Kölə doğuldu, 67 yaşında Sorbonnada doktorluq müdafiə etdi: 105 illik ömrü ilə tarix yazan qadınbackend

Kölə doğuldu, 67 yaşında Sorbonnada doktorluq müdafiə etdi: 105 illik ömrü ilə tarix yazan qadın

1858-ci ildə kölə ailəsində dünyaya gəldi. 67 yaşında Parisin nüfuzlu Sorbonna Universitetində doktorluq dərəcəsi aldı. 105 il yaşadı. Onun azadlıq haqqında söylədiyi fikirlər bu gün də ABŞ pasportlarında əksini tapır. Söhbət həyatını təhsilə, bərabərliyə və insan ləyaqətinə həsr etmiş, tarixin kölgəsində qalmasına baxmayaraq, unudulmayan qadın – Anna Culiya Kuperdən gedir.

1858-ci ildə Şimali Karolinada dünyaya göz açan balaca qızın taleyi hələ doğulduğu gündən başqalarının əlində idi. Çünki o, qanun qarşısında müstəqil insan deyil, bir başqasının mülkü hesab olunurdu. Anası Hannah Stenli Heyvud kölə idi. Atasının isə böyük ehtimalla ailənin sahibi Corc Vaşinqton Heyvud, yaxud onun qardaşı olduğu bildirilir. Həmin dövrün qanunları Annaya nə hüquq, nə söz haqqı, nə də öz gələcəyini müəyyənləşdirmək imkanı verirdi.

Lakin Anna Culiya Heyvudun həyata baxışı tamamilə fərqli idi. Onun qarşısında qoyulan sərhədləri qəbul etmək niyyəti yox idi.

Köləlik ləğv ediləndə Annanın cəmi yeddi yaşı vardı. O, bir anda azadlığın nə demək olduğunu anlamağa başlayan milyonlarla insandan birinə çevrildi. Ancaq Anna üçün azadlıq yalnız zəncirlərdən qurtulmaq deyildi. O, ilk növbədə təhsil almaq, öyrənmək və özünü inkişaf etdirmək istəyirdi.

1868-ci ildə Rəley şəhərindəki Müqəddəs Avqustin Normal Məktəbinə daxil oldu. Lakin burada da qadınlar üçün qoyulmuş məhdudiyyətlərlə üzləşdi. Ali səviyyəli dərslər əsasən oğlanlar üçün nəzərdə tutulmuşdu. Qızlardan isə yalnız ibtidai biliklərə yiyələnmək və gələcəkdə ailələrini dolandırmağa imkan verəcək qədər təhsil almaq gözlənilirdi.

Anna bu yanaşma ilə razılaşmadı. O, daha yüksək səviyyəli dərslərdə iştirak etmək hüququ tələb etdi. Əvvəlcə etirazlarla qarşılaşsa da, geri çəkilmədi. Nəhayət, istəyinə nail oldu və qısa müddətdə akademik göstəricilərinə görə oğlan tələbələri belə geridə qoydu.

23 yaşında Ohayo ştatındakı Oberlin Kollecinə qəbul olundu. 1884-cü ildə riyaziyyat üzrə bakalavr, 1887-ci ildə isə magistr dərəcəsi aldı. Beləliklə, XIX əsrin sonlarında riyaziyyat sahəsində iki ali elmi dərəcəyə yiyələnmiş afroamerikalı qadınlardan birinə çevrildi. Amma onun hədəfləri bununla bitmirdi.

Təhsili mübarizə vasitəsinə çevirdi

Anna Vaşinqtona köçərək M Street Liseyində müəllim kimi fəaliyyətə başladı. 1902-ci ildə həmin təhsil müəssisəsinin direktoru təyin edildi və ABŞ-da orta məktəbə rəhbərlik edən ilk qaradərili qadınlardan biri oldu.

Onun rəhbərliyi dövründə M Street Liseyi yüksək akademik göstəriciləri ilə seçilən nümunəvi təhsil müəssisəsinə çevrildi. Şagirdlərə latın və yunan dilləri, ali riyaziyyat, klassik ədəbiyyat və digər mürəkkəb fənlər tədris olunurdu.

Həmin dövrdə Amerika cəmiyyətinin böyük bir hissəsində qaradərili insanların intellektual imkanlarına şübhə ilə yanaşılırdı. Anna isə bu stereotipləri sözlə deyil, nəticələrlə dağıtmağa çalışırdı. Onun hazırladığı şagirdlər Harvard, Yel və Oberlin kimi nüfuzlu universitetlərə qəbul olunurdular. Bununla da qaradərili gənclərin yüksək səviyyəli təhsil almaq və akademik uğur qazanmaq imkanlarına malik olduqlarını sübut edirdilər.

Lakin Annanın uğurları hamını sevindirmirdi. Məktəb idarə heyətindəki irqçi qüvvələrin müqaviməti ilə üzləşdi. Müxtəlif bəhanələr və əsassız ittihamlar nəticəsində 1906-cı ildə direktor vəzifəsindən istefa verməyə məcbur edildi.

Ancaq bu hadisə onun mübarizə əzmini qıra bilmədi. O, müəllimlik fəaliyyətini davam etdirdi, yazdı, ictimai müzakirələrdə iştirak etdi və bərabər hüquqlar uğrunda mübarizəsindən əl çəkmədi.

Hələ 1892-ci ildə nəşr etdirdiyi «Cənubdan bir səs» adlı əsərində belə bir fikir səsləndirmişdi:

“Azadlıq uğrunda mübarizə heç bir irqin, məzhəbin, siyasi partiyanın və ya sosial sinfin mübarizəsi deyil. Bu, bütün bəşəriyyətin mübarizəsidir”.

Bu fikir onun bütün həyat fəlsəfəsini ifadə edirdi. Anna üçün azadlıq yalnız bir xalqın və ya müəyyən sosial qrupun problemi deyildi. Bu, hər bir insanın hüququ və bütün cəmiyyətin məsuliyyəti idi.

67 yaşında Sorbonnada tarix yazdı

Anna Culiya Kuperin həyatının ən heyrətamiz səhifələrindən biri isə yaşlı çağlarında başladı. Bir çox insanın artıq təqaüdə çıxdığı, elmi və peşəkar fəaliyyətini başa vurduğu yaşda o, yenidən universitet təhsilinə üz tutdu.

Parisə gedərək Sorbonna Universitetində doktorantura təhsilinə başladı. Tədqiqatlarının əsas mövzusu Fransa tarixi və köləlik idi. Eyni zamanda müəllimlik edir, səfərlərə çıxır və övladlığa götürdüyü uşaqların qayğısına qalırdı.

1925-ci ildə, 66 yaşında, Sorbonnada doktorluq dərəcəsini müdafiə etdi. Bununla da afroamerikalı qadınların akademik tarixində mühüm yer tutdu. Onun bu uğuru yaşın, irqin və cinsin insanın intellektual imkanlarını məhdudlaşdırmadığının parlaq nümunəsi idi.

Lakin Kuper elmi fəaliyyətini də bununla məhdudlaşdırmadı. Ömrünün səksəninci illərinə qədər dərs dedi, işləyən qaradərililərin təhsil alması üçün Frelinqhaysen Universitetinin yaradılmasında iştirak etdi və həyatının sonuna qədər maarifçilik fəaliyyətini davam etdirdi.

105 illik ömür və tarixə həkk olunan fikir

Anna Culiya Kuper qeyri-adi bir tarixi dövrün şahidi oldu. O, köləlik sisteminin mövcud olduğu illəri, onun ləğvini, Yenidənqurma dövrünü, Cim Krou qanunlarının hökm sürdüyü irqçi mühiti, iki dünya müharibəsini və ABŞ-da Vətəndaş Hüquqları Hərəkatının yüksəlişini gördü.

Martin Lüter Kinqin məşhur “Mənim bir arzum var” nitqindən cəmi bir il sonra – 1964-cü ildə, 105 yaşında dünyasını dəyişdi.

Onun azadlıq haqqında fikirləri isə yaşadığı dövrün hüdudlarını aşaraq bu gün də aktuallığını qoruyur. Kuperin adı ilə bağlı olan məşhur aforizm ABŞ pasportlarının səhifələrində də yer alıb:

“Azadlıq uğrunda mübarizə heç bir irqin, məzhəbin, siyasi partiyanın və ya sosial sinfin mübarizəsi deyil. Bu, bütün bəşəriyyətin mübarizəsidir”.

Anna Culiya Kuperin həyat hekayəsi sadəcə uğurlu bir qadının bioqrafiyası deyil. Bu, insan iradəsinin, biliyə olan sonsuz ehtiyacın və ədalətsizliyə qarşı mübarizənin tarixidir.

O, dünyaya kölə kimi gəldi, lakin azad insan kimi yaşadı. Uşaqlıqda ona hüquq tanımayan cəmiyyətin içərisində öz biliyi, zəhməti və əzmkarlığı ilə elmi zirvələrə yüksəldi. Onu susdurmağa, fəaliyyətini məhdudlaşdırmağa çalışdılar, amma o, sona qədər danışdı, yazdı və öyrətdi.

Anna Culiya Kuper (1858–1964) sübut etdi ki, insanın harada və hansı şəraitdə doğulması onun gələcəyini müəyyənləşdirmir. Bəzən bir insanın ömrü bütöv bir cəmiyyətin düşüncəsini dəyişməyə kifayət edir.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*