yarımçıq qoyub çıxmışam. Özümü narahat hiss etdim. Tək getmirəm məclislərə.

– Toylarda hamının bozbaş dediyi o mahnılardan oxuyursunuz?

– Biz günahı izləyicilərin üstünə yıxırıq, amma günah mahnını oxuyandadır. Elə mahnılara tələb yoxdur, sənəti olmayanlar ya belə şit mahnılarla, ya da vulqar görünüşləri, bədənləri ilə diqqət çəkirlər. Bəzi cızığından çıxan sözləri olan mahnılar var ki, milyon versələr oxumaram.

– Sənətini sevdiyiniz müğənnilər kimdir?

– Mənim üçün bir nömrəli sənətkar Flora Kərimovadır. Gülyaz Məmmədovadan dərs almışam. Gülyanaq Məmmədovanın mahnıları ilə yaşayıram.

–  Elza xanım və bacısı ilə problem yaşadınız. Ümumiyyətlə, üstünüzə sənət camiəsindən hücum çox olur?

–  Gözləri götürmür yəqin. Mənim üçün önəmli deyillər. Mən gözəl deyiləm ki, gözəlliyimə paxıllıq edirlər, mənim ancaq sənətimə, səsimin tempinə paxıllıq edə bilərlər. Baxırlar ki, qara-qura bir qızdır, çəlimsiz 40 kilo. Gözəlliyi yoxdur amma, səsi sənəti özündən böyükdür. Düzünü deyir, səmimiyyətim ilə az zaman içində insanların sevgisini qazandım. Gözləri götürmür. Hər müğənnini kütlə qəbul etmir axı. Xalq artistləri də var aralarında. Deyirlər estetiki yoxdur, bədən şəkilləndirmə də eləməyib, orasına-burasına silikon doldurmayıb, amma onu sevirlər.

Azərbaycanda yeganə müğənniyəm ki, jurnalistlərlə çox açığam, istənilən suala cavabım var. Çünki gözükölgəli deyiləm.

Müsahibədən sonra Ofeliyanın “Allahım” dediyi  həyat yoldaşını da gördüm. Dedim, “siz Allahın sevgili qulu imişsiniz, sizi bu qədər sevən bir xanımınız var”. Cavab verdi ki, bu hörmət qarşılıqlı olmasa belə münasibət yaranmaz. Üzə çıxmaq, birlikdə görünmək istəmədilər deyə, fotolarını paylaşmadım. Gözə gəlməkdən çəkindi deyə.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*