“komissiya ifaçılara yox, bu musiqiləri yayımlayan kanal rəhbərlərinə irad bildirməlidir” – ƏTRAFLIbackend

"Komissiya ifaçılara yox, bu musiqiləri yayımlayan kanal rəhbərlərinə irad bildirməlidir" - ƏTRAFLI

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Azərbaycanda mahnıların monitorinqini aparması absurddur. İncəsənət azaddır və onu heç kim hər hansı bir çərçivəyə sala bilməz. Yəqin yaşlı nəslin xatirində olar, vaxtilə Bülbül, Vaqif Mustafazadə, Alim Qasımov və digər bu kimi sənətkarların da üslublarına, improvizələrinə şübhə ilə yanaşılırdı. Onların ifası, yaradıcılıq eksperimentləri, muğamın caz və digər müasir musiqilərlə sintezləri birmənalı qarşılanmırdı, bəyənilmirdi, bayağı, Qərb musiqisinə yönəlmiş, milli musiqimizin, muğamımızın məhvinə gətirib çıxaran bir ünsür kimi qiymətləndirilirdi. Amma reallıq budur ki, bu gün həmin sənətkarlar və onların əsərləri zəngin Azərbaycan mədəniyyətinin ayrılmaz bir hissəsinə çevrilib.

Zaman bir yerdə durmur və hər bir sahədə olduğu kimi, mədəniyyət və incəsənət sahəsində də yeniliklər, inkişaf olmalıdır. Yaradıcılıq yenilikləri, yeni ifa üslubları və sair. Bunun nəyi pisdir ki? İfaçıların müxtəlif boğazlarda və ləhcələrdə ifasına gəldikdə, onu deyə bilərəm ki, Azərbaycan multikultural və çoxmillətli bir ölkədir. Müxtəlif bölgələrdə yaşayan insanlar ayrı-ayrı ləhcələrdə danışır, xırda millətlərin nümayəndələri mənəvi tələbatlarını ödəmək üçün həm Azərbaycan, həm də öz dillərində mahnılar oxuyur, şeirlər deyir. Buna Lənkərandakı “NƏNƏLƏR” qrupunu misal çəkmək olar. Belə çıxır ki, onlara efirləri qadağan etməliyik?!

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinə bir sualım var? Monitorinq etdiyiniz mahnıları harada eşitmisiniz? Hər hansı bir marşrutda, taksidə, avtobus dayanacağında, yoxsa Azərbaycan teleməkanında? Sözsüz ki, teleməkanda. Belədirsə, onda komissiyaya məsləhətim budur ki, ifaçılara yox, bu musiqiləri televiziya və radiolarda yayımlayan TV kanallarının rəhbərlərinə öz iradlarını bildirsinlər. O ki qaldı internet və sosial şəbəkələr vasitəsilə bu cür mahnıların yayımına, bu, tam olaraq normal qarşılanan bir məsələdir. Çünki musiqinin müxtəlif janr və üslubları var. Və əgər tələbat varsa, onda mahnını da elə “pul verən”, yəni sosial şəbəkəyə daxil olan dinləyici sifariş edir. Virtual məkanda hər hansı bir qadağadan söhbət gedə bilməz. Yəni, hörmətli Dövlət Dil Komissiyasının başbilənləri, insanların dinlədiyi müxtəlif kateqoriyalı mahnılar var. Unutmayın ki, istər orta statistik ziyalı vətəndaşın, istər sadə kəndlinin, istərsə də hər hansı bir islah əmək müəssisəsində cəza çəkən cinayətkarın öz dünyagörüşünə görə həzm elədiyi, ruhunu oxşayan havası var.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*