Masailər kişilərin yüz yaşa qədər yaşadığı bir xalqdır. O xalq ki, ənənəyə görə, hansısa qadının toxunduğu və ya baxdığı hər şey kişilərə yasaqdır.
Masailər planetin ən hündürböylü insanları kimi tanınırlar. İki metr boy onlar üçün normaldır.
Təbiət onları uzun ayaqlarla mükafatlandırıb. Masaili üçün boy böyük əhəmiyyətə malikdir. Ən azı qızın diqqətini cəlb etmək üçün qəbilənin gəncləri ən hündürə tullanmağı bacarmalıdır.
Ernest Heminquey onları belə təsvir edirdi: “Onlar Afrikada tanış olduğum ən hündür, ən əzəmətli, gözəl və eyni zamanda, ən şən insanlar idi”.
Ola bilsin ki, yazıçı təbii gözəllik baxımından Masailərlə rəqabət apara bilən Himba xalqı ilə tanış deyildi.
Masailər Keniya və Tanzaniya savannalarında yaşayırlar. Bir zamanlar, konkret bir neçə əsr əvvəl bu qəbilə Afrika qitəsinin geniş şərq ərazilərində məskunlaşmışdı. Lakin tədricən onların yarı köçəri həyat tərzi nəticəsində məskunlaşdıqları ərazi Keniya və Tanzaniya arasındakı kiçik bir torpaq zolağı oldu.
20-ci illərdə Keniyada yaşayan yazıçı Karen Bliksen onları belə təsvir edirdi:
“Onlar dərin təfəkkürə malik mükəmməl varlıqlardır: itaətkar, hətta fantastik dərəcədə vəhşi görünürlər, lakin onlar öz təbiətlərinə, ideallarına sadiqdirlər. Masailərin silahları həyatlarının ayrılmaz bir hissəsidir. Bu silahlar maralın buynuzlarına bənzəyir. Əsasən süd və qanla qidalanırlar. Bəlkə də onların dərisini hamar və parlaq edən məhz bu xüsusi pəhrizdir. Onların yanaq sümükləri, qabarıq üzləri də hamardır, üzərində bir qüsur görmək mümkün deyil… Boyun əzələləri qəzəbli kobra, bəbir və ya qəzəbli öküz kimi məşum ölçülərə qədər inkişaf etmişdir və bu əlamətlər onlarda kişiliyin simvolu sayılır. Onlar sanki qadınlar istisna olmaqla bütün dünyaya müharibə elan ediblər.
Hamar, dolğun üzlər, şişmiş boyunlar və inkişaf etmiş çiyinlər, dar ombalar, nazik dizlər və düz ayaqlarla kəskin şəkildə təzad yaradır və ya incə harmoniyadadır. Bu qəbilənin kişiləri ciddi nizam-intizama sahibdirlər. Onları cəsarətli, ehtiraslı və acgöz məxluqlar da adlandırmaq olar. Masailər uzun ayaqları üstündə ayıq-sayıq yeriyir, əllərinin bütün jestləri ilə qeyri-adi çevikliklərini nümayiş etdirirlər. Gənc Masai ox atdıqdan sonra uzun əli oxla birlikdə havada oynayır”.
Masailərin həyatı
Onların əsas məşğuliyyəti heyvandarlıqdır. Aralarında çobanlar çoxdur. Yarı köçəri həyat tərzi keçirirlər. Qəbilənin sərvətinin əsas ölçüsü mal-qaradır. Sürülərlə keçiləri, qoyunları və inəkləri olur. Ət üçün yalnız qoyun və keçi kəsilir.
Onların kəndləri sadə daxmalardan ibarətdir. Kənd çətir tikanlı akasiya ağacından tikilmiş hündür hasarla əhatə olunub, onun sərt, iti budaqları sakinləri vəhşi heyvanların gecə hücumlarından qoruyur.
Masai evi.
Daxmaların giriş qapısı heyvan dərisindən olur. Evin içərisində divar boyunca dəri və ya ağac qabığı ilə örtülmüş iki və ya üç çarpayı var. Köçmə zamanı qadınlar çubuqlardan istifadə edərək divarların suvağını sökürlər. Çərçivəni söküb o yerə aparırlar ki, orada mal-qaranı yamyaşıl otlaqlar gözləyir.
Masai oğlanları ayrı yaşayırlar. Onlar qadınlar üçün tikanlı akasiya ilə hasarlanmamış ayrı daxmalar tikirlər. Ümumiyyətlə, Masailər arasında həyat əyləncəlidir. Onlar mahnı oxumağı və rəqs etməyi sevirlər. Oğlanların və gənclərin rəqsləri hündürlüyə tullanmadan ibarətdir. Qızlar rəqslərə diqqətlə baxaraq öz gələcək ərlərini seçirlər.
Masai geyimi və zərgərlik
Onların geyimi olduqca rənglidir. Bu geyimlər qırmızı, bəzən də damalı naxışda düzülmüş qoşa göy zolaqlardan ibarətdir. Əksər gənc kişilər hörüklü və yağlı uzun saçlar taxırlar. Qadınlar başlarını qırxdırır, bəziləri isə kirpiklərini və qaşlarını çıxarır. Masailər öz görünüşləri ilə bir vaxtlar avropalıları dəhşətə salırdılar. Qəbilədə qız uşağının qulağı erkən yaşda deşilir, sonrakı illərdə isə taxta boşluqlar daxil edilərək dəlik tədricən genişləndirilir. Bu prosesin sonunda zinət əşyaları qulaqlara daxil edilir. Bəzən kişilər də bu fanatizmdən əziyyət çəkirlər.
Zərgərlik məmulatları ancaq qadınlar tərəfindən hazırlanır. Masailər son dərəcə rəngli zinət əşyalarını sevirlər. Onların hazırladıqları muncuq və boyunbağılara sərt dəri, alüminium və sümükdən lövhələr daxildir. Onların hazırladığı boyunbağılardakı muncuqların rənglərinin hər birinin öz mənası var.
Masai mətbəxi
Masailər, bir çox əsrlər əvvəl monqol döyüşçüləri kimi, heyvanların qanı ilə qidalanırlar. Monqollar atlardan qan götürürdülərsə, masailər donor kimi inəkdən istifadə edirdilər. Heyvanın damarını deşərək qanı balqabaqdan hazırlanmış bir qaba süzürlər. Sonra təzə süd əlavə edib, yaxşıca qarışdırırlar. Əsasən gənclər və oğlanlar qan içirlər. On gün qan və südlə qidalandıqdan sonra on gün qoyun və ya keçi ətindən şorba yeyirlər, sonra yenə qan “pəhrizi” başlayır.
Ət şorbasına isə əksər vaxt ağac qabı qatılır. Olkiloriti ağacının qaynadılmış qabığı dərman kimi sərxoşedicidir və həmçinin kariyesə qarşı əla profilaktik hal hesab olunur.
Yemək kimi yabanı bal, kök və yeməli otlardan da istifadə olunur. Ancaq ov, quş əti və balıq qəti qadağandır.
Uşaqlar və qadınlar isə əsasən süd içirlər. Kəsmik, kərə yağı, çoxlu meyvə onların mətbəxinə aid edilir. Masailər südlə şirin çay içirlər. Aloe köklərindən və baldan da pivə hazırlayırlar.
Masai kişisi qadının toxunduğu və ya baxdığı yeməyə heç vaxt toxunmaz. Düzdür, bu qayda başqasının qadınına aiddir. Bu qayda arvad və qızlara şamil edilmir.
Ailə
Onların arasında çoxarvadlılıq təşviq edilir. Kişinin nə qədər çox arvadı varsa, bir o qədər hörməti olur. Ancaq sevdiklərini adekvat şəkildə dəstəkləmək üçün Masailərin müvafiq inək sürüsü olmalıdır.
Sürüsündə 300 başdan az olan kişi dilənçi sayılır və ona birdən artıq arvad almağa icazə verilmir. O, əvvəlcə varlanmalı, sonra arvad-uşaq sahibi olmalıdır.
Evlənmək üçün isə kişi 5-6 inək fidyə verməlidir. Bu, gəlin almaq üçün minimum qiymətdir. Qız haqqı 15 inəyə qədər çata bilər. Masai qadınları, artıq evli olduqları üçün, ərləri ilə tam sərbəst istədikləri yerə köçə bilərlər. Masailərdə qısqanclıq hissi yoxdur.
Və nəhayət, Masailər orta ömür uzunluğuna görə Afrikaya liderlik edirlər. Bu orta göstərici 70 ildən artıqdır. Onların arasında yüz il yaşamaq qeyri-adi bir şey hesab edilmir. Ancaq bu, yalnız kişilərə aiddir. Qadınlar kişilərdən çox tez dünyasını dəyişirlər.
Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az
